Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-667/2025 20.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1984-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, etibarnamə əsasında “Kia Cerato” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində həmin avtomobillə Bakı şəhəri, Yasamal rayonu, “Mətbuat” prospekti ilə üzü “Nəşriyyat” istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt arxa sağ tərəfdə sərnişin qismində tanımadığı şəxs əyləşmişdir. Saatda təxminən 50 km surətlə yolun sağdan birinci hərəkət zolağı ilə hərəkətdə olarkən Yasamal rayon icra hakimiyyətinin qarşısında diqqəti yayınmış və qəflətən yolun sağ tərəfində dayanmış vəziyyətdə olan “Kia Sorento” markalı avtomobili arxa sol tərəfindən vurmuşdur. Toqquşma nəticəsində onun avtomobilinin arxa hissəsi çevrilərək ikinci hərəkət zolağına daxil olmuşdur. Bundan sonra həmin zolaqda hərəkətdə olan “Range Rover” markalı avtomobilin qabaq sağ tərəfi onun idarə etdiyi avtomobilin arxa sağ tərəfi ilə toqquşmuşdur. Verilən suala cavab olaraq bildirmişdir ki, hadisə zamanı sərnişin xəsarət almışdır. Onda isə yüngül ağrılar vardır. Zərərçəkmiş şəxs X2 ilə barışmışdır. Yekun olaraq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə zərərçəkmiş şəxsin və Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, “Kia Cerato” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində “Musabəyov” adına parkın aşağı hissəsində olan işıqforda yolun sağdan birinci zolağından hərəkətə başlayarkən öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək həmin vaxt diqqətinin yayınması nəticəsində Yasamal rayon icra hakimiyətinin qarşısında yolun sağ tərəfində dayanmış vəziyyətdə olan “Kia Sorento” markalı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində Şəxs idarə etdiyi “Kia Cerato” markalı avtomobilin arxa hissəsi çevrilərək ikinci hərəkət zolağına daxil olmuş, həmin vaxt ikinci hərəkət zolağında düzünə istiqamətdə hərəkətini davam etdirən “Range Rover” markalı avtomobillə ikinci toqquşma hadisəsi baş vermiş, belə ki, “Range Rover” markalı avtomobilin qabaq sağ hissəsi ilə “Kia Cerato” markalı avtomobilin arxa sağ tərəfi toqquşmuşdur. “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücüyə yalnız eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq üçün düzgün ara məsafəsi seçməyin vacib olduğu göstərilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən görünür ki, “Range Rover” markalı avtomobillə “Kia Cerato” markalı avtomobillər eyni zolaqda hərəkət etməmişlər. Belə ki, “Range Rover” markalı avtomobil yolun sağdan ikinci hərəkət zolağı ilə, “Kia Cerato” markalı avtomobil isə yolun sağdan birinci hərəkət zolağı ilə hərəkət etmiş, “Kia Cerato” markalı avtomobilin yolun kənarında dayanmış avtomobillə toqquşması nəticəsində arxa hissəsi çevrilərək ikinci hərəkət zolağına daxil olmuş nəticədə ikinci hərəkət zolağında hərəkətdə olan “Range Rover” markalı avtomobilin onunla toqquşmadan yayınması mümkün olmamışdır. Göründüyü kimi qeyd olunan halda “Range Rover” markalı avtomobilin sürücüsünün əməlində “Yol hərəkəti haqqında” qanunun hər hansı müddəası pozulmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş maddələrin dispozisiyasına əsasən şəxsin həmin maddələrlə cinayət məsuliyyətinə cəlb olunması üçün zərərçəkmiş şəxsə az ağır və ya ağır xəsarət yetirilməli, habelə zərərçəkmiş şəxsin ölümü baş verməlidir. Bundan başqa zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Toplanmış materialdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Şəxs “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin tələblərinə əməl etməməsi səbəbindən təqsirli olaraq törətdiyi əmələ görə avtomobilində sərnişin qismində əyləşmiş X2 yüngül dərəcəli bədən xəsarəti almış, habelə “Range Rover” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı və “Kia Sorento” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsində cinayət təqibini istisna edən hallar göstərilmişdir. Həmin hallar cinayət təqibi başlama haqqında məsələ həll edilərkən daxil olmuş materialların yoxlanılması zamanı aşkar olunduqda cinayət təqibinin başlanmasının rədd edilməsinə, cinayət təqibi gedişində aşkar olunduqda isə cinayət təqibinin xitam olunmasına səbəb olur. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cinayət tərkibinin yaranmasına səbəb olan sağlamlığa az ağır və ya ağır xəsarət yetirilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməli, qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan 18 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 oktyabr 2024-cü il tarixdə saat 01:00 radələrində “Kia Cerato” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 1018 nömrəli Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsinin rəyindən görünür ki, vət. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərüst dodağın, burun sümüyünün distal ucunun yerdəyişməz sınığı ilə müşayiət olunan burun belinin və sağ qaş nahiyəsinin əzilmiş yaraları, üst çənədə mərkəzdən sağa 2-ci dişin travmatik sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Kia Cerato” markalı, **- NX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 14 oktyabr 2024-cü il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində ehtiyatsızlıq edərək sərnişin X2 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 30 oktyabr 2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 18 yanvar 2025-ci il tarixdə tərtib edilərək məhkəməyə göndərilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 06 fevral 2025-ci il tarixdə daxil olmuşdur ki, bununlada həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X4 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 18 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-667/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-667/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver