Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7198/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X9 X1 və onun nümayəndəsi və vəkili X7 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsinin 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Qaradağ rayon poçt şöbəsindən ona zəng vurularaq poçt şöbəsində onlara çatacaq məktublar olduğu və oraya yaxınlaşaraq həmin məktubları qəbul etməsini xahiş edilmişlər. Elə həmin tarixdə o poçt şöbəsinə yaxınlaşaraq SS**********AZ, SS816497823AZ və SS816514053AZ ştrixkod nömrəli zərfləri qəbul etmişdir. SS**********AZ ştrix-kod nömrəli zərfdə araşdırmanın aparılması barədə 21 oktyabr 2022-ci il tarixli **********7 nömrəli məktub, SS816497823AZ ştrix-kod nömrəli zərfdə 01 noyabr 2022-ci il tarixli **********6 nömrəli məktub, 30 oktyabr 2022-ci il tarixli MN1497991 nömrəli inzibati xəta haqqında protokol və 01 noyabr 2022-ci il tarixli **********12 nömrəli bildiriş məktubu, SS816514053AZ ştrix-kod nömrəli zərfdə isə 10 noyabr 2022-ci il tarixli məktub və 10 noyabr 2022-ci il tarixli MN1292544 nömrəli inzibati tənbehvermə haqqında protokol yerləşdirilmişdir. Qeyd edilən sənədlərlə tanış olarkən ona məlum olmuşdur ki, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin direktoru olaraq barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 3000 manat məbləğində cərimə olunmuşdur. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi o sözügedən inzibati xəta haqqında iş üzrə icraatın aparılma yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmadığı, işin araşdırılmasına cəlb edilmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən imperativ tələblərini pozmaqla barəsində inzibati xəta haqqında icraat aparılmaqla onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.1-61.1.5-ci maddələri ilə müəyyən edilmiş hüquqları qanunsuz və əsassız olaraq məhdudlaşdırılmışdır. Barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X17 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Halbuki, T.Alıyevlə əmək müqaviləsinin rəsmiləşdirilməməsi onun öz təkidi ilə baş vermişdir. Belə ki, T.Alıyev rəhbəri olduğu müəssisəyə kiçik mühasib vəzifəsinə işə qəbulla bağlı müraciət edərkən tərəfindən ondan əmək müqaviləsinin rəsmiləşdirilməsi üçün əmək kitabçasının və digər müvafiq sənədlərin təqdim edilməsi tələb edilərkən o, həmin vaxt başqa bir müəssisədə əmək müqaviləsi üzrə işlədiyini, hazırda məzuniyyətdə olduğunu və məzuniyyəti bitdikdən sonra sənədləri təqdim edə biləcəyini qeyd etmiş, həmçinin bu müddət ərzində müəssisələrinə gəlib işlə tanış olması və təcrübə üçün həmin vəzifəyə uyğun müəyyən tapşırıqların icra edilməsində ona yardımçı olmaqlarını xahiş etmişdir. Bundan sonra T.Alıyevin xahişi və təkidi nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən o müəssisə ilə əməkdaşlığa başlamışdır. Bu hal adı çəkilən şəxsin X15 ünvanlanmış ərizəsində də onun tərəfindən etiraf edilmişdir. xx.xx.2022-ci il tarixdə müəssisəsində iş həcminin azalması nəzərə alınaraq kiçik mühasib vəzifəsi üzrə ştatın ləğv edildiyi T.Alıyevə bildirildikdə o bunu anlayışla qarşılamış və tərəfindən onun əmək haqqı məbləği və son haqq hesabı hesablanaraq 695 manat nağd pul vəsaiti müvafiq qəbzə imza etdirilməklə ödənilmişdir. Göründüyü kimi müəssisənin və onun adı çəkilən şəxsin qəsdən əmək müqaviləsi bağlamadan işə qəbul edilməsi niyyəti olmamışdır. Müəssisədə ümumiyyətlə belə hallara yol verilmir. İXM-nin 192.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta adətən işçilərin əmək hüquqlarının məhdudlaşdırılması, vergi və digər müvafiq ödənclərdən yayınmaq niyyətilə təqsirin qəsd forması ilə törədilən əməldir. Onun və rəhbəri olduğu müəssisənin isə belə bir niyyəti olmamışdır. Əgər belə bir niyyət olsaydı adı çəkilən şəxsə onunla razılaşdırılmış vəzifə üzrə aylıq 700 manat əmək haqqı məbləği və son haqq-hesab hesablanıb ona ödənilməzdi. İşin bu qeyd edilən halları barədə tərəfindən xx.xx.2022-ci il tarixli məktubla X11 Bakı şəhər idarəsinin rəhbərliyinə bildirilmişdir. Lakin inzibati orqan işin qeyd olunan faktiki hallarını, həmçinin inzibati xətada təqsirləndirilən şəxsin həmin əmələ psixi münasibətini, əməlin motiv və məqsədini araşdırmadan formal əsaslarla hazırda mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 nümayəndəsi və vəkili X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X18 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 31 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə protokoluna əsasən "xxxx" MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə uyğun olaraq yazılı əmək müqaviləsi X17 ilə bağlanmamış və o müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X17 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X6 barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC-nin direktoru Ceyhun Mustafayev tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X8 11 gün işləməsi müqabilində 695 manat ödəniş edildiyi bildirilmişdir. X17 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə ünvanlanmış 10 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də mühasib vəzifəsində işə başlamışdır. Lakin o fəaliyyətə başlayanda əmək müqaviləsi bağlamamışdır. Buna səbəb bundan əvvəlki iş yerində məzuniyyətdə olması idi. Yeni iş yerində tələb edilmişdir ki, əvvəlki iş yerində əmək müqaviləsinə xitam verilməlidir. Cari iş yerində əmək müqaviləsinə xitam verildikdən sonra "xxxx" MMC-də əmək müqaviləsi bağlamaqdan imtina etmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X17 ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsinin 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X6in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsinin 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-7198/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7198/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver