Məhkəmə qərarları › İş №3(004)-6592/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6592/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6592/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə 09 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə ünvanında yerləşən “3 Tac” yaşayış kompleksinin arxa hissəsində (Şəxs MMC) MMC tərəfindən aparılan tikinti abadlaşdırma işləri zamanı köküstə yaş bioloji inkişafda olan 1 ədəd ayland (d=13 sm) və 1 ədəd innab (d=5 sm) ağacı məhv edilmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolda sübut kimi fotoşəkillərə, xx.xx.2025-ci il tarixli 93055 №-li akta və xx.xx.2024-cü il tarixli baxış aktına istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 təqdim edərək və inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsin baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 19 avqust 2025-ci il tarixli, 93055 nömrəli aktdan görünür ki, 12 avqust 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə ünvanında yerləşən “3 Tac” yaşayış kompleksinin arxa hissəsində aşağıdakılar aşkar edilmişdir: ünvan 2 ünvanında yaşayan Masər Həsənov tərəfindən Nazirliyin “168” “Çağrı Mərkəzinə” “kol və ağac icazə alınmadan çıxarılıb, hansı ki, Nazirlik olaraq sakinlərə icazə verilməmişdi (İD:31122)”. Daxil olmuş müraciət tərəfimizdən özünü şifahi olaraq Şəxs MMC-nin əməkdaşı kimi təqdim edən Xəyal adlı şəxsin (tel: ***-***-**-**) iştirakı ilə, yerində araşdırılmışdır. Araşdırma müddətində MMC-nin əməkdaşı Xəyal adlı şəxsin iştirakı ilə sözügedən əraziyə (yaşayış kompleksinin arxa hissəsi) keçirilən baxış zamanı xx.xx.2024cü il tarixli 882 nömrəli baxış aktı ilə qeydiyyata alınmış köküstə yaş bioloji inkişafda olan yaşıllıqlardan 1 ədəd ayland (dm=13 sm) və 1 ədəd innab (dm=5 sm) ağacının aparılan təmir-tikinti işləri zamanı məhv edildiyi müəyyən olunmuşdur. Araşdırma müddətində MMC-nin əməkdaşı ərazidə görülən abadlıq işləri zamanı yaşıllıqların məhv edildiyini bildirmişdir. Həmçinin şikayətçi Masər Həsənov tərəfindən təqdim olunmuş videogörüntülərdə ətraf ərazidə olan və qeydiyyata alınmayan digər yaşıllıqların da məhv edilməsi faktı öz əksini tapmış, lakin kök hissələri tam şəkildə götürüldüyündən təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi mümkün olmamışdır. Bununla da aşkar olunmuş faktla əlaqədar Azərbaycan Respublikasının “Ekoloji təhlükəsizlik haqqında” Qanununun 10; 13-cü maddələrinin tələbləri pozulmuş, Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydaları”nın tələblərinin yerinə yetirilmədiyi müəyyən edilərək, yaşıllıqlara dəymiş ziyan Nazirlər kabinetinin 2016cı il 27 oktyabr tarixli 421 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən hesablanmışdır. Araşdırma müddətində əldə olunan sənədlər, təbiətə dəymiş ziyan cədvəli, fotoşəkillər, xx.xx.2024-cü il tarixli 882 nömrəli baxış aktı akta əlavə edilir. Həmçinin akt onu tərtib edən İdarənin əməkdaşları və Şəxs MMC-nin əməkdaşı Xəyal adlı şəxsin iştirakı ilə tərtib edilmiş, lakin MMC-nin əməkdaşı Xəyal adlı şəxs aktı imzalamaqdan imtina etmişdir. İnzibati xəta haqqında 09 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə ünvanında yerləşən “3 Tac” yaşayış kompleksinin arxa hissəsində (Şəxs MMC) MMC tərəfindən aparılan tikinti abadlaşdırma işləri zamanı köküstə yaş bioloji inkişafda olan 1 ədəd ayland (d=13 sm) və 1 ədəd innab (d=5 sm) ağacı məhv edilmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolda sübut kimi fotoşəkillərə, xx.xx.2025-ci il tarixli 93055 №-li akta və xx.xx.2024-cü il tarixli baxış aktına istinad edilmişdir. Müxtəlif illərə aid “Google Earth” proqramından çıxarılmış peyk şəkillərindən görünür ki, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə ünvanında yerləşən “3 Tac” yaşayış kompleksinin arxa hissəsində bir neçə ağacın bir-birindən müxtəlif məsafələrdə olması görünür. Peyk görüntülərində yalnız böyük ağaclar görünür, kiçik ağacların olub-olmamasını isə həmin fotoşəkilə əsasən müəyyən etmək mümkün deyil. Fotoşəkillərdən görünür ki, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə ünvanında yerləşən “3 Tac” yaşayış kompleksinin arxa hissəsində ağaclar kökboğazından kəsilmişdir. Kökboğazından kəsilmiş ağacların hər birinin ayrı-ayrılıqda foto şəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 16 dekabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə ünvanında yerləşən “Üç Tac” yaşayış binasının arxasındakı yaşıllıq sahədə aparılan işlərə maneçilik yaradan ağacların köçürülməsi ilə bağlı DEEAdan idarəyə daxil olan xx.xx.2024-cü il tarixli məktubla əlaqədar İdarənin baş məsləhətçisi İlqar Məmmədov və məsləhətçisi Tərlan Məmmədov tərəfindən yerində baxış keçirilmiş, baxış keçirilən zaman sözügedən ünvanda yerləşən yaşayış binasının arxasındakı yaşıllıq sahədə köküstə bioloji inkişafda olan 1 ədəd ayland (d=13 sm), 2 ədəd murdarça (d=25,27 sm), 1 ədəd innab (d=5 sm) ağacının və 1 ədəd əncir kolunun olduğu müəyyən edilmiş, ağacların fotoşəkilləri çəkilmiş və akta əlavə olunmuşdur. Baş məsləhətçi Amir Seyidli tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, 1 ədəd ayland ağacı (diametri 13 sm) və 1 ədəd innab ağacı (diametri 5 sm) məhv edilməsi ilə əlaqədar dəymiş ziyanın ümumi məbləği 1500 manat təşkil etmişdir. X5 tərəfindən Nazirliyin qaynar xəttinə edilmiş İD nömrəsi 31122 olan müraciətdən görünür ki, müraciət xx.xx.2025-ci il tarixdə saat 17:33:19 dəqiqədə daxil olmuş, müraciətin məzmunu isə - “kol və ağac icazə alınmadan çıxarılıb. Hansı ki, nazirlik olaraq sakinlərə icazə verilməmişdi” şəklində olmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanan 22 aprel 2025-ci il tarixli, 3-14- 22/2-607/2025 nömrəli məktubdan görünür ki, məktubun mətni “Yasamal rayonu, X7 prospekti, 593-cü məhəllə ünvanında yerləşən “Üç tac” yaşayış kompleksinin yaxınlığında, yeni idman meydançası yaradılması nəzərdə tutulan sahədəki ağacların götürülməsinə rəy verilməsi barədə 2025-ci il 13 fevral tarixli, 5=21/2=kol=186=144/25 nömrəli məktubunuza baxılmışdır. Məsələ ilə əlaqədar nazirliyin müvafiq əməkdaşları tərəfindən yerində baxış keçirilərək təqdim edilən məlumatlar komissiya şəklində müzakirə edilmiş və ərazidəki mövcud yaşıllıqların mühafizəsi istiqamətində qərar qəbul edilmişdir. Odur ki, sözügedən ünvandakı yaşıllıqların köküstə inkişafda qalması təmin edilməlidir” məzmunda olmuşdur. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 10-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin vəzifələri aşağıdakılardır: 10.0.1. yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək; 10.0.2. yaşıllıqların zibillənməsinə, tullantılarla çirklənməsinə yol verməmək; 10.0.3. yaşıllıqlarda yanğın təhlükəsizliyinə əməl etmək. 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X3sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X3sının obyekti olan və X3sının müsbət rəyi olan layihə həyata keçirildikdə. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 253.3.1-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsi - şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. 253.3.1-ci maddəsinin Qeydinin 3-cü bəndinə əsasən bu Məcəllənin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kolların zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə ünvanında yerləşən “3 Tac” yaşayış kompleksinin arxa hissəsində Şəxs MMC tərəfindən aparılan tikinti abadlaşdırma işləri zamanı köküstə yaş bioloji inkişafda olan 1 ədəd ayland və 1 ədəd innab ağacı məhv edilmişdir. Belə ki, 16 dekabr 2024-cü il tarixli baxış protokolu, 19 avqust 2025-ci il tarixli, 93055 nömrəli akt, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanan 22 aprel 2025-ci il tarixli, 3-14-22/2-607/2025 nömrəli məktubu, ərazinin daha öncəki peyk görüntüləri, kəsilmiş ağacların köklərinin fotoşəkilləri, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının tərtib etdikləri aktla 02 ədəd yaş ağacın kökboğazından kəsilməsi öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ağacların məhv edilməsi ilə bağlı Şəxs MMC-nin əməkdaşı kimi Xəyal adlı şəxsin aktın tərtib edilməsində iştirakı 02 ədəd ağacın məhz Şəxs MMC tərəfindən kəsilərək məhv edilməsini bir daha təsdiq edir. Bundan əlavə qeyd edilməlidir ki, X5un Nazirliyin qaynar xəttinə ünvanladığı İD nömrəsi 31122 olan müraciətinin - “kol və ağac icazə alınmadan çıxarılıb. Hansı ki, nazirlik olaraq sakinlərə icazə verilməmişdi” məzmunu, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanan 22 aprel 2025-ci il tarixli, 3-14-22/2-607/2025 nömrəli məktubu, cədvəl, fotoşəkillər, 16 dekabr 2024-cü il tarixli baxış protokolu, 19 avqust 2025-ci il tarixli, 93055 nömrəli akt ilə sübut olunur ki, Şəxs MMC törətdiyi inzibati xətaya görə, yəni onların tərəfindən ağacların kəsilib məhv edilməsinə görə məsuliyyət daşıyır. Göründüyü kimi 16 dekabr 2024-cü il tarixli baxış protokolunda məhv edilmiş ağacların Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə ünvanında yerləşən “3 Tac” yaşayış kompleksinin arxa hissəsində mövcud olduğu göstərilir. Həmçinin vətəndaş şikayətində həmin ağacların kəsilməsinə onlara belə icazə verilmədiyini bildirmiş, bundan başqa Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanan 22 aprel 2025-ci il tarixli, 3-14-22/2-607/2025 nömrəli məktubda da ərazidəki mövcud yaşıllıqların mühafizəsi istiqamətində qərar qəbul edildiyi, sözügedən ünvandakı yaşıllıqların köküstə inkişafda qalmasının təmin edilməli olduğu göstərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə inzibati xəta haqqında protokol, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 19 avqust 2025-ci il tarixli, 93055 nömrəli akt, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanan 22 aprel 2025-ci il tarixli, 3-14-22/2- 607/2025 nömrəli məktub, 16 dekabr 2024-cü il tarixli baxış protokolu, “Google Earth” proqramından çıxarılmış ərazinin əvvəlki vəziyyətinə dair peyk şəkli, ərazidə çəkilmiş fotoşəkillər (ağacların kök boğazından kəsilməsi və Şəxs MMC-yə məxsus ərazidə tikinti işlərinin aparıldığı yerdə olması), proses iştirakçısının izahatı ilə Şəxs MMC tərəfindən tikinti işləri ilə əlaqədar Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə ünvanında yerləşən “3 Tac” yaşayış kompleksinin arxa hissəsində köküstə yaş bioloji inkişafda olan diametri 13 sm olan 1 ədəd ayland və diametri 5 sm olan 1 ədəd innab ağaclarının qanunsuz olaraq kəsilib məhv edilməsi tam sübuta yetirilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və ASC-nin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır. Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.4cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin “barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Plenum yekunda qeyd etmişdir ki, belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Məhkəmə razılaşır ki, İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələri inzibati tənbehlərin yuxarı hədlərini müəyyən etmişdir. Lakin, xətaların məcmusu zamanı tətbiq ediləcək cərimə və ya digər tənbehlərin tam toplanılmalı olması ilə bağlı müddəaları nəzərdə tutmamış, İXM-in 34.4-cü maddəsi xətaların məcmusu yarandıqda təyin edilmiş az ciddi tənbehin daha ciddi tənbehlə əhatə etmək yolu ilə və ya təyin olunmuş tənbehin tamamilə və ya qismən toplamaq yolu ilə qəti tənbeh təyin edilmə qaydasını müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, inzibati xətaya mübasibətdə cinayət daha ictimai təhlükəli olmaqla şəxsə daha ağır məhrumiyyətlər yaradılmasından və ya hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Lakin, Cinayət Məcəlləsinin 66-cı maddəsi cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını müəyyən etmiş, bunu az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi kimi təsbit etmişdir. Cinayət Məcəlləsində cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasının müəyyən edilməsi, lakin daha az ictimai təhlükəli – inzibati xətaya münasibətdə xətaların məcmusu üzrə tənbehin təyin edilməsi qaydasının müəyyən edilməməsi ədalətlilik və qanunçuluq prinsipi ilə uzlaşmamışdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Eyni Məcəllənin 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 66-cı maddəsinin tətbiqi məsuliyyətə cəlb olunmaya, hüquqların məhdudlaşdırılmasına və vəzifələrin müəyyən edilməsinə səbəb olmadığından, əksinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini yaxşılaşdırdığından həmin maddənin tətbiqini məhkəmə mümkün görünür. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyrimüəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1ci maddəsinin dispozisiyasında “hər bir ağacın və ya kollara görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş əməllər hər biri ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxsin əmlak vəziyyəti cərimənin ölçüsünün müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Lakin Şəxs əmlak vəziyyəti müəyyən edilməmiş və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, məhv edilmiş ağacların diametrinin kiçik olması onların nisbətən gənc və bioloji inkişaf mərhələsində olmalarını göstərir ki, bu da törədilmiş inzibati xətanın ictimai təhlükəliliyini müəyyən qədər azaldan hal kimi qiymətləndirilməlidir. Ağacların həcminin və biokütləsinin az olması nəticəsində ətraf mühitə dəymiş faktiki zərər də məhdud xarakter daşıyır. Eyni zamanda, iş materiallarında Şəxs MMC-nin əmlak və maliyyə vəziyyəti barədə məlumatların təqdim olunmaması inzibati cəzanın fərdiləşdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş ədalətlilik və proporsionallıq prinsiplərinə görə, hüquqi şəxsə tətbiq edilən cərimənin onun maliyyə vəziyyətinə uyğun olması vacibdir. Qanunvericiliyə əsasən, hər bir ağacın qanunsuz kəsilməsinə görə 35.000 manat məbləğində cərimənin edilməsi mümkündür. Bununla belə, yuxarıda qeyd edilən hallar, yəni məhv edilmiş ağacların diametrinin və biokütləsinin kiçik olması, eləcə də törədilmiş inzibati xətanın ictimai təhlükəliliyinin nisbətən az olması nəzərə alınmaqla, törədilmiş inzibati xətanın xarakterinə, vurulmuş zərərin miqyasına və ədalətlilik prinsipinə tam uyğun gəldiyindən, Şəxs MMC-nin 35.000 manat məbləğində cərimə edilməsi ədalətli olmaqla, qanuni və əsaslı hesab edilir. Beləliklə, məhkəmə qanunun analogiyasını tətbiq edib Cinayət Məcəlləsinin 66-cı maddəsinin müddəalarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini müəyyən edilməsinin mümkün olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, hər bir ağaca münasibətdə (İXM-nin 253.3.1-ci maddənin qeydinə əsasən) otuz beş min manat cərimə tənbehi tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü və 25.4-cü maddələri nəzərə alınmaqla və Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş inzibati cərimə tənbehlərini əhatə etmək yolu ilə qəti cərimənin məbləği 35.000 manat həddində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək ona hər bir ağaca münasibətdə (İXM-nin 253.3.1-ci maddənin qeydinə əsasən) 35.000 manat cərimə tənbehi tətbiq olunsun və həmin Məcəllənin 34.4 və 25.4-cü maddələri nəzərə alınmaqla, tətbiq edilmiş inzibati cərimə tənbehlərini əhatə etmək yolu ilə qəti cərimə tənbehinin məbləği 35.000 manat həddində müəyyən edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində AR İXM-nin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar