Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-689/2022 18.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin 15 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin 15 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, aşağıdakı əsaslara görə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin rəis müavini, X2 qəbul etdiyi EPQ ******* saylı 15.11.2021ci il tarixli qərarı qanunsuz və əsassız hesab edir, ləğv olunmasını xahiş edir. Qərara əsasən guya o, 15.11.2021 -ci il tarixində Bakı şəhəri, Moskva prospekti, 69a ünvanında GPS üzrə “40.40525712,49.8066051” saylı koordinatda olan zaman fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Həmin “40.40525712,49.8066051” saylı koordinat Moskva prospekti 69a deyil, Moskva prospekti 73 ünvanına daha yaxındır və avtomobil yolunun təxminən 5ci hərəkət zolağı ilə üst-üstə düşür. Belə görünür ki, həmin yer açıq məkan hesab olunur. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 saylı qərarının 2.1.1 -ci bəndinə əsasən açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmişdir. Beləliklə, açıq havada tibbi maskadan istifadə edilməsi tələbi 31 may 2021-ci il tarixindən ləğv edilmiş, lakin 29-cu Polis Bölməsinin vəzifəli şəxsləri mənim həmin vaxt olmadığım yerdə, açıq hava olduğu görünən yerdə guya mənim tibbi maskadan istifadə etmədən dolaşdığımı, bunu 15 noyabr 2021-ci il tarixində etdiyimi protokol və qərarla təsdiq edirlər. Göründüyü kimi inzibati xəta haqqında protokol Azərbaycan Respublikası 100-cü maddəsinin tələbləri gözlənilmədən tərtib edilmişdir. Belə ki, protokolda onun izahatı və ya izahat verməkdən imtina etməyi barədə qeyd, eləcə də inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar yoxdur. Beləliklə, İXM-in 100.1.7 və 100.1.10-cu maddələrnin tələbləri pozulmuşdur. Bununla yanaşı protokolun tərtib edildiyi saat 12:05 kimi qeyd olunmuş, lakin inzibati xətanın törədildiyi saat isə səhər 6:12 kimi göstərilmişdir. Halbuki, İXM-in 101.1 -ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Qərardan görünür ki, iş üzrə heç bir hal müəyyən olunmayıb və qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməyib. Bununla da İXM-in 115.1.4 və 115.1.8-ci maddələri pozulmuşdur. Əminliklə bildirir ki, 15.11.2021 -ci il tarixində o, nəinki Moskva prospektində olmamış, ümumiyyətlə Bakı şəhərində olmamışdır. Belə ki, o, daimi olaraq Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Bakı şəhərinə nadir hallarda gəlir. Bu səbəbdən də hesab edir ki, barəsində qəbul olunmuş qərar qərəzli, əsassız və qanunsuzdur, bu səbəbdən də ləğv olunmalı və yenidən araşdırılması üçün səlahiyyətli orqana geri qaytarılmalıdır. Xüsusilə qeyd etmək istəyir ki, mübahisələndirilən qərar barədə əvvəldən məlumatı olmamışdır. ARDİN-ə məktubla müraciət edib barəsində qəbul olunmuş qərar haqqında məlumat istəyib, sonra qərarın surətini əldə etmiş, bunda dərhal sonra həmin qərarı mübahisələndirmişdir. Səlahiyyətli orqan həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddədə qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin 15 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi H.Y.Muradov ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 noyabr 2021-ci il tarixli, EXP ******* saylı protokoldan görünür ki, H.Y.Muradov 15 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a ünvanında olan zaman karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması ilə bağlı barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin 15 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, H.Y.Muradov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, H.Y.Muradov 15 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a ünvanında olan zaman karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması ilə bağlı barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyinə görə barəsində EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin eyni tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, H.Y.Muradovun barəsində Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, əvvəla inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs H.Y.Muradova lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Digər tərəfdən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin 15 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal RPİnin 29-cu PŞ-nin 15 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin 15 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-689/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-689/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver