Məhkəmə qərarları › İş №3(004)-6619/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6619/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6619/2024 27.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmasından yayınması göstərilələrək, onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Nümayəndə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, MMC –nin 2022-ci il üzrə mənfəət vergi bəyannaməsi kiçik sahibkar kimi verilmişdir. Audit aparılması illik olduğundan və MMC kiçik sahibkarlıq subyekti olduğuna görə müstəqil auditor cəlb edilməmişdir. Qeyd edilən faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Beləliklə, MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə tərtib edilən protokol qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə ona qarşı tərtib edilən protokol üzrə icraata xitam verilməsininə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, "xxxx" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamasına görə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı barədə hüquqi şəxsə məlumat verilmişdir. İş materiallarında olan 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsindən görünür ki, "xxxx" MMC kiçik sahibkarlıq subyektidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına” əsasən kiçik sahibkar subyekti olmaq üçün işçilərin orta siyahı sayı 11-50 nəfər arası, eləcə də illik gəliri 200 min manatdan 3 milyon manatadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 91.4-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.Məhkəmə, tərəfi dinləyərək iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, "xxxx" MMC-nin İXM-in 464-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göründüyü kimi "xxxx" MMC kiçik sahibkarlıq subyekti oluğu üçün illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmək vəzifəsindən azad olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXMin 464-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata cəmiyyətin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar