Məhkəmə qərarları › İş №3(004)-6920/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6920/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6920/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Yasamal RPİ-nin 28ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, EPQ № ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, EPQ № ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, EPQ № ******* saylı qərarın və protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə onun barəsində Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə EXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan 5 ay sonra isə, yəni xx.xx.2022-ci il tarixdə həmin protokol əsasında barəsində inzibati xəta haqqında EPQ № ******* nömrəli qərar qəbul edilmişdir. Qərar ona rəsmi qaydada qanunla müəyyən edilmiş müddətdə təqdim edilməmiş, o, həmin qərardan 28-ci PB-nin sahə müvəkkili vasitəsi ilə xəbər tutmuşdur. Yalnız bundan sonra qərarı əldə etmək imkanı olmuşdur. Göründüyü kimi Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən barəsində işə baxılarkən onun iştirakı təmin edilməmiş və inzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan qəbul edilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli EPQ № ******* nömrəli inzibati xəta haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun tərəfindən nə epidemiya əleyhinə rejimin, nə sanitariya-gigiyena və karantin rejimlərinin tələbləri pozulmamışdır. Bunun əksini isbat edən fakt ilə bağlı o, qarşı tərəfdən sübut istədikdə də, onlar ona heç bir sübut təqdim edə bilməmişlər. Qərar qəbul edilərkən inzibati orqan və səlahiyyətli şəxs tərəfindən inzibati xətalar qanunvericiliyinin prosessual normalarının da tələbi kobud şəkildə pozulmuş, inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, qərarın özündən də göründüyü kimi, haqqında danışılan (lakin reallıqda baş verməyən) inzibati xəta ilə bağlı protokol xx.xx.2021-ci il tarixdə tərtib edilsə də, həmin protokol üzrə qərar 5 aydan da biraz artıq müddət keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Halbu ki, qanunvericiliyin tələblərinə əsasən, qeyd olunan maddədə göstərilmiş inzibati xətanı törədən şəxs həmin xətanı törətdiyi andan 3 ay müddətində inzibati məsuliyyətə cəlb oluna bilər, bu müddət ərzində inzibati məsuliyyətə cəlb olunmasa, o zaman inzibati məsuliyyətə cəlbetmə müddətinin ötürülməsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, xəliilov Elvin xəlil oğlu barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib olunmuş, həmin protokol əsasında xx.xx.2022ci il tarixində qərar qəbul olunaraq X5 İXM-nin 211.1-ci maddəsinə əsasən 3000 manat məbləğində inzibati tənbeh olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta ilə bağlı protokol xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, inzibati xəta haqqında qərar isə qanunvericiliyin yuxarıda qeyd edilən 38.1-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət pozulmaqla (ötürülməklə), xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən X3 barəsində Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar