Məhkəmə qərarları › İş №3(004)-6678/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6678/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6678/2024 24.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, şikayətçi X3, qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdı mülkiyyətində olan “Honda Accord” minik markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman 3 nömrəli xətt avtobusu yol ver nişanının tələblərini pozaraq onun avtomobilinin arxa sağ qapısını vuraraq ona maddi ziyan vurmuşdur. Hadisəni inspektor, polis mayoru X2 düzgün qiymətləndirməmiş hadisədə onu günahkar hesab edərək barəsində İXM 327.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Hadisənin ədalətli qiymətləndirilməsini, barəsində tərtib edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş qərardan şikayət vermiş X5 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəməyə fotoşəkil təqdim edərək qeyd etmişdir ki, hadisə zamanı 3 nömrəli xətt üzrə sərnişin marşrutu əgər ki yol nişanının tələblərinə riayət etsətdi, yəni yol ver nişanının tələblərini pozmasaydı hadisə baş verməyəcəkdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X4 şikayətə etiraz edərək bildirmişdir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Hadisənin baş vermə görüntülərini özündə əks etdirən DVD diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 tərəfindən xx.xx.2024-cü il tarixdə 13:30 radələrində idarə etdiyi “X9” minik markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu, M. Müşfiq küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkildən görünür ki, sözügedən ərazidə (sərnişin avtobusunun hərəkət etdiyi istiqamətdə) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 2 saylı əlavəsində nəzərdə tutulmuş “Yol verin 2.4” “Ustünlük nişanı quraşdırılmışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, şəxsin barəsində tərtib edilmiş nə inzibati xəta haqqında protokolda nə də ki, sonradan onun brəsində qəbul edilmiş qərarda törədilmiş olan və öz təstiqin tapan inzibati xətanın mahiyyəti qeyd edilməmklə bərabər açıqlanmamışdır.Başqa sözlə desək “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasının nədən ibarət olması və şəxs tərəfindən hansı hərəkətləri edərək inzibati xəta törətməsi qeyd edilməmişdir. Halbuki məhkəmə iclasında tədqiq edlmiş hadisənin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, V.Bədəlov “X9” minik markalı avtomobili ilə baş yolla hərəkətdə olarkən yol kəsişməsindən (ikinci dərəcəli yoldan) əsas yola daxil olan sərnişin avtobusu həmin yolla hərəkətdə olanlara münasibətdə quraşdırılmış “Yol verin 2.4” “Ustünlük nişanı”nın quraşdırılmasına baxmayaraq həmin nişanın tələblərini kobud şəkildə pozaraq yolun hərəkət hissəsinə daxil olaraq qəza şəraiti yaratmış və baş yolda öz hərəkət zolağı ilə hərəkətdə olan “X9” minik markalı avtomobilin qəflətən hərəkət istiqamətini dəyişməyə məcbur etmişdir, nəticədə həmin avtomobilin arxa sağ qapısı və arxasağ qanadı zədələnmişdir.Eyni zamanda həmin videogörüntüdən görünür ki, sərnişin avtobusu yol ayrıcına daxil olduqdan sonra belə hərəkətini davam etdirməyib tam hərəkətsiz vəziyyətdə olmağa davam edərdisə həmin zaman minik avtomobili avtomobillərin arasında olan məsafədən sərbəst keçib hərəkətini davam etdirə bilərdi.Lakin sərnişin avtobusu dayandıqdan sonra yavaş yavaş hərəkətini davam etdirdiyi üçün minik avtomobilinin zədələnməsi baş verir. Yol nişanı ilə hərəkət üstünlüyü müəyyən edilməyən sərnişin avtobusunun sürücüsü yolayrıcına daxil olan zaman əksinə yol nişanı ilə hərəkət üstünlüyü müəyyən olunan və ona münasibətdə soldan gələn, hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməməsi son nəticədə V.Bədəlovun idarə etdiyi avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, baş vermiş hadisənin gedişatının yuxarıda qeyd edilmiş qaydada olması halında V.Bədəlovun hərəkətləri onun manevr etmə qaydalarını pozması kimi qiymətləndirilə bilməz. Yuxarıdakı mötəbər sübutlardan görünür ki, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına əsasən X5 tərəfindən Yasamal rayonu, M. Müşfiq küçəsində qeyd olunan qayda pozuntusunun törədilməsi istisna olunur. Belə olan halda məhkəmə hesab edir ki, V.Bədəlovun inzibati xətanın törətməsi halı müəyyən edilməmişdir və ona görə də, o, inzibati məsuliyyətə cəlb edilə bilməz. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 63-cü maddəsinə əsasən “Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinin 40-cı bəndinə əsasən –“üstünlük – nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar