Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-709/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkilləri X3 və X4 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova, ev 6 olan Şəxs QSC (VÖEN: **********) Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 fevral 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs QSC tərəfindən 45760 (qırx beş min yeddi yüz altmış) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə ərizəsinə əsasən "xxxx" ASC-də olan bank hesabından 10 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 45760.00 (qırx beş min yeddi yüz altmış) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya vəsait hesabına xidmətlərin göstərilməsini, işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili X7 oğlu izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, texniki yanlışlığa yol verilərək köçürmə ərizəsində avans qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili X8 oğlu izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, texniki yanlışlığa yol verilərək köçürmə ərizəsində avans qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs QSC-nin direktoru X9 Məhkəmə Sistemi vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 5 fevral 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilmişir. Cəmiyyətin inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir ki, Cəmiyyət 45760 ABŞ dolları vəsaiti 10.01,2023-cü il tarixdə xaricə köçürmüş, iki il keçsə də, vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, vəsait geri qaytarılmamışdır. Bildiririk ki, iş materiallarında olan 10.01,2023-cü il tarixli köçürmə haqqında ərizədə ödənişin təyinatı hissəsində texniki səhvə yol verilmiş, ödənişin “prepayment” - əvvəlcədən ödəniş olduğu qeyd edilmişdir. Lakin burada ödənişin təyinatının sonradan köçürülən ödəniş olduğu yazılmalı idi. Belə ki, elektron məhkəmə sisteminə əlavə etdiyimiz iki gömrük bəyannaməsindən də aydın olur ki, xx.xx.2023-cü il tarixində ümumilikdə 45760 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Həmçinin Cəmiyyət və "Keskinoğulları Yiyecek içecek ve Gıda Dış TİC.LTD.ŞTİ." arasında bağlanılan müqaviləyə əlavə 1-də qeyd edilmiş malların növləri və sayı da gömrük bəyannamələrindəki məlumatlarla uyğunluq təşkil edir, inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Xahiş edirəm Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan inzibati xəta haqqında 3(004)-709/2025 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilsin. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Elektron Məhkəmə Sistemi vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, İcraatınızda olan 3(004)-709/2025 nömrəli iş üzrə bildirilir ki, Şəxs QSC tərəfindən xx.xx.2023-cü il tarixində xarici şirkətin hesabına müvafiq malların idxalı ilə bağlı avans ödənişi kimi 45760,00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Hazırda “CDF" QSC tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, təqdim olunan **********6356 və **********6359 nömrəli yük gömrük bəyannamələri ilə ölkəyə mallar 07.01,2023-cü il tarixdə idxal edilmişdir. Halbuki, avans ödənişi zamanı sifariş olunan mallar ödənişdən sonra idxal edilməlidir. Qeyd edilən səbəblərdən dolayı yük gömrük bəyannaməsində (10-cu qrafa) malların çatdırılma şərti kimi 100 (avans - əvvəlcədən ödəmə) kodu əvəzinə 120 (sonradan ödəmə) kodu qeyd olunmuşdur. Yuxanda göstərildiyi kimi, avans ödənişləri zamanı malların ödənişdən sonra idxal edilməsi, çatdırılma şərti kimi isə 100 kodu qeyd olunmalıdır. Göstərilənlərə əsasən protokolun müdafiə edildiyinin nəzərə alınması xahiş olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli xarici valyutada köçürmə ərizəsindən görünür ki, Şəxs QSC-nin bank hesabından “X1 ve Gıda Dış Ticaret Limited” şirkətinin bank hesabına xx.xx.2022-ci il tarixli CDF-SC-0021 nömrəli müqaviləyə və xx.xx.2022-ci il tarixli 1023-021 nömrəli invoysa əsasən 45760.00 (qırx beş min yeddi yüz altmış) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, Şəxs MMC ilə “X1 ve Gıda Dış Ticaret Limited” şirkəti arasında xx.xx.2022-ci il tarixli CDF-SC-0021 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 1023-021 nömrəli proforma invoysdan görünür ki, idxal ediləcək malların ümumi dəyəri 45760.00 (qırx beş min yeddi yüz altmış) ABŞ dolları təşkil edir. xx.xx.2023-cü il tarixli **********6356 nömrəli gömrük bəyannaməsinə əsasən 45760.00 (qırx beş min yeddi yüz altmış) ABŞ dolları dəyərində mallar “X1 ve Gıda Dış Ticaret Limited” tərəfindən ixrac edilmiş və bəyannamənin 20-ci qrafasında çatdırılma şərtləri 120 kodu ilə qeyd edilmişdir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs QSC 45760.00 (qırx beş min yeddi yüz altmış) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 10 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 45760.00 (qırx beş min yeddi yüz altmış) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Şəxs QSC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********6356 nömrəli gömrük bəyannaməsində çatdırılma şərtləri bölməsində 120 kodu göstərilmişdir ki, bu da müqavilə şərtlərinə və köçürmənin təyinatına uyğun deyildir. Yəni Şəxs QSC tərəfindən təqdim edilmiş bəyannamənin 10 yanvar 2023-cü il tarixdə köçürmüş 45760.00 (qırx beş min yeddi yüz altmış) ABŞ dolları məbləğində vəsaitə aidiyyatı olduğu müəyyən edilmir. xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X6 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərə əsasən Qaydaların 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” 4.3.10-cu yarımbənddə isə “qeyri-rezidentlər tərəfindən” sözlərindən sonra “və ya onların xeyrinə” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 45760.00 (qırx beş min yeddi yüz altmış) ABŞ dolları məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 9152.00 (doqquz min bir yüz əlli iki) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-709/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-709/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver