Məhkəmə qərarları › İş №3(004)-698/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-698/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-698/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə Calal-zadə Ülviyyə Əbülfət qızının DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 27 yanvar 2025-ci il tarixli, EQ 25760124 nömrəli protokol əsasında qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Calal-zadə Ülviyyə Əbülfət qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 27 yanvar 2025-ci il tarixli, EQ 25760124 nömrəli protokol əsasında qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ25760124 saylı protokolu ilə ünvan 1 ünvanında 77US506 dövlət nömrə nişanlı idarə etdiyi avtomobilə İXM: 346.4 (Dayanma və ya durma qaydalarını pozma) əsasən 80.00 (səksən) manat cərimə edilməyi haqqında Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən xəta nəticəsində zərər çəkmiş şəxs iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sözügedən protokol-qərarın surətini rəsmi olaraq xx.xx.2025-ci il tarixdə almışdır. xx.xx.2025-ci il tarixdə telefonunda (SMS radar) protokolun surəti əks olunduqdan sonra (rəsmi olaraq almamışdır) o, dərhal DİN-nin 102, 108, 109 “Qaynar xətt” xidmətlərinə və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə yazılı və telefon bağlantısı ilə müraciət edərək əsassız və qanunsuz yazılmış sözügedən EQ25760124 saylı protokolun ləğv edilməsini bildirmişdir. Adı çəkilən protokolla bağlı qərarlı olan kimi dəfələrlə DİN-nin 102, 109 “Qaynar xətt” xidmətlərinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığı şikayət müraciətlərində xx.xx.2025-ci il tarixli, EQ25760124 saylı protokolla ünvan 1 ünvanında 77US506 dövlət nömrə nişanlı idarə etdiyi avtomobilə İXM:346.4 (Dayanma və ya durma qaydalarını pozma) əsasən 80.00 manat cərimə edilməyinin əsassız və qanunsuz olduğunu qeyd etmişdir. Bildirmişdir ki, elektron qaydada çəkilmiş video və şəkillərdən də görünür ki, o, həmin ərazidə idarə etdiyi avtomobili saxlayıb və yaxud da, park etməmişdir. O, yalnız A.M.Şərifzadə küçəsindən digər avtomaşınlar kimi, aralıq küçəyə dönüş etmək üçün dayanıb-gözləmişdir. Ondan qabaq cərgədə, həm də, arxa cərgədə-sırada duran avtomobillər aralıq küçəsindən çıxış edən avtomaşınlara yol vermək üçün dayanmışlar. Maşını bağlayıb tərk etməmiş, park etməmiş, sadəcə sağa dönmək üçün birinci cərgədə dayanmış-park etmiş maşınların yanında saxlayıb, digərləri kimi aralıq-yuxarıdan gələn maşınların yolu boşaldılmasını gözləmişdir. Kamera vasitəsi ilə o, hərəkətdə olarkən də foto şəkillər çəkilmişdir. Yoxlatdıra bilərsiniz. Hətta, DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığı sonuncu şikayət müraciətində qeyd etmişdir ki, mən neçə dəfə sizə müraciət etməliyəm ki, mənim müraciətimə baxasınız? Digər tərəfdən, həmin sözügedən küçədə-ərazidə dayanmadurma ilə bağlı heç bir qadağanedici nişan yoxdur ki, o da onun tələblərini pozmuş olsun. O, avtomobili ilə işıqlarını yandırmaqla sağa dönüş etməyə cəhd etmişdir. O, əvvəlki avtomobil aralıqdan çıxan avtomaşını buraxmaq üçün dayanıb. O və ondan sonrakı arxada dayanan avtomaşınlar da, aralıq küçəyə dönmək üçün saxlayıb, 5-10 saniyə gözləyiblər. Həmçinin o, 3-4 saniyəlik əyləci basmaqla saxladığı yerdə xeyli sayda (40-a yaxın) avtomobillər park etmişlər. Əgər orada ani saniyələr içərisində avtomobilin əyləcini sıxıb saxlamaq qanun pozuntusudursa, bəs niyə həmin yerdə xeyli avtomaşın park edib günlük saxlayır? Yuxarıda qeyd olunanlarla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə dəfələrlə müraciət etmişdir. Lakin bu günə kimi heç bir cavab yoxdur. Bu səbəbdən də, 77US506 dövlət nömrə nişanlı idarə etdiyi avtomobilə İXM: 346.4 (Dayanma və ya durma qaydalarını pozma) əsasən 80.00 manat cərimə edilməyinin əsassız və qanunsuz olduğunu, şikayətinə aidiyyəti qurum tərəfindən baxılmadığına görə, ədalətli həlli üçün məhkəməyə müraciət etməli olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5 maddəsində dayanma və durma qaydalarının pozulmasına görə cərimə yazılması proseduru nəzərdə tutulub. “Prosedur ondan ibarətdir ki, dayanma və durma qaydasını pozmaqla aşkar olunmuş, yaxud duracağa qoyulmuş avtomobillər üzrə qərar verən səlahiyyətli şəxslər ölkəmizin hər yerində X4 əməkdaşlarıdır. Bakı şəhərinin inzibati ərazisində isə həm də, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli əməkdaşları bunu icra edir. Qanun deyir ki, əməkdaş həmin nəqliyyat vasitəsinə yaxınlaşmalı, operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort- komüter və ya planşetlə onun foto və videogörüntüsünü qeydə almalıdır. Daha sonra sistem üzərindən elektron qaydada protokol tərtib etməli, həmin qərarı sistemə yerləşdirməlidir. Sürücünün iştirakı olmadan qərarın bir nüsxəsini isə çap edərək avtomobilin alın şüşəsinə qoymalıdır. Prosedur belədir və orada kamera vasitəsilə elektron qaydada protokol tərtib olunması nəzərdə tutulmur. Kamera vasitəsilə elektron qaydada protokol tərtib olunması nəzərdə tutulan İnzibati xətaların siyahısı İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində göstərilib. Həmin maddədə isə dayanma və durma qaydalarının pozulması hallarından heç biri yoxdur. Yalnız avtobusların dayanacaqdan kənar dayanıb sərnişin mindirmək və düşürməsi barədə qeyd var. Bu da təbii ki, digər nəqliyyat vasitələrinin, minik avtomobillərinin, yük avtomobillərinin, marşurut avtobuslarından kənar avtobuslara aid deyil”. 2021-ci ilin aprelin 14-də İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər qüvvəyə mindi. Bu dəyişikliklərdən ən mühümü İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin əlavə edilməsi oldu. Əlavə olunmuş maddədə birbaşa göstərilir ki, əgər inzibati məsuliyyətə cəlbetmə zamanı qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilirsə bu hal yolverilməzdir. Bu hal olarsa inzibati iş üzrə baş tutan icraata başlamaqdan imtina olunmalıdır. Başlanmış icraat olsa belə həmin icraata xitam verilməlidir. Yəni, qanuna zidd olaraq əldə olunmuş sübutun əsasında qərar çıxarmaq qadağandır. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində də, dəyişiliklər olub. 135-ci maddədə göstərilirdi ki, əgər həmin qanuna zidd üsulla əldə olunmuş sübutdan istifadə olunmuş qərar çıxarılıbsa 53.2 maddəyə istinadən, həmin qərar yuxarı orqan və ya məhkəmə tərəfindən ləğv oluna bilər. Xüsusi araşdırmalar etməyə ehtiyac yoxdur, mənə kamera vasitəsilə cərimə yazılmışdır. xx.xx.2025-ci il tarixli, EQ25760124 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün şikayəti əsaslıdır. Belə ki, sürücü kimi tərəfindən törədilməsi ehtimal edilən, İXM-in 346.4-cü maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilib. Lakin İXM-in 122.1-ci maddəsində həmin Məcəllənin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmayıb, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməyib. Həmin qərarlarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.4-cü maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilib. Həmin inzibati xətalar bilavasitə aşkar edilməyib, yəni qərar qəbul edib və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməyib. Belə olan halda, sürücü kimi əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. İXM-in 8-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunanlara görə şikayəti təmin edilməli, xx.xx.2025-ci il tarixli, EQ25760124 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı iş üzrə tələbə, məcburi köçkünlüyünü nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ25760124 saylı protokolu ilə ünvan 1 ünvanında 77US506 dövlət nömrə nişanlı idarə etdiyi avtomobilə İXM: 346.4 (Dayanma və ya durma qaydalarını pozma) əsasən 80.00 (səksən) manat cərimə edilməyi barədə əsassız və qanunsuz elektron protokolqərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 27 yanvar 2025-ci il tarixli, EQ 25760124 nömrəli protokol əsasında qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Calal-zadə Ülviyyə Əbülfət qızı xx.xx.2025-ci il tarixdə, saat 16:19-da ünvan 1 ünvanında “NİSSAN X-TRAİL minik” markalı, 77US506 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:22 dəqiqələrində “NİSSAN X-TRAİL minik” markalı, 77US506 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayansa da, lakin sağa dönmək üçün və ya başqa səbəblə dayanmasını təsdiq edilməsi video görüntüyə baxdıqdan sonra müəyyən etmək mümkündür. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 346.4-cü maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-698/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3(004)-698/2025 saylı məktubları ilə DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, tərəf inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib-törətməməsi araşdırılmadan, barəsində birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Sadalananlara əsasən inzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Calal-zadə Ülviyyə Əbülfət qızının şikayəti qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 27 yanvar 2025-ci il tarixli, EQ 25760124 nömrəli protokol əsasında qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Calal-zadə Ülviyyə Əbülfət qızının şikayəti qismən təmin edilsin. Calal-zadə Ülviyyə Əbülfət qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 27 yanvar 2025-ci il tarixli, EQ 25760124 nömrəli protokol əsasında qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar