Məhkəmə qərarları › İş №3(004)-694/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-694/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-694/2025 20.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN: **********) Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 00800-00107/25 nömrəli 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024- cü il tarixli 3-33-3100/012/035733 nömrəli raporta əsasən hüquqi ünvanı AZ1065, Bakı səhəri Yasamal rayonu, Tbilisi prospekti, ev 3166-cı məhəllə olan Şəxs ASC-nin (VÖEN:**********) ünvanına İsveçrədə fəaliyyət göstərən “Staar Surgical AG" şirkətindən göndərilmiş netto çəkisi 0.44 kq, ümumi gömrük dəyəri 22896.96 AZN olan yüklər xx.xx.2024-cü il tarixli **********3516 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin yuxarıda qeyd olunan gömrük bəyannaməsi əsasında müvəqqəti saxlancda yerləşdirilmiş yüklərin saxlanc müddətinin 20,12.2024-cü il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən rəsmiləşdirilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Çağırış üzrə gələn hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1 izahatında bildirmişdir ki, müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş tibbi vasitələrin sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda yerləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinə müraciət edildikdə təqdim edilməli olan sənədlər xarici hüquqi şəxs tərəfindən təqdim edilmədiyindən həmin malların müvəqqəti saxlancda qalma müddəti pozulmuşdur. “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 saylı Qərarına əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Hüquq şəxs isə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunun tələblərinə (müddətə), şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı digər gömrük proseduru altında yerləşdirməmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ƏTİ TŞ-nin təhqiqatçısı Nərmin Qəniyeva tərəfindən tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən **********3516 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi üçün ödənilməli ödənişlər **********3516 sorğu nömrəli gömrük bəyannaməsinin “gömrük ödənişlərinin hesablanması” adlı 47-ci qrafasının “məbləğ” sütununda qeyd olunmuş və qarşısında "05” kodu (şərti hesablama) yazılmış ödənişlərdir (Mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə **********3516 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ikiqat məbləğdə gömrük yığımları (02) - 240 AZN, idxal gömrük rüsumu (20) -0 AZN, əlavə dəyər vergisi (32) - 4121,45 AZN, elektron gömrük xidməti haqqı (75) - 30 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 5,40 AZN) xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən sorğu **********3516 nömrəli gömrük bəyannamələrinin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi üçün ödənilmiş ödənişlər həmin gömrük bəyannaməsində "Hesablanmanın detalları” adlı Qrafa B-də göstərilmişdir (Mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların **********3516 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları (02) - 240 AZN, elektron gömrük xidməti haqqı (75) - 30 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 5.4AZN, cəmi 275,4 AZN) “Pilot.egb.dgk” sisteminin “EHS-Balans” və “EHS - Hesab əməliyyatları” pəncərələrində 08.01,2025-ci il tarixinə ********** nömrəli VÖEN-nin sahibi "xxxx" ASC şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi hesabında 1135,53 AZN ödəniş mövcuddur. Eyni zamanda, diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci Maddəsinə əsasən hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanan dəbbə pulu ödənilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC -nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 496.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar