Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7013/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Daşdəmirovun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 09 noyabr 2022-ci il tarixdə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötrü ki, o, əvvəllər barəsində tərtib edilmiş 29 yanvar 2022-ci il tarixli, EQ seriyalı ******* saylı qərara əsasən İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Yəni hazırkı İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola əsasən, şəxs onun barəsində 3 ay əvvəl İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş qərarın icra edilməməsində təqsirləndirilir. Halbuki, İXM-nin 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta deyil. "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" İXM-nin 29-cü Fəslinin tənzimlədiyi İXM-nin 327-348-ci maddələrində olan inzibati xətalardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, İXM-in 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aid deyil. Ona görə də həmin cərimə qərarını qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra etməmə əməlinin törədilməsi, İXM-nin 529.3-cü maddəsinin tərkibini yaratmır. Qeyd olunanlara əsasən Şəxs barəsində tərtib olunmuş 09 noyabr 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 09 noyabr 2022-ci il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan inzibati xəta haqqında iş üzrə 29 yanvar 2022-ci il tarixli, EQ ******* saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. İnzibati xəta haqqında iş üzrə protokol məhkəməyə 29 noyabr 2022-ci il tarixdə daxil olmuşdur. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Bu səbəbdən də hazırkı tarixdə iş üzrə icraatı rədd edən hallar yaranmışdır. İcraatı rədd edən hallar isə mövcud olduqda, iş baxışa təyin edilə bilməz və İXM-nin 38.1, 53.0.6, 105.1, 106.0.4, 109.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş üzrə icraata xitam verilməlidir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Hazırkı iş üzrə cərimə qərarı 29 yanvar 2022-ci il tarixdə qəbul edilib. Həmin tarixin səhəri günündən hesablanmaqla, 3 ay ərzində yəni 30 aprel 2022-ci il tarixədək cərimə qərarı icra edilmədikdə, həmin tarixin səhəri günündən, yəni 01 may 2022-ci il tarixdən hesablanmaqla şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır. Şəxs İXMnin 529.3-cü maddəsi ilə 3 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bildiyindən, həmin tarixdən hesablanmaqla 3 aylıq müddət 01 avqust 2022-ci il tarixdə bitir. Həmin tarixdən sonra inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, şəxs hazırkı tarixdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, bununla da yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXMnin 529.3-cü maddəsinə münasibətdə 03 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 03 aylıq müddətin bitdiyi günün səhəri günü İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 03 ay müddətində tərtib edilə bilər. Bu sonuncu 03 ay müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Qeyd olunanlara əsasən Şəxs barəsində tərtib olunmuş 09 noyabr 2022-ci il tarixli, İXP ******* saylı protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 09 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı və 09 noyabr 2022-ci il tarixli İXP ******* saylı protokollar üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-7013/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7013/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver