Məhkəmə qərarları › İş №3(004)-6775/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6775/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6775/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə müvafiq olaraq İXP ******* saylı, 15 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 15 sentyabr 2025-ci il tarixli protokola əsasən Şəxs narkoloji vəziyyəti tibbi müayinə ilə yoxlanılmış, nəticədə Şəxs tərəfindən AR İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ümumi sözlərlə Şəxs tərəfindən AR İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilsə də, inzibati xətanı törətməsi faktı hissəsi boş qoyulmuş, onun konkret olaraq törətdiyi inzibati xətanın mahiyyəti göstərilməmişdir, bu da xətanın mahiyyətinin aydın və dəqiq göstərilməməsinə dəlalət edir. Halbuki, AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Bununla yanaşı, iş materiallarından görünür ki, nə inzibati xəta haqqında protokolda, nə də protokola əlavə edilmiş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı öz əksini tapmamışdır. AR İXM-in 100.1.7-ci maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmçinin protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmiş, onun izahatı protokolda qeyd edilməmişdir. Bundan başqa, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə hər hansı sübüt iş mateiallarında mövcud olmamışdır. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 106.0.5-ci maddəsinə əsasən məhkəmənin hazılıq zamanı həll etdiyi məsələlərdən biri mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını müəyyən etməkdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilmədiyindən, o cümlədən, iş materiallarında videogörüntülər, izahatlar və digər işə aid olan sənədlər olmadığı üçün, yəni protokol və digər sənədlər düzgün tərtib olunmadığı və təqdim edilmiş materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılsın. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar