Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6761/2025 17.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Şəxs vəkili “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamenti tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 132450.00 (bir yüz otuz iki min dörd yüz əlli) Avro məbləğində vəsaiti 28 avqust 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 132450.00 (bir yüz otuz iki min dörd yüz əlli) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi şəxsin barəsində xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs vəkili “Femida” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Şəxs MMC vasitəçilik fəaliyyəti ilə məşğuldur və fəaliyyət istiqaməti xaricdən onun bank hesabına köçürülən pulu digər hüquqi şəxslərin hesabına köçürməkdən ibarətdir ki, bu xidmətə görə müəyyən gəlir əldə edir. Şəxs MMC sadəcə olaraq vəsaitin köçürülməsində vasitəçilik etmişdir. Buna görə də onun əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta tərkibi mövcud deyildir. Qeyd edilələrə əsasən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, xaricdən ölkəyə daxil olmuş pul Şəxs MMC-nin "xxxx" ASC-də olan bank hesabına köçürülsə də, şirkət tərəfindən həmin pul vəsaiti "xxxx" ASC-də olan bank hesabı vasitəsilə xaricə köçürülmüşdür. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə səlahiyyətli inzibati orqanının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 16A-0823 nömrəli satış müqaviləsindən görünür ki, satıcı «İSPS X1 Trading LLC» şirkəti ilə, alıcı Şəxs arasında ümumi dəyəri 132450.00 (bir yüz otuz iki min dörd yüz əlli) Avro məbləğində olan müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü ildə «İSPS X1 Trading LLC» şirkətinin hesabına qabaqcadan 132450.00 (bir yüz otuz iki min dörd yüz əlli) Avro məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 132450.00 (bir yüz otuz iki min dörd yüz əlli) avro məbləğində vəsaiti 28 avqust 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 132450.00 (bir yüz otuz iki min dörd yüz əlli) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC 132450.00 (bir yüz otuz iki min dörd yüz əlli) Avro məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə 28 avqust 2023cü il tarixdə "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin məbləğin 132450.00 (bir yüz otuz iki min dörd yüz əlli) Avro məbləğində valyuta vəsaiti müqabilində müvafiq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Halbuki, 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, xx.xx.2023-cü il ödəniş tapşırığı ilə və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2025-ci il tarixli KB-244/2-2137/2025 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və onun tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-6761, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP ******* saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 132450.00 (bir yüz otuz iki min dörd yüz əlli) Avro məbləğinin 20 faizi miqdarında, yəni 26490 (iyirmi altı min dörd yüz doxsan) Avro məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı çıxarmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6761/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6761/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver