Məhkəmə qərarları › İş №3(004)-6969/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6969/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6969/2022 29.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, 28 noyabr 2022-ci il tarixdə vətəndaş X2 DİN-nin 102 Zəng Mərkəzinə zəng edərək keçmiş həyat yoldaşı Şəxs tərəfindən mütəmadi olaraq hədələrə məruz qalması barədə məlumat verərək sonuncu barəsində tədbir görülməsini xahiş etmişdir. Bu əsasla Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı K.Cavadov vətəndaş Şəxs istifadəsində mobil nömrə zəng edərək onu Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmiş, lakin sonuncu kobud formada danışaraq təhqiqatçı K.Cavadovun ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Daha sonra 28-ci PB-nə yaxınlaşan Şəxs bölmədə təhqiqatçı K.Cavadov ilə qarşılaşmış və yenidən onu təhqir etmişdir. Polis əməkdaşları dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də o, daha da aqressivləşmiş və bölmədə olan digər polis əməkdaşlarını da nalayiq ifadələrlə təhqir etmiş, həmçinin bölmənin iş rejimini pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru R.N.Ağazadə tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun keçmiş həyat yoldaşı X2 ilə aralarında mülki xarakterli mübahisələri vardır. Bu səbəbdən də keçmiş həyat yoldaşı onun barəsində dəfələrlə polisə şikayət etmişdir. Sonuncu dəfə 4-5 gün əvvəl o, Bakı şəhər Baş Polis İdarəsinə cağrılaraq, orada izahat yazmışdır. 28 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı K.Cavadov ona zəng edərək bölməyə dəvət etmiş, lakin o, bölməyə gəlməkdən imtina etdiyini təhqiqatçıya bildirmişdir. Daha sonra özü DİN-nin 102 Zəng Mərkəzinə zəng edərək Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı K.Cavadovdan şikayət etmiş, həmçinin şikayət ərizəsi ilə birlikdə 28-ci PB-nə yaxınlaşmışdır. Bölmədə olan zaman o, heçkəsi təhqir etməmiş, əksinə təhqiqatçı K.Cavadov və həmin bölmənin rəisi tərəfindən döyülmüşdür. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PBnin təhqiqatçısı X3 göstərmişdir ki, icraatında HK/1-2967 saylı material ilə bağlı istifadəsində olan mobil nömrədən vətəndaş Şəxs zəng edərək 28-ci PB-nə dəvət etmiş, lakin sonuncu kobud formada danışaraq onun ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Daha sonra 28-ci PB-nə yaxınlaşan Şəxs bölmədə onunla qarşılaşmış və yenidən onu təhqir etmişdir. O, şəxsən özü və digər polis əməkdaşları dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu daha da aqressivləşmiş və bölmədə olan digər polis əməkdaşlarını da nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PBnin polis əməkdaşı X1 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 28 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında olan zaman polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli, AZA 014819 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, A.B.Muradov həmin tarixdə saat 18:45də tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 28 noyabr 2022-ci il tarixdən saat 18:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 28 noyabr 2022-ci il tarixdən saat 18:45dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar