Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-663/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X2 iştirakı, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 DİN Baş DYPİ-nin EQ 12872068 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 DİN Baş DYPİ-nin EQ 12872068 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, özünə məxsus “KİA Optima” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Əsgərov küçəsi ilə üzü “Caspian Plaza” istiqamətində hərəkət edərkən svetoforun qadağanedici işarəsi, yəni qırmızı işıqda yolayrıcının müəyyən edilmiş yerində, stop xəttinin qarşısında avtomobilini dayandırmışdır. Lakin, svetoforun işlək olmasına baxmayaraq yol, yolun hərəkət hissəsində dayanmış və əlində jizel olan DYP Yol Patrul xidmətinin əməkdaşı tərəfindən nizamlanırdı. Hərəkət etdiyi istiqamətdə svetoforun qadağanedici işarəsinin olmasına baxmayaraq nizamlanan yolun hərəkət hissəsində dayanmış DYP YPX əməkdaşı əlində olan jizel ilə hərəkəti dayandırmamağı və svetoforun qırmızı işığı yanmasına baxmayaraq hərəkəti davam etdirməyi tələb edirdi. O da digər hərəkət iştirakçıları kimi YPX əməkdaşının qanuni tələbini yerinə yetirərək svetoforun qırmızı işığında hərəkətini davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə özünə məxsus asanpay elektron sistemində xx.xx.2023-cü il tarixində YPX əməkdaşının qanuni tələbinə əməl edib hərəkəti davam etdirdiyi vaxtda onun İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat və 3 bal həddində cərimə olunduğu müəyyən olunmuşdur. Asanpay elektron sisteminə əlavə edilmiş video materialdan açıq görünür ki, YPX inspektoru yolun hərəkət hissəsində dayanmış və avtomobillərin hərəkəti davam etdirməsi üçün əlində olan jizel ilə aidiyyəti hərəkəti göstərir. Qeyd edilənlərə əsasən qərar qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri X7 İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. X3 İXMnin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin faktının videosu qeydə alınmışdır. Hadisənin baş verməsini özündə əks etdirən video görüntüdən də görünür ki, şikayətin dəlili kimi göstərilən “DYP əməkdaşının ona hərəkətin davam etdirilməsi ilə bağlı göstəriş verməsi” ilə bağlı hallar əsassızdır.Belə ki, görüntüdən də göründüyü kimi yol patrul xidmətinin əməkdaşı Çingiz Məmmədzadənin hərəkətdə olan istiqamət üzrə deyil, əks istiqamətdə hərəkət edən və yolun hərəkət istiqaməti tamamilə boş olan istiqamətdə olan avtomobillərə hərəkətlərinin davam etdirilməsi ilə bağlı göstəriş verir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. X3 ərizə ünvanlayaraq onun iştirakı olmadan şikayətə baxılmasını və inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati təhbeh tətbiq edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN Baş DYPİ-nin EQ 12872068 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə, idarə etdiyi “Kia Optima minik” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Yasamal rayonu, Tbilisi pr., H.Əsgərov küç., Caspian Plazaya Bakıxanov istiqamətində nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsinə görə barəsində protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Kia Optima minik” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, Tbilisi pr., H.Əsgərov küç., Caspian Plazaya Bakıxanov istiqamətində nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsi öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə şikayətin dəlilləri ilə bağlı bildirir ki, yolu nizamlayan polis əməkdaşı heç bir halda Ç.Məmmədzadəyə hərəkətinin davam etdirilməsi ilə bağlı göstəş verə bilməzdi. Birincisi ona görə ki, belə bir göstəriş mənasız olardı və ağlabatan hesab edilə bilməz çünki, video görüntüdən də görünür ki, svetofordan dərhal sonra sıx tıxac vardır. Belə olan halda Ç.Məmmədzadənin avtomobili svetoforla nizamlanan yolu keçdikdən dərhal sonra mütləq şəkildə dayanmalı və əlavə tıxac yaratmalı olacaqdır. İkincisi video görüntüdən də görünür ki, yolu nizamlayan polis əməkdaşı Ç.Məmmədzadənin avtomobilinin dayandığı yerdən uzaqda olmala, həm də yolun digər hərəkət istiqamətində dayanmışdır və orada hərəkət edən avtomobillərə hərəkətlə bağlı işarə verir. Digər tərəfdən videogörüntüdən məhs yolun həmin istiqamətinin boş olması da müşahidə edilir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ və İİ hissələrində imperativ qaydada qeyd edilmişdir ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, Tbilisi pr., H.Əsgərov küç., Caspian Plazaya Bakıxanov istiqamətində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, EQ 12872068 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və DİN Baş DYPİ-nin EQ 12872068 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 DİN Baş DYPİ-nin EQ 12872068 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-663/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-663/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver