Məhkəmə qərarları › İş №3(004)-688/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-688/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-688/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında onun müdafiəçisi Nümayəndə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Əfəndizadə (Həsənzadə) Fəridə Mirzağa qızı fiziki şəxs olmaqla evdar qadındır. Ailəlidir və bir oğlu var. 2016-cı il tarixdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının qanun və qaydalarına dönmədən riayət etmək, onların pozulmasının qarşısını almaq və qanunlardan sui-istifadə hallarına yol verməmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcu və vəzifəsidir. Odur ki, onda bu dövlətin bir vətəndaşı kimi qanunlara riayət etmiş, gündəlik həyatlarında baş verən hadisələrə bir hüquqşünas kimi öz həyatında mümkün qədər qanunun ədalət, qanun qarşısında bərabərlik, qanunçuluq və humanizin prinsipləri baxımından düzgün qiymət verməyə və qanunlarımızın tələblərinə daima riayət etməyə çalışmışdır. Bunun nəticəsidir ki, yaşadığı dövr ərzində barəsində hər hansı bir inzibati və ya cinayət xarakterli araşdırma aparılmamış, eyni zamanda heç vaxt inzibati və ya cinayət əməlləri törətməmişdir. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ailələri üçün çox ağır itki olan atası rəhmətə getmişdir. Bu səbəbdən də atasız keçirdiyi günlər onun üçün çox ağır (gərgin və fikirli) bir dövrü əhatə etmiş və etməkdədir. Belə ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 18 radələrində qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanda 2018-ci il təvəllüdlü (azyaşlı) oğlunu anasının yanında qoyaraq, yaşadığı mənzildən təxminən 50-80 metr aralıda yerləşən zibil qabına məişət tullantılarını atmaq məqsədilə həyətə düşdü. Əlindəki zibili atıb yaşadığı mənzilə tərəf hərəkət edərkən, bir nəfər polis əməkdaşı ona yaxınlaşıb SMS icazəsinin olub-olmadığını soruşdu. O, ona Daxili İşlər Nazirliyi və Operativ Qərargahır brifinqində dəfələrlə yaşayış yerinin yaxınlığına zibil atmaq üçün SMS icazəyə ehtiyat olmadığını desə də, həmin polis əməkdaşı onun şəxsiyyət vəsiqəsi üzrə rekvizitlər müəyyən edib həmin yerdən uzaqlaşdı. O, yaşadığı mənzilə qayıtdı. Polis əməkdaşının şəxsiyyətini müəyyənləşdirməsin dən şübhələndiyi üçün bir müddət sonra portalda axtarış zamanı həmin gün barəsində inzibati xəta haqqında protokol tərtib etməsi və onu qərar əsasında 200 manat cərimə etməsi məlum oldu. O, dəfələrlə qeyd olunan qərarın 1 nüsxəsinin verilməsi barədə müraciət etsə də, sonradan sahə müvəkkili tərəfindən qeyd olunan sənədlər həyat yoldaşına verildi. Hesab edir ki, qeyd olunan qərar əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.egov.az" portalına daxil edildikdən sonra yol veriləcəyi bildirilmişdir. O, isə ailə vəziyyəti ilə əlaqədar hər hansı əmək fəaliyyəti ilə məşğul olmadığı üçün yaşayış yerini tərk edəcəyi təqdirdə Operativ Qərargahın müvafiq qərarında nəzərdə tutulmuş qaydalara uyğun olaraq müəyyən vaxt ərzində hansı halda icazə ilə (SMS göndərərək razılıq alınması) və ya icazəsiz tərk edə biləcəyindən məlumatlı olmuşdur. Lakin, məişət tullantılarının yaşadığı ünvanda yığılıb qalması ən böyük anti sanitariyadı. Eləcə də, məhz məişət tullantılarının bina ətrafında quraşdırlmış zibil yeşiklərinə atılması üçün hər hansı SMS icazə alınmasına zərurət olmaması dəfələrlə Operativ Qərargahın iclaslarında canlı yayımda müzakirə edilmiş, həmçinin bütün mətbuat orqanları bu barədə ətraflı məlumat vermişlər. Zibil atıb evə qayıtmaq isə cəmi 3-4 dəqiqə vaxt aparır ki, bunu dövlət orqanları da nəzərə almışlar. Əgər ki, bəziləri kimi vətəndaşın Yasamal rayonunda yaşadığı halda, şəhərin mərkəzində və ya parkda əlində zibil tullantıları aşkar olunmuş olsaydı, bu halı inzibati pozuntu hesab etmək olar. Buna baxmayaraq, polis əməkdaşının onun haqlı izahatını protokola qeyd etmədən və qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalara riayət etmədən onu 200 manat cərimə etməsi tamamilə qanunsuz olmuşdur. Bildirmişdir ki, o, yaşadığı mənzilin təxminən 40-50 metr məsafədə olduğunu, həmçinin yaşadığı evə məxsus olan binanın blokunu, mərtəbəsini, hətta belə eyvanını göstərərək məişət tullantılarını onun atılması üçün nəzərdə tutulmuş arabaya atdığını, mənzildə azyaşlı övladının olduğunu polis əməkdaşına dəfələrlə izah etdi. Buna baxmayaraq polis əməkdaşı adını və soyadını soruşdu. Sonra isə onun şəxsi məlumatlarını özlərinə aid texniki imkanlar vasitəsilə yoxladı və şəxsiyyətini dəqiqləşdirdi. Bundan sonra, planşetlə olduğu ünvanı müəyyən etməsinə baxmayaraq kirayədə yaşayıb-yaşamadığını soruşdu. O, isə cavabında mənzilin onlara məxsus olduğunu və azyaşlı (3 yaşında) uşağının evdə onu gözlədiyini təkrarən bildirdi. Adını bilmədiyi polis əməkdaşı qarşılığında ona yaşadığı mənzili icazəsiz olaraq tərk etdiyini bildirdi. O, getdiyi yerin (məişət tullantısı qablarının yerləşdiyi yerin) yaşayış yerinə aid olan məhlədə yerləşdiyi üçün icazə almadığını, həmçinin bunun sübutu olaraq ev geyimində məhlələrinə düşdüyünü və birinci dəfə idi ki, yaşadığı mənzili icazəsiz (COVİD 19 pandemiyası dövründə) tərk etdiyini bildirsə də, polis əməkdaşı buna məhəl qoymayaraq əlində olan texniki vasitəni maşına doğru apararaq maşında əyləşən şəxsə göstərib məlumatlarını sistemə daxil etməsini tapşırdı. Yenə də xahiş etməyinə baxmayaraq həmin polis əməkdaşı qeyri-obyektivik göstərərək ona: -“Birinci dəfədir etdiyinə görə keçirəm. 200 manat cəriməni ödəyərsən” deyə bildirdi. O, isə binalarının bitəcəyində olduğunu və niyə belə etdiyini soruşanda ona istehza ilə “adın sistemə daxil edildi artıq, indi hara gedirsən get” deyə cavab verdi. Baş verənlərlə bağlı polisin hərəkətliyi və ya hərəkətsizliyi ona onu deməyə əsas verir, həmin polis əməkdaşı öz vəzifə səlahiyyətlərini, yəni ictimai asayişi və ictimai təhlükəsizliyi qorumaqdan çox, əsassız yerə inzibati protokollar tərtib edərək özünün maddi vəziyyətini (hər tərtib edilən protokola görə onun müəyyən faizinin maaşına əlavə olaraq hesablanması) yaxşılaşdırmasına qulluq edir. Başa düşmək olmur ki, həmin polis əməkdaşının işlətdiyi “birinci dəfə etdiyinə görə keçirəm, 200 manat cəriməni ödəyərsən” cümləsi hansı mənanı əks elətdirir. Məlumumuzdur ki, İXM-in 211.1-ci maddəsinin dispozisiyasında epidemiya əleyhinə rejimin, santariya-gigiyena və karantin rejimlərimi pozulmasına görə - fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, polis əməkdaşının işlətdiyi ifadə qanunda nəzərdə tutulmuş inzibati tənbeh növü olmasına baxmayaraq, özünü hörmət edərcəsinə qarşı tərəfdə ona qarşı minnət hissi yaratmağa çalışmışdır. Ən azından inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qərar qəbul etmiş səlahiyyətli dövlət orqanı onun inzibati xətanı törətməkdə təqsiri olmasını sübut etməlidir. Çünki AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXMnin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X7 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X7 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Həmin qərar onun barəsində tərtib edilsə də, onun həmin araşdırmada iştirakı təmin edilməyib, inzibati xəra haqqında protokolun və inzibati xəta haqqında qərarın surəti ona təqdim edilməyib, uzun müddət get-gəldən sonra həyat yoldaşına təqdim edilmişdir. Eləcə də, qeyd olunan araşdırma üzrə onun izahatı alınmayıb və protokola qeyd yazmağına imkan verilməmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən X5 xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Q.Şərq küçəsində icazəsiz yaşayış yerini tərk etməklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuş və Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas MN ******* saylı, xx.xx.2021-ci il tarixli protokol olmuşdur. Protokolda da göstərilmişdir ki, X5 xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Q.Şərq küçəsində karantin rejimi qaydalarını pozmuşdur. Həmin protokol və qərarda şəxsin xx.xx.2021-ci il tarixdə hansı saatda icazəsiz yaşayış yerini tərk etməsi dəqiq göstərilməmişdir. Belə ki şəxs Karantin rejimi dövründə SMS icazə ilə 3 saat küçəyə çıxmasına icazə verilir. Həmin 3 saatın daxilində və ya ondan sonra küçədə olmasını müəyyən etmək üçün, şəxsin kokret saat neçədə küçədə olmasını müəyyən etmək vacib məsələdir. Həmin saat müəyyən edildiyi təqdirdə, həmin saatda şəxsin küçədə olması üçün icazəsinin olub-olmaması yoxdlanıla bilər. Həmin saat protokol və qərarda göstərilmədiyi üçün, bunu müəyyən etmək mümkünsüzdür. Belə bir vəziyyətdə şəxsininzibati xəta törətməsinnin müəyyən edilməsində zidiyyətlər yaranır. Həmin zidiyyətləri aradan qaldırmaq isə artıq mümkün deyildir. Bununla da qərar İXM-nin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş protokolda göstərilmişdir ki, şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Pozuntunun yuxarıda qeyd edildiyi kimi dəqiq vaxtını müəyyən edən saat protokolda dəqiq göstərilməmişdir. Bununla da şəxsin inzibati tənbeh vermə haqqında qərarında təqsirli bilindiyi konkret əməl protokolda qeyd edilməmişdir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(004)-688 /2021 saylı məktubu ilə Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, yol hərəkəti qaydası pozuntusunu əks etdirən SD diski (və ya kamera görüntüsü) və qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X5 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 211.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolu əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar