Məhkəmə qərarları › İş №3(004)-6695/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6695/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6695/2024 13.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci P/Ş-nin sahə inspektoru, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci P/Ş-nin sahə inspektoru, polis kapitanı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş protokol və toplanmış material baxılması üçün Yasamal Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala əsasən Şəxs məhkəmə orqanında köməklik edəcəyi adı ilə X1 500 manat pul almış, lakin vədinə əməl etməyərək həmin məbləği ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci P/Ş-nin sahə inspektoru, polis kapitanı X7 bildirmişdir ki, Şəxs tərəfindən zərərçəkmişə vurulmuş zərərin 500 yüz manat məbləği ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, X5 onun tələbə yoldaşıdır və ailəvi dostdurlar. Zərərçəkmiş şəxs X3 isə həmyerlisi olaraq tanımış və vaxtaşırı ünsiyyətdə olmuşlar. E.Şirinova aldadılaraq 10 min manat pulunun ələ keçirildiyini və işin hazırda məhkəmədə olduğunu bildirmişdir. E.Şirinovaya kömək məqsədilə Ə.Məmmədova zəng etmiş və işin təfərrüatlarını ona danışmışdır. Ə.Məmmədov 500 manat məbləğ müqabilində ona kömək edəcəyini bildirmişdir. Bundan sonra E.Şirinova onun kart hesabına 500 manat pul göndərmişdir. Daha sonra onlar məhkəmədə görüşmüşlər və müəyyən müddətdən sonra o bilmişdir ki, E.Şirinova ona dəymiş zərəri geri ala bilməmişdir. Hazırda həmin 500 manatı özü E.Şirinivaya geri qaytarmışdır. Baxmayaraq ki, E.Şirinova iddia edir ki, o, bu işin müqabilində 1000 manat ödəniş etmişdir, halbuki ödəniş 500 manat olmuşdur, sonradan onların arasında hansı söhbət baş verib ondan xəbərsizdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirmişdir ki, onu X5 ilə Şəxs tanış etmişdir və Ə.Məmmədov onu məhkəmə orqanlarında kömək edəcəyi vədi ilə aldadaraq 1000 manat pulunu ələ keçirmişdir. Şəxs tərəfindən ona vurulmuş zərərdən 500 yüz manat məbləğində pul geri qaytarılsa da qalan 500 manat ödənilməmişdir. Eləcə də təhqiqatçı onu aldadaraq “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan ona vurulmuş zərəri 500 manat olaraq göstərməklə şəxsi cinayət məsuliyyətindən yayındırmağa çalışmışdır. Buna görə də hazırda həmin qərardan şikayət vermişdir və Şəxs barəsində cinayət işinin başlanmasını istəyir. Buna görə də yazılı vəsatət verərək xahiş etmişdir ki, hazırki iş üzrə material baxılmamış saxlanılaraq geri qaytarılsın. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə zərərçəkmiş şəxsin vəsatətinə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Belə ki, hazırda iş üzrə zərərçəkmiş şəxs inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına səbəb olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan razı olmadığı üçün həmin qərarı mübahisələndirdiyini bildirmiş və buna görə də hazırki iş üzrə materialın baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıla bilmədiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, hazırki halda iş üzrə zərərçəkmiş şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına səbəb olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan şikayət verildiyindən və buna görə də işə mahiyyəti üzrə baxmaq mümkün olmadığından İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır inzibati qaydada tutulmuş şəxs həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə geri qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar