Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-708/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon Polis İdarəsinin (RPİ) X1 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialları işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: “Kaskad Supplying» MMC-nin Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Kaskad Supplying» MMC mülkiyyətində olan nəqliyyat vasitəsi üzrə mülki məsuliyyətini icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Bununla da, “Kaskad Supplying» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatətlər daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını nəzərdən keçirib hesab edir ki, “Kaskad Supplying» MMC-nin Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər üçün əlli manat məbləğində, vəzifəli şəxslər üçün yüz manat məbləğində, hüquqi şəxslər üçün üç yüz manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəyə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 123-cü maddəsi məhz foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydalarını tənzimləyir. Belə ki, 123.1-ci maddəyə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Sadalanan normaların məzmunundan görünür ki, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. Xəta hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunan qanunvericilik normalarının təhlilindən müəyyən edilir ki, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tətbiq edilə bilər. Hazırki iş materiallarından isə müəyyən edilir ki, protokol fiziki şəxs barəsində deyil, hüquqi şəxsin özü barəsində tərtib edilmişdir. Həmçinin həmin maddənin dispozitiv şərtlərinə görə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Yəni, qeyd olunan inzibati xətanın subyekti qismində nəqliyyat vasitələrinin bilavasitə mülkiyyətçisi deyil, mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsinin sahibləri çıxış edir. Belə olan halda, inzibati xətanın tərkibinin yaranması üçün ilk növbədə subyekt dəqiq müəyyən edilməlidir. İş materialları əsasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurum- Yasamal RPİ-nin DYPŞ tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın subyekti düzgün müəyyənləşdirilməmişdir. Bundan başqa, tərtib edilmiş inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə bu barədə hər hansı formada məlumatın verilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmiş, inzibati xəta haqqında protokolda həmin protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi, Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, onun imzası, izahat və mülahizələri olan hissələrdə müvafiq qeydiyyatın aparılması və ya belə qeydiyyatın aparılmamasının səbəbləri göstərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcud olub-olmadığını həll etməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş, “Kaskad Supplying» MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 48- 51, 53, 105-109, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-708/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-708/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver