Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6607/2024 03.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-416/2024 saylı,xx.xx.2024cü il tarixli vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-416/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs, 14 avqust 2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını qismən təmin etmiş, icra sənədinin icrasını tam şəkildə yerinə yetirməmiş, icra məmurunun qanuni tələblərini qismən yerinə yetirmişdir. Beləliklə borclu şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, ümumilikdə borc məbləğindən hazıradək 2116 manat, o cümlədən bu gün də 500 manat ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədindən xəbərdar olduğunu təsdiq edərək bildirmişdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir, buna görə də iş tapa bilmir. Səhhəti və maddi vəziyyəti ilə əlaqədar yəni özündən asılı olmayan səbəbdən tələbi tam şəkildə icra edə bilməmişdir. Aliment borcunu tam şəkildə ödəyə bilməsə də, ümumilikdə indiyədək 2116 manat hissəhissə ödənişlər etmiş və hazırda da 500 manat məbləğində ödəniş edərək qəbzləri məhkəməyə təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-416/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs, 14 avqust 2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-416/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və borclu Şəxs tələbin icrası üçün bildiriş təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 35223 və 35224 nömrəli qəbzlərdən görünür ki, “eManat” ödəniş terminalı vasitəsi ilə X4 bank hesabına ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən icra qurumunun depozit hesabına ümumilikdə 1000 (bir min) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 həkim psixiatr komissiyası tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 4321 nömrəli rəyindən görünür ki, Şəxs qıcolma-epilepsiya xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən X7 barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, icra məmuru, borclu tərəfindən tələbin könüllü icra edilməsindən imtina edilmədiyi halda, yəni inzibati xəta hadisəsi olmadığı halda əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs bu günədək sonuncu dəfə xx.xx.2024-cü il tarixdə olmaqla hissə-hissə ümumilikdə 2116 manat məbləğində aliment ödəmişdir. Yəni 2(001)-416/2024 saylı icra vərəqinə əsasən tələbi qismən yerinə yetirmişdir və borclunun alimentin ödənilməsindən qərəzli şəkildə yayınma halı mövcud deyildir. İcra sənədinin icrasından əsassız yerə yayınmaq faktı aşkar edilmədiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6607/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6607/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver