Məhkəmə qərarları › İş №3(004)-711/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-711/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-711/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X5 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində (istifadəsində) olan “FLAT DOBLO 1.4 MAXİ” (yük) markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə və barəsində iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən onlara göndərilən sorğunun qəbul edilməsinə dair xəbərnamə və digər sənədlər mövcuddur. İş materiallarında olan xəbərnamədən belə görünür ki, onlar şirkət olaraq 06 noyabr 2023 tarixində 99JY642 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədilən inzibati xəta ilə bağlı sorğunu 2023-cü ilin dekabr ayında əldə etmişlər. Yəni xəbərnamədə olan tarix dekabr ayına təsadüf edir. Lakin, bu tamamilə yanlışdır, belə ki, Yasamal rayon DYPŞ-i daha öncə də etdiyi kimi, yenə məhkəməyə yanlış sənədləri göndərmişdir. Belə ki, işdən də göründüyü kimi 99JY642 dövlət qeydiyyat nişanlı avtomobil 06 noyabr 2023-cü il tarixdə inzibati xəta törətmişdir, həmin xətanı törədən zaman avtomobili idarə edən şəxslə bağlı sorğunu DYPŞ onlara ən qısa zamanda göndərir ki, sürücüyə inzibati tənbeh tətbiq etsin. Bu sorğu Yasamal DYPŞ tərəfindən 23 noyabr 2023-cü il tarixdə onlara göndərilmiş və 27 noyabr tarixində sorğu onlara rəsmi qaydada çatmışdır. Bu sorğu ilə pararlel olaraq, şirkətləri digər maşınları ilə bağlı olan sorğular da bir məktubda cavablandırılmaqla 28 noyabr 2023-cü il tarixdə Yasamal RPİ-nin DYPŞ-nə göndərilmiş və 29 noyabr 2023 tarixdə qarşı tərəf məktubu almışdır. Həmçinin qeyd edilmişdir ki, şirkətin balansında 100-dən artıq nəqliyyat vasitəsi olduğu üçün, mütəmadi olaraq belə sorğular göndərilir, onlar tərəfindən 5 təqvim gününü keçirmədən həmin sorğuları cavablandırılır. İşə əlavə edilən xəbərnamə başqa sorğu məktubuna aid olmuşdur, çünki əks halda, Yasamal DYPŞ-nin mövqeyinə uyğun onlar sorğunu dekabr ayında qəbul etmiş olsa idilər, 28 noyabr 2023 tarixli cavab məktubunda 06 noyabr 2023 tarixinə aid inzibati xəta ilə bağlı yaza bilməzdilər. İnzibati xəta haqqında protokol tərtib edən orqan məhkəməyə yanlış, başqa sorğuya aid xəbərnamə və sənədlər göndərmişdir. İşdə olan 06 noyabr 2023-cü il tarixə aid inzibati xətaya dair sorğu yuxarıda da qeyd etdikləri kimi 27 noyabr 2023-cü il tarixdə qəbul edilmişdir, DYPŞ özü də 23 noyabr 2023cü il tarixdə bu sorğunu göndərmişdir. Odur ki, Yasamal rayon DYPŞ tərəfindən məhkəməyə təqdim edilən xəbərnamənin başqa sorğuya aid olması, 06 noyabr 2023-cü il tarixli inzibati xəta ilə bağlı sorğunun şirkət tərəfindən qəbul edildiyi 27 noyabr 2023-cü il tarixdən 1 gün sonra cavablandırıldığı və 29 noyabr 2023-cü il tarixdə DYPŞ tərəfindən cavab məktubunun təhvil alınması nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə barəsində icraat aparılan hüquqi şəxsin yazılı mülahizəsini, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin "xxxx" MMCyə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:55-də Cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “FLAT DOBLO 1.4 MAXİ YUK” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məktub ilə Yasamal RPİ-nin DYPŞ-nin protokola əlavə etdiyi sorğu müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edildi ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən Cəmiyyətə ünvanlanmış sorğu ilə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş sorğu eynilik təşkil edir. Cəmiyyət tərəfindən təqdim edilmiş zərfdən müəyyən edilir ki, sorğu xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Cəmiyyət tərəfindən Yasamal RPİ-nin DYPŞ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan isə müəyyən edilir ki, "xxxx" MMC-nin mülkiyyətində olan “FLAT DOBLO 1.4 MAXİ YUK” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə saat 12:55-də etibarnamə əsasında idarə etmiş sürücü X2 barədə Yasamal RPİ-nin DYPŞ-yə ətraflı məlumat verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində (istifadəsində) olan “FLAT DOBLO 1.4 MAXİ YUK” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu 27 noyabr 2023-cü il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmiş və qeyd edilən sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilmişdir. Belə ki, Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdən və məktubdan, ona əlavə edilmiş xəbərnamədən müəyyən edildi ki, səlahiyyətli orqanın sorğusuna cavab məktubu 29 noyabr 2023-cü il tarixdə təhvil verilmişdir. Bununla da, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Göstərilənlərlə yanaşı qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş "xxxx" MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Yasamal rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar