Məhkəmə qərarları › İş №3(004)-709/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-709/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-709/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 168B, məhəllə 3066 olan Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 447.0.4-cü maddəsi ilə 01.03.2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC-yə məxsus mağaza tərəfindən “ASUS” markalı kompyuter (noutbuk) uyğunluq sertifikatı olmadan 27.09.2020-ci il tarixdə satılmışdır. Protokol 01.03.2021-ci il tarixdə tərtib edilib, məhkəməyə 03.03.2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 bildirmişdir ki, hazırkı protokol vətəndaş X2 və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etdiyi müraciətin araşdırılması nəticəsi üzrə tərtib edilmişdir. Çünki protokol və əlavə edilmiş sənədlərdən də bu görünür. Vətəndaşın şikayətində isə göstərmişdir ki, o 27.09.2020-ci il tarixində “xxxx” MMC- yə məxsus mağazadan ASUS markalı noutbuk almışdır. Sonra komputerdə problem yarandığı üçün servisə müraciət ediblər, lakin problem aradan qaldırıla bilməyib, müəyyən edilib ki, noutbukda zavod deffekti vardır və həmin noutbukun yenisi ilə əvəz edilməsi üçün vətəndaş MMC-yə müraciət etsə də, uzun müddət keçməsinə baxmayaraq məsələ həll edilmədiyi üçün vətəndaş bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, həmin noutbukun uyğunluq sertifikatı olmamışdır. Belə olduğu təqdirdə həmin noutbuk aparatı 27.09.2020-ci il tarixində satılması ilə əlaqədar olduğundan, həmin tarixdən artıq 3 aydan çox vaxt keçmişdir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb etmə müddəti bitmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X4 bildirmişdir ki, vətəndaş Məqsəd Bağırov 04.01.2021-ci il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edərək bildirmişdir ki, o 27.09.2020-ci il tarixində “xxxx” MMC- yə məxsus mağazadan ASUS markalı noutbuk almışdır. Sonra komputerdə problem yarandığı üçün servisə müraciət ediblər, lakin problem aradan qaldırıla bilməyib, müəyyən edilib ki, noutbukda zavod deffekti vardır və həmin noutbukun yenisi ilə əvəz edilməsi üçün vətəndaş MMC-yə müraciət etsə də, uzun müddət keçməsinə baxmayaraq məsələ həll edilmədiyi üçün vətəndaş bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Müraciət Xidmətdə araşdırılarkən MMC-yə müraciət edilmiş, lakin MMC tərəfindən müraciətlərə cavab verilməmişdir. Araşdırma zamanı həmin noutbuk avadanlığına dair uyğunluq sertifikatı da təqdim edilməmişdir. Buna görə də həmin şikayətin araşdırılması zamanı aşkar edilmişdir ki, MMC tərəfindən uyğunluq sertifikatı olmayan aparat satılmışdır. Bu səbəbdən də MMC barəsində qeyd edilən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmçinin inzibati xəta vətəndaşın şikayətindən sonra aşkar edildiyindən, buna görə də İXM-nin 38.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Bu səbəbdən də inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan vətəndaş Məqsəd Bədirov 04.01.2021-ci il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş şikayətində bildirmişdir ki, 27.09.2020-ci il tarixində Şəxs MMC-yə məxsus mağazadan “ASUS” markalı kompyuteri almışdır. Həmin kompyuteri (noutbuku) istifadə etdikdə problemlər yaranmışdır, bununla bağlı şirkətlə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Bundan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-yə ünvanlandığı “vətəndaşın müraciəti ilə əlaqədar” 18.01.2021-ci il tarixli, AİBNDX 08/01-5/215 sorğu məktubunda “ASUS” markalı kompyuterin uyğunluq sertifikatının təqdim edilməsi xahiş edilmişdir. Bundan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-yə ünvanlandığı “vətəndaşın müraciəti ilə əlaqədar” 09.02.2021-ci il tarixli, AİBNDX 08/01-5/485 sorğuda bildirilmişdir ki, məktubunda “ASUS” markalı kompyuterin uyğunluq sertifikatının təqdim edilməsi xahiş edilmiş, lakin məktuba heç bir cavab verilməmişdir. Bununla əlaqədar İXM-nin 447.0.4-cü maddəsinə əsasən inzibati məsuliyyət nəzərdə tutulduğu MMC-yə bildirilmişdir. Həmçinin uyğunluq sertifikatının 5 iş günü ərzində təqdim edilməsi xahiş edilmiş, əks təqdirdə uyğunluq sertifikatı olmayan malın satılması kimi qiymətləndirilərək qanunvericiliyə uyğun tədbir görülməsi barədə xəbərdar edilmişdir. Hazırkı iş üzrə inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın qərarında, törədilməsi ehtimal edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin hansı tarixdən hesablanmasına ümumiyyətlə fikir bildirməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi bildirmişdir ki, həmin inzibati xəta vətəndaşın müraciətindən sonra araşdırma zamanı aşkar edildiyi üçün, inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir və bunu İXM-nin 38.2-ci maddəsi ilə əlaqələndirmişdir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, sertifikatı olmayan avadanlıq 27.09.2020-ci il tarixdə satıldığından, inzibati xəta həmin tarixdə törədilmişdir. Belə olduğu təqdirdə 27.09.2020-ci il tarixdən hesablanmaqla artıq hazırkı vaxtda 03 aydan çox müddət keçmişdir. İnzibati məsuliyyətə cəlb etmə müddətinin əvvəli bu tarixdən hesablanmalıdır. Hətta bu tarixdən hesablanmasa da, hər bir halda iş üzrə müəyyən edilir ki, vətəndaşın səlahiyyətli orqana şikayəti 04.01.2021-ci il tarixdə daxil olmuşdur. Həmin müraciətin araşdırılması ilə əlaqədar MMC-yə sertifikatın olub-olmaması, təqdim edilməsi barədə 2 dəfə müraciət edilmişdir. sonuncu dəfə Xidmət tərəfindən 09.02.2021-ci il tarixdə məktub göndərilmiş, uyğunluq sertifikatının 5 iş günü ərzində təqdim edilməsi xahiş edilmiş, əks təqdirdə uyğunluq sertifikatı olmayan malın satılması kimi qiymətləndirilərək qanunvericiliyə uyğun tədbir görülməsi barədə xəbərdar edilmişdir. Belə olduğu təqdirdə uyğunluq sertifikatı təqdim edilmədiyi üçün, 09.02.2021-ci il tarixdən hesablanmaqla, həmin tarixdən 5 gün keçdikdən sonra, yəni 15.02.2021-ci il tarixdən də tarixdən hesablandıqda da artıq hazırda 03 aydan çox vaxt keçmişdir. Buna görə də bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçibkeçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Lakin hazırkı iş üzrə inzibati xəta uzunun və ya davam edən inzibati xətalara aid deyildir. Çünki hazırkı inzibati xəta konkret vaxtda törədilməklə bitir. Belə ki, hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi konkret vaxtla bağlıdır. Yəni sertifikatı olmayan avadanlığın satılması tarixi ilə bağlıdır. Bu iş üzrə tarixin əhəmiyyəti vardır. Bundan əlavə, törədilməsi ehtimal edilən inzibati xəta aşkar inzibati xətadır və avadanlığın satılması aşkardır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri bilir ki, nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər “uzanan” inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır kimi müddəa olsa da, həmin müddəanın tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir.

1. Həmin maddə yalnız uzanan inzibati xətalara münasibətdə əhəmiyyət kəsb edir.

2. Həmin maddə inzibati xətanın səlahiyyətli orqana aşkar olduğu vaxtı ehtiva etmir.

3. Həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sorakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.1.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə baş verməsi ehtimal edilən inzibati xəta ümumiyyətlə “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilmir. Çünki 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə olduğu təqdirdə hazırkı iş üzrə hüquqi şəxs uyğunluq sertifikatı olmayan malın satılmasında təqsirləndirildiyi üçün, həmin mal 27.09.2020-ci il tarixdə satıldığından, həmin tarixdə uyğunluq sertifikatı olmayan malın satılmaqla, inzibati xəta törədilmişdir və bitmişdir. Oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Yəni bu cür inzibati xətalarda, xətanın səlahiyyətli orqanın aşkar edildiyi vaxtdan deyil, inzibati xətanın törədilmə vaxtından hesablanmaqla, inzibati məsuliyyətə cəlb etmə müddəti hesablanır. Bununla da yuxarıda qeyd edildiyi kimi uyğunluq sertifikatı olmayan mal 27.09.2020-ci il tarixdə satıldığından, həmin tarixdə də uyğunluq sertifikatı olmayan malın satılması ilə inzibati xəta törədilmişdir və bitmişdir. Bu tarixdən hasablanmaqla artıq 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti bitmişdir. Hətta yuxarıda sadalanan bütün halları ümumiləşdirərək, məhkəmə qeyd edir ki, hətta hazırkı iş üzrə törədilməsi ehtimal edilən inzibati xəta “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilsə də belə, onda vətəndaşın səlahiyyətli orqana şikayəti 04.01.2021-ci il tarixdə daxil olduğundan, həmin müraciətin araşdırılması ilə əlaqədar MMC-yə sertifikatın olub-olmaması, təqdim edilməsi barədə 2 dəfə müraciət edildiyindən, sonuncu dəfə Xidmət tərəfindən 09.02.2021-ci il tarixdə məktub göndərilmiş, uyğunluq sertifikatının 5 iş günü ərzində təqdim edilməsi xahiş edilmiş, əks təqdirdə uyğunluq sertifikatı olmayan malın satılması kimi qiymətləndirilərək qanunvericiliyə uyğun tədbir görülməsi barədə xəbərdar edildiyindən, belə olduğu təqdirdə uyğunluq sertifikatı təqdim edilmədiyi üçün, 09.02.2021-ci il tarixdən hesablanmaqla, həmin tarixdən 5 gün keçdikdən sonra, yəni 15.02.2021-ci il tarixdən də tarixdən hesablandıqda da artıq hazırda 03 aydan çox vaxt keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar