Məhkəmə qərarları › İş №3(004)-674/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-674/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-674/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə X1nun iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Səbail Rayon Polis idarəsinin (RPİ) 39-cu Polis Bölməsi (PB) tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X6 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Yasamal RPİ-nin 39-cu PB tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində işdən evə gedərkən “Xəqani bağı”nın yaxınlığında polis əməkdaşı tərəfindən saxlanılmışdır. Müvafiq icazəsinin olub-olmaması yoxlanan zaman “icaze.e-gov.az” portalında icazəsinin olması təsdiq olunsada polis əməkdaşı onun SMS icazəsinin olmaması səbəbindən barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişdir. Protokolun tərtib edilmə səbəbini soruşduqda ona bildirilmişdir ki, həftənin şənbə günü və banklarda qeyri-iş günü olduğundan o yalnız SMS icazə vasitəsilə hərəkət edə bilər. Halbuki qanunda bununla bağlı hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən Yasamal RPİ-nin 39-cu PB tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək Bakı Şəhəri Yasamal RPİ-nin 39-cu PB tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın əsassız və qanunsuz olması səbəbindən ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, “xxxx” ASC-də biznesin inkişafı departamentinin məlumat mərkəzi şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 39-cu PB tərəfindən tərtib olunmuş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X6 həmin tarixdə saat 17:20-də karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 39-cu PB tərəfindən qəbul edilmiş edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən edilir ki, X6 edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “my.gov.az” portalından İcazələrin Alınması və Monitorinqi Sistemindən arayışdan görünür ki, X6 “xxxx” ASC-də Biznesin inkişafı departamentinin məlumat mərkəzi şöbəsinin mütəxəssisi vəzifəsində çalışır və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmətlə bağlı Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi üzrə hərəkətinə icazə verilmişdir. Təsdiq statusu bölməsindən müəyyən edilir ki, icazə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi “X4 Mərkəzi” X8 xx xxxx 2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş X2 (AZE ********) adına “Xüsusi Karantin Rejiminin X7 Alınması və Monitorinqi Sistemi”ndə (icaze.e-gov.az) “xxxx” ASC tərəfindən 2020-ci il 4 aprel tarixində saat 19:38-də yaradılan Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə rəsmiləşdirilmiş icazə 31 may tarixinədək qüvvədə olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx.xx.2020-ci il tarixdə qüvvədə olan 211-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə tərk etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən ölkə ərazisində x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Qeyd olunan hərəkət məhdudiyyəti xx xxx 2020-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. 1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: 1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); 1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə fəaliyyətin davam etdirilməsinə icazə verilən sahələrin 4.9.1-ci bəndinə banklar, bank olmayan kredit təşkilatları aiddir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X6 barəsində xx xxx 2020-ci il tarixdə protokol tərtib edilərkən onun barəsində müvafiq hərəkət icazəsi “Xüsusi Karantin Rejiminin X7 Alınması və Monitorinqi Sistemində” qüvvədə olmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul edilən zaman X2 Bakı şəhəri üzrə hərəkət icazəsi mövcud olduğundan, şikayət təmin edilməli, Yasamal RPİ-nin 39-cu PB tərəfindən qəbul edilmiş edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-139-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti təmin olunsun. X6 barəsində qəbul edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Səbail Rayon Polis idarəsinin 39-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar