Məhkəmə qərarları › İş №3(004)-664/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-664/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-664/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X1, Barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək və məhkəməyə sənədlər təqdim edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən uyğunluq sertifikatı olmadan divan satılmışdır. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X5 məhkəməyə sənədlər təqdim edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edən qurum öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 343 nömrəli qərarına istinad etmiş və buna uyğun olaraq mebel məhsulları üçün məcburi şəkildə sertifikat alınmalı olduğunu qeyd etmişdir. Lakin həmin qərara diqqətlə baxdıqda müəyyən etmək olur ki, mebel məhsulları məcburi sertifikatlaşdırılmalı olan mallar siyahısına aid deyildir, sadəcə təhlükəsizliyi təmin edilməli olan mallar siyahısında qeyd edilmişdir, həmin qərarın özündə belə yanğın təhlükəsizliyi sahəsində istifadə olunan məhsul və xidmətlərin məcburi qaydada sertifikatlaşdırıldığı açıq şəkildə qeyd olunur. Mebel məhsulları da məcburi sertifikatlaşdırılması tələb olunan mallar sırasında olsa idi, yanğın təhlükəsizliyi sahəsində olan mallar kimi xüsusilə qeyd edilər və qərarda göstərilərdi. Qanunvericilikdə dərman vasitələrinin, telekommunikasiya vasitə və qurğularının və s. Azərbaycan Respublikası ərazisində məcburi sertifikatlaşdırılması müəyyən olunmuş, buna dair tələblər müvafiq normativ-hüquqi aktlarda əksini tapmışdır, lakin heç bir normativ-hüquqi aktda mebel məhsulları məcburi sertifikatlaşdırılmalı məhsul kimi qeyd olunmur. İnzibati məsuliyyəti müəyyən edən və inzibati xətaları özündə əks etdirən AR İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində də qeyd olunur ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət yaranır. Göründüyü kimi İXM-də açıq şəkildə inzibati məsuliyyətin yaranması və inzibati xəta tərkibinin olması üçün, əsas şərt kimi məhsulun qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan məhsul olması göstərilmişdir. Digər tərəfdən, AR NK-nin xx xxxx 1993-cü il tarixli, 343 nömrəli qərarında açıq şəkildə qeyd olunur ki, həmin qərara təhlükəsizliyi təmin edilməli olan malların siyahısı əlavə olunur, yəni məcburi qaydada sertifikatlaşdırılmalı olan malların siyahısı əlavə edilməmişdir. Buna baxmayaraq həmin qərarın 3.1.4-cü bəndində göstərilir ki, məcburi sertifikatlaşdırmaya aid məhsulların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunur və ona ildə bir dəfədən az olmamaq şərtilə yenidən baxılır. Göründüyü kimi normativ sənədi qəbul edən qurum məcburi sertifikatlaşdırma sözündən qərarda bir neçə dəfə istifadə edir, belə olan halda, mebel məhsullarının göstərildiyi siyahının başlığında da təhlükəsizliyi təmin edilməli olan sözü əvəzinə məcburi sertifikatlaşdırılmalı olan mallar qeyd olunardı. Mövqelərini tam şəkildə sübut edən bir digər əsas odur ki, sözügedən qərara xx xxxx 1998-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 470) ilə “Təhlükəsizliyi təmin ediləcək məhsulların siyahısına” “Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısı” əlavə edilmişdir. Göründüyü kimi AR NK-i məcburi şəkildə sertifikatlaşdırılmalı olan malların siyahısını ayrıca qərarla müəyyən etmişdir. Təhlükəsizliyi təmin ediləcək mallar dedikdə, sertifikatlaşdırılmalı olan mallar başa düşülür, lakin bu ifadə məcburi olaraq sertifikatlaşdırmanı nəzərdə tutmur. Bunu qərarın 1-ci bəndindən də görmək olur. Həmin bəndə görə, 1994-cü il yanvarın 1-dən etibarən respublikada məhsulların (işlərin, xidmətlərin) insan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının birbaşa və mühüm təhlükələrdən və ya mühüm zərərlərdən qorunması üçün təhlükəsizlik göstəriciləri üzrə mərhələlərlə sertifikatlaşdırılması tətbiq edilməlidir. Lakin bu sertifikatlaşdırma məcburi deyildir, çünki məcburi olduğu halda qərarı qəbul edən qurum bunu ayrıca vurğulayır və qeyd edir, çünki hüquqi məsuliyyət də məcburi sertifikatlaşdırma həyata keçirilmədikdə yaranır. Bunu təsdiq edən bir digər əsas da, AR NK-nin xx xxxx 1993-cü il tarixli, 343 nömrəli qərarına əsasən qəbul edilmiş, Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında xx xxxxxx 1998-ci il tarixli, 175 nömrəli qərardır. Həmin qərara məcburi sertifikatlaşdırılmalı malların siyahısı əlavə olunur və siyahının başlığında məcburi ifadəsi xüsusilə qeyd olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edən qurumun istinad etdiyi AR NK-nin xx xxxx 1993-cü il tarixli, 343 nömrəli qərarına əsasən, mebel məhsullarının təhlükəsizliyi təmin ediləcək məhsul olması müəyyən olunsa da, bu məhsullar üçün məcburi şəkildə sertifikat alınmalı olması nə həmin qərarda, nə də başqa normativ-hüquqi aktda müəyyən olunmur. Protokol tərtib edən qurum hüquq normasını özünə sərf edən formada şərh etmiş və təhlükəsizliyi təmin ediləcək ifadəsini məcburi sertifikat alınmalı olan ifadəsi ilə bir tutmuşdur. Lakin hüquq norması normativ-hüquqi aktlar haqqında konstitusiya qanununa əsasən oxunduğu kimi başa düşülür və başqa şəkildə təfsir edilə bilməz, təfsir ediləcəksə də, bunu yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi edə bilər. Yuxarıda sadalanan qərarlarda məcburi sertifikatlaşdırma ifadəsi açıq şəkildə qeyd olunduğundan, hətta yanğın təhlükəsizliyi sahəsində istifadə olunan mallarda bu ifadə birbaşa göstərildiyindən təhlükəsizliyi təmin ediləcək ifadəsini məcburi sertifikatlaşdırma ifadəsi ilə eyniləşdirilə bilməz. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən uyğunluq sertifikatı olmadan divan satıldığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddələrinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət yalnız həmin malların məcburi sertifikatlaşdırılmalı olduğu halda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC divan satışı ilə məşğul olmuş, buna görə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidməti tərəfindən MMC barəsində İXM-nin 447.0.4-cü maddəsinin tələbləri pozulduğuna görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 343 nömrəli qərarına əlavə edilmiş “məcburi qaydada sertifikatlaşdırılmalı olan malların siyahısı”nda mebel məhsulları qeyd edilməmişdir. Əksinə mebel məhsulları “təhlükəsizliyi təmin edilməli olan malların siyahısı”nda qeyd edilmişdir. Göründüyü kimi, mebel məhsulları məcburi sertifikatlaşdırılmalı olan mallar siyahısına aid deyildir, sadəcə təhlükəsizliyi təmin edilməli olan mallar siyahısında qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin tərkibinin yaranması üçün isə məcburi sertifikatlaşdırılmalı olan malların belə sertifikalaşdırma olmadan istehsalı, satılması və s. mövcud olmalıdır. Göründüyü kimi, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin tərkibi yoxdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müraciətçinin şikayət ərizəsindən görünür ki, şikayətçi X6 03 ay əvvəl “Kontakt Home” mağazalar şəbəkəsinin internet səhifəsindən 1300 manata divan aldığını, bir ay sonra alınmış malda qüsur aşkarlandığını qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırkı halda isə divan satıldığı gündən üç aydan artıq müddət keçmişdir. Yəni, Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi olsaydı belə, İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 53.0.6, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar