Məhkəmə qərarları › İş №3(004)-6947/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6947/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6947/2025 29.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə gecə saat 3-4 radələrində DYP əməkdaşları “Hyudai” markalı **-XZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təhlükəli idarə olunduğuna görə saxlamış, bu zaman sürücü ilə DYP əməkdaşı söhbət edərkən ön yan oturacaqda sərnişin qismində əyləşmiş Şəxs polisə hansı səbəbdən avtomobilə saxla əmri verdiyini soruşmuş, onun hərəkətlərinin qanunsuz olmasını bildirmiş və daha sonra mübahisənin böyüdüyün görərək əlindəki telefonun kamerası ilə polis əməkdaşlarını videoya çəkərək onların xidməti fəaliyyətinə mane olmuş və bu qnunsuz əməllərə son qoyulması ilə əlaqədar polisin qanuni tələbinə bilərəkdən tabe olmamışdır. Odur ki, o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, bildirmişdir ki, polis əməkdaşları onun idarə etmədiyi lakin etibarnaməsi olduğu avtomobilə saxla əmri vermişdirlər. Daha sonra heç bir əsas olmadan sərxoşluq müayinəsi keçirmək istəmişdirlər. Bu zaman o, polis əməkdaşına etdiyi hərəkətin qanunsuz olduğunu deyərək öz iradlarını bildirmiş və ona müəyyən suallar vermişdir. Bu zaman polis əməkdaşı onun ad soyadını soruşmuş, sistemdə çıxmadığına görə şəxsiyyət vəsiqəsini tələb etmiş, o da təqdim etmişdir. Lakin yenə də sistemdə onun adı çıxmamışdır. Bu zaman polis əməkdaşı ilə onun arasında müəyyən dialoq keçmiş və mübahisənin böyüyəciyindən ehtiyat etdiyi üçün çəkiliş aparmaq qərarına gəlmişdir. Çəkiliş qısa olmuş, təxminən 33 saniyə və polis əməkdaşının üzü bir saniyəlik düşmüşdür. Polislər onu şöbəyə apardıqdan sonra videonu silməyini bildirmişdirlər. O, isə məhkəmədə sübut qismində istifadə edəcəyini bildirmişdir. Verilmiş suala cavab qismində bildirmişdir ki, YPX əməkdaşları avtomobili saxlayan zaman sürücü o olmamışdır. Avtomobili yaxın tanışı idarə etmişdir. O, sərnişin olaraq sürücü ilə polisinin söhbətinə müdaxilə etmiş və müəyyən suallar vermişdir. Polis əməkdaşları onu təxminən gecə 03:00-da saxlayaraq polis bölməsinə aparmışdırlar. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhər DYPİ-yə bilavasitə tabe olan YPXA ypx inspektoru polis baş serjantı X3 bildirmişdir ki, xidmətdə olarkən Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsində “Hyudai” minik markalı **-XZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə təhlükəli idarə edildiyinə görə saxla əmri vermişdir. Daha sonra sürücünün sərxoş olub-olmamasını yoxlayan zaman ön yan oturacaqda əyləşən Şəxs onunla sürücünün söhbətinə müdaxilə edərək hansı səbəbdən avtomobili saxladığımı, yoxlamanı nəyə əsasən apardığımı soruşaraq xidməti fəaliyyətinə mane olmağa cəhd etmiş, daha sonra müxtəlif ifadələr işlədərək mübahisəni böyütmüş və əlindəki mobil telefonla onları çəkməyə başlamışdır. Dəfələrlə ona irad bildirsələr də çəkilişə davam etmiş, onunla mübahisə etmişdir. Sonradan həmin videonu başqa bir şəxsə göndərmişdir. Bununla da polisin qanuni tələblərinə bilərəkdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 sentyabr 2025-ci il saat 06:00-da tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 29 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə bu qənaətə gələrkən ilk öncə onu qeyd etmək istəyir ki, istər şahid, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadələrindən məlum olmuşdur ki, YPX əməkdaşları tərəfindən “Hyudai” minik markalı **-XZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə saxla əmri verilən zaman avtomobilin sürücü başqa bir şəxs olmuşdur, yəni Şəxs olmamışdır. İfadələrdən məlum olmuşdur ki, YPX əməkdaşı ilə avtomobili idarə edən şəxs arasında dialoq zamanı Şəxs sərnişin qismində kənardan müdaxilə edərək öz sözləri ilə polisin xidməti fəaliyyətinə maneçilik törətməyə cəhd göstərmişdir. Halbuki polis əməkdaşının ilk əvvəl birbaşa ona ünvanlanan heç bir hərəkəti olmamışdır. Bundan sonra hadisələr elə cərəyan etmişdir ki, Şəxs polisin xidməti fəaliyyətini mobil telefonunun kamerası ilə qeydə almağa başlamış və ona bildirilən iradlara məhəl qoymayaraq çəkilişə davam etmişdir. Beləliklə işin mübahisəsiz halı ondan ibarətdir ki, Şəxs YPX inspektorunun saxla əmri verdiyi avtomobildə sürücü yox, məhz sərnişin olmuşdur. YPX inspektorunun avtomobili idarə edən sürücüyə saxla əmri verdikdən sonra apardığı xidməti fəaliyyətinə Şəxs haqsız yerə müdaxilə etməsi və sonradan onun təqsiri üzündən yaranmış bu sözlü mabahisənin davam etdirilməsi, iradlar bildirilməsi səbəbindən bu məsələnin daha kəskin ifadələrlə böyüməsi, polis əməkdaşının telefon vasitəsilə onun tərəfindən çəkilməsi, polis əməkdaşının bütün bu baş verənlərə son qoyulması ilə əlaqədar tələbinə əhəmiyyət verilməməsi sonda inzibati xəta hadisəsinə yəni, polisin qanuni tələbinə tabesizlik nümayiş etdirməsinə gətirib çıxarmışdır. Digər tərəfdən Şəxs məhkəmə iclasında polis əməkdaşlarının hərəkətlərini mobil telefon vasitəsilə də qeydə aldığını inkar etməmiş, onların göstərişlərinə əməl etməyərək çəkilişə davam etmiş, hətta videonu sonradan silinməsin deyə başqa bir şəxsə də göndərməyə müvəffəq olmuşdur. Bütün bu hərəkətlər məcmu halda qiymətləndirildikdə Şəxs polisin xidməti fəaliyyətinin yerinə yetirməsinə maneəçiliyin aradan qaldırılmasına dair ona qarşı irəli sürülmüş qanuni tələbin qəsdən yerinə yetirilməməsinə deməyə əsas verir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfədir ki, inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdırıan hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, baxmayaraq ki, inzibati tutma haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdən 06:00-dan tutulması qeyd olunmuşdur, halbuki məhkəmə araşdırması zamanı verilən ifadələrdən müəyyən edilmişdir ki, barəsindən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il saat 03:00-dan məhdudlaşdırılmışdır. Ona görə də inzibati qaydada həbs müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 535-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 29 sentyabr 2025-ci il tarixdən saat 03:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar