Məhkəmə qərarları › İş №3(004)-666/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-666/2021

10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-666/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, X5 küçəsində öz nəqliyyat vasitəsindən düşüb “Kapital Bankın” ATM-nə yaxınlaşanda polis əməkdaşı (protokolu tərtib etmiş H.Məmmədli olmamışdır) mülki nəqliyyat vasitəsindən (Opel Astra 90ZL406 qara rəng) düşərək ona yaxınlaşmış, tibbi maskadan istifadə etmədiyini bildirmiş şəxsiyyət vəsiqəsini tələb etmiş və öz şəxsi telefonuna çəkərək ərazidən uzaqlaşmışdır. Bununla bağlı ona heç bir protokol təqdim edilməmişdir. Avtomaşında əyləşən digər polis əməkdaşının özünü təqdim etməsini istəmiş, əvvəl etiraz etmiş daha sonra Quliyev Vəli olduğunu demişdir. Ona “Asanpay” kabinetinə isə xx.xx.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 211 maddəsinə istinadən protokol qərarlı olaraq yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə 102 xidməti və DİN karantin rejiminin tətbiqi ilə bağlı yaradılmış “qaynar xətt” ilə əlaqə saxlayıb şikayətini bildirmiş. Şikayət əsasında ona inzibati xəta haqqında protokolun H.Məmmədli tərəfindən tətbiq edildiyini öyrənmişdir. Bununla bağlı etdiyi şikayətə cavab isə xx.xx.2021-ci il tarixdə “email” ünvanına göndərilmişdir. Məktubda həmin protokolun ləğvi düzgün tərtib edilmədiyi təsdiqləndiyi halda müvafiq məhkəmə orqanı tərəfində həyata keçirildiyi qeyd olunmuşdur. O isə məhkəməyə müraciət etmək üçün həmin protokolun və qərarın surətini dəfələrlə müraciətindən sonra yalnız xx.xx.2021-ci il tarixdə Yasamal Rayon 28-ci Polis Bölməsindən götürə bilmişdir. Hesab edir ki, tərəfindən hazırda mübahisələndirilən inzibati xəta haqqında protokol əsassız tərtib edilmişdir. Belə ki, H.Məmmədli adlı polis əməkdaşı onu ümumiyyətlə görməmişdir. Tibbi maskadan o, düzgün istifadə etmiş olduğu halda ona qanunsuz olaraq sonradan arxa tarixə inzibati protokol tərtib edilmişdir. İnzibati protokol yerində tərtib edilsə, o öz iradını, etirazını yerində protokola qeyd edərdi. Protokol ümumiyyətlə ona təqdim edilməmiş, tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, qərarından şikayət verilmiş Yasamal RPİ-nin 28-ci Polis Bölməsi məhkəməyə dəvət olunaraq, protokolun tərtib olunması və müvafiq qərarın qəbul edilməsi üçün əsas olmuş dəlillərin məhkəməyə təqdim edilməsi barədə məlumatlandırılmış, lakin həmin orqan məhkəməyə gəlməmiş, həmçinin müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar