Məhkəmə qərarları › İş №3(004)-710/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-710/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-710/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar istiqamətində hərəkətdə olan zaman, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşkları tərəfindən saxlanılmışdır. Saxladıqdan sonra məlum olmuşdur ki, o, nəqliyyat vasitəsinin detallarını dəyişdirmişdir və buna görə də polis əməkdaşları ondan avtomobili duracağa təmin etməsini tələb etmişdirlər. O, özünü prokurorluq əməkdaşı kimi təqdim edərək polis əməkdaşlarına hədə-qorxu gəlmiş, onları mobil telefonla çəkməyə başlamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, buna məhəl qoymayaraq öz əməllərini davam etdirmiş, polis əməkdaşları ilə mübahisə etmişdir. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs polisin göstərişinə tabe olmamışdır. O, şəxsən hadisənin iştirakıçısı olmamışdır. Raport əsasında protokol tərtib olunmuşdur. Hadisə Şərifzadə küçəsində olmuşdur. Problem maşının dayanacağa qoyulması ilə bağlı olmuşdur. Lakin avtomobilin cərimələrinin olması da müəyyən olunmuşdur. Şəxs cərimələri yerində ödəmişdir. Lakin nəqliyyat vasitəsini duracağa aparılmasını təmin etməmiş, polisin göstərişlərini yerinə yetirməmişdir. Dəfələrlə polis əməkdaşları ona izah etmişlər ki, nəqliyyat vasitəsinə əlavə küstar üsulla hazırlanmış avadanlıqlar quraşdırılmış, konstruktiv dəyişikliklər edilmiş, lakin şəxs polisin vaxtını alaraq mübahisə etmişdir. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, özünü təqsirli bilmir. Onu Moskva prospektində saxladılar. Saxlanılmağına səbəb təhlükəsizlik kəməri taxmamağı olmuşdur. Bu barədə polislər haqlı idilər. Amma konstruksiya dəyişikliyi ilə bağlı məsələyə gəldikdə isə, 2014 model “Range Rover”i eyni modelin 2020-ci ilinə yığdırmışdır. Yanında polis əməkdaşı əyləşib. Özü isə səs qeydi aparırdı. Əməkdaşlardan tələb və xahiş etmişdir ki, 90-cı maddəyə əsasən protokol tərtib olunsun. Bu protokoldan da o, sonra məhkəməyə şikayət edə bilsin. X6 adlı şəxs onunla kobud rəftar etdi. Sonra isə heç nə demədən bölməyə dəvət etdilər. Əməlindən peşmandır ancaq o hissədə ki, kəmərdən istifadə etməmişdir. Digər hissələrdə özünü təqsirli bilmir. Həmçinin o hüquqşünas ailəsində böyümüşdür. Qanunvericiliyə əsasən nəqliyyat vasitəsində normativ tələblərin pozulması tam başqa məna daşıyır. O nəqliyyat vasitəsində ancaq qabaq və arxa fara, kapot və buferi dəyişmişdir. Bu dəyişikliyə görə polislərin onu dayandırıb, nəqliyyat vasitəsini duracağa aparmağa ixtiyarı yox idi. Polisin onunla qanunsuz davranışını isə telefona yazmış və məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirdi ki, hər hansı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi normativ tələblərə ziddir. Avtomobilə qoyulmuş Çin istehsalı faralar təhlükə mənbəyidir. Belə ki, həmin faralar paytaxtda bir neçə dəfə yanğına səbəb olmuşdur. Şəxsə dəfələrlə avtomobilin dayancağa aparılması zərurəti bildirilmişdir. Lakin onların qanuni göstərişlərinə əməl etmək yerinə, şəxs ora-bura şikayət edəcəyini bildirdi. Həmçinin özünü yalandan prokurorluq əməkdaşı kimi təqdim etmişdir. Əvvəl razılaşsa da, duracağa yaxınlaşanda avtomobilin mühərrikin söndürmüş və dayanmışdır. 3 saat hardasa vaxt itirmişlər bu vətəndaşa görə, çünki onlarla mübahisə edirdi, göstərişlərə əməl etmirdi, uca səslə şikayət edəcəyi ilə polisləri hədələyirdi. Məcbur olub əlavə PPX X9 Alayının əməkdaşlarını köməyə dəvət etmişlər. Onlar da öz raportla bölməyə müraciət ediblər. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirdi ki, barəsində protokol tərtib edilmiş Şəxs Şamaxinka ərazisində çox səs-küy salmışdır. Ətrafdakı insanların diqqətini mənasız yerə cəlb etmişdir. Polisin iş rejimini pozmuşdur. Vətəndaş onların 3 saatdan çox vaxtını almışdır. Eyni zamanda şəxsin özünün qeyd etdiyi kimi ona kobud rəftar olmamışdır. Şəxs telefonun kamerası ilə polis əməkdaşını çəkməyə başlayan zaman Əlibaba ona telefonu söndürməsini bildirmişdir. Şəxs tabesizlik göstərmişdir. Hər zaman polisləri şikayət edəcəyi ilə hədələyirdi, bu isə yolverilməzdir. Burada polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamadan da əlavə polis əməkdaşlarına hörmətsizlik də var. X10 əməkdaşları da köməyə gəlmişlər, 5-6 nəfər polis əməkdaşı təqsirləndirilən şəxsə nəqliyyat vasitəsininin duracağa aparılmasının zəruri və qanuni olduğunu dəfələrlə izah etmişlər. Vətəndaş heç kimə qulaq asmırdı və yalnız öz bildiyini edirdi. Bundan əlavə vətəndaş barəsində İXM-in 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmiş və məhkəməyə göndəriləcək. Barəsində ən ciddi cəza verilməsini xahiş edir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı Şəhər BPİ X13 İdarəsinə bilavasitə tabe olan YPXA yol patrul inspektorları R.V.Süleymanov, F.R.Musazadə və Ə.Bədəlzadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilir. İş materiallarındakı xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 gün (səkkiz gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixindən, saat 17:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar