Məhkəmə qərarları › İş №3(004)-6652/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6652/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6652/2025 07.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 02 may 2025-ci il tarixdə idarə etdiyi “Honda İnside (Hıbrıd) minik” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yaşayan xx.xx.1990-ci il təvəllüdlü X2 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 364 saylı ekspert rəyindən görünür ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol said və sağ əlin V barmağının əzilmiş-cırılmış yaraları, sol baldır nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Baxış aparılması haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu,Moskva prospektidir. 31 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Honda İnsight markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, materialın saxlanılması üçün Yasamal RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. 31 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı əsasında toplanmış HK-1/640 saylı materialda cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Honda İnsight” markalı **-HP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, materialın saxlanılması üçün Yasamal RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. 21 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 may 2025-ci il tarixdə idarə etdiyi ”Honda İnsight” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yaşayan xx.xx.1990-ci il təvəllüdlü X2 yüngül dərəcəli bədən xəsarəti yetirmiş, nəticədə Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 tərəfindən Yasamal RPİ-də verilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Yasamal rayon, Moskva prospektində yerləşən “Tam Store” mağazasının yaxınlığında ayıq sürücü qismində gətirib və daha sonra piyada “Alov” zavodunu keçib, dayanacağın yanında özünə taksi sifariş verib. Taksi yolun hərəkət hissəsinin sağdan üçüncü zolağında saxlayıb və o yolun sağ kənarından yolun hərəkət hissəsinə daxil olub yaxınlaşan zaman, arxa tərəfində, yəni yolun sağdan ikinci zolağında hərəkət eden “Honda İnsight” markalı avtomobil sol güzgüsü ilə onu vurub. Nəticədə yüngül dərəcəli bədən xəsarəti almışdır. Şəxs tərəfindən Yasamal RPİ-də verilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 30 aprel 2025-ci il tarixdən etibarən gündəlik 28 manat pul müqabilində Euro Park şirkətinə məxsus “Honda İnsight” **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobili etibarnamə və B dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 02 may 2025-ci il tarixdə təxminən saat 01 radələrində həmin avtomobillə Yasamal rayonu Moskva prospekti ilə yolun həərkət hissəsinin sol zolağı ilə, təxminən 55 km/saat sürətlə üzü ”20Yanvar” dairəsi istiqamətinə gedib Alov zavodunu keçəndən sonra sağ hərəkət zolağına keçərək yaşadığı eve getmək istəyərkən sol zolaqdan sağ zolağa keçmək üçün manevr eden zaman qarşıda yolu piyada sağdan sola keçmək istəyən piyadanı görməyib avtomobilin sol yan güzgüsü ilə qolundan vurub. Piyada xəsarət aldığına görə TTYS-na və DİN-nin 102 Xidmətinə zəng edib hadisə barədə məlumat verib. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Honda İnsight” **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 02 may 2025-ci il tarixdə ehtiyatsızlıq ünvan 2 ünvanında yaşayan xx.xx.1990-ci il təvəllüdlü X2 yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” sonuncu qərar 31 may 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında 21 avqust 2025-ci il tarixli protokol 18 sentyabr 2025-ci il tarixdə məhkəməyə göndərilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 23 sentyabr 2025-ci il tarixdə daxil olmuş, məhkəmə iclası isə xx.xx.2025-ci il tarixə, saat 16:10-a təyin edilmişdir ki, bununla da həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 38.3, 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 21 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar