Məhkəmə qərarları › İş №3(004)-723/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-723/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-723/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, AR DİN Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AR DİN Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 14:45 radələrində ona məxsus “Chevrolet Malibu minik” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Həsən bəy Zərdabi və Abdulvahab Salamzadə küçələrinin kəsişməsində, “Qələbə dairəsi" adlanan yerdə hərəkətdə olarkən, “Yol ver” nişanının tələbinə uyğun olaraq qarşıdan gələn nəqliyyat vasitələrinə yol vermək üçün avtomobilini dayandırdığı zaman, “Changan Uni-Z” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilinin sağ tərəfindən olduğu hərəkət zolağına eləcə də, avtomobilinin qarşısına çıxdığından qəza baş vermişdir. Qəza səbəbi ilə avtomobilləri həmin yolun kənarına çəkdikdən sonra DYP əməkdaşı onlara yaxınlaşaraq, onun və digər nəqliyyat vasitəsinin sürücüsünün “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrini və sürücülük vəsiqələrini” alaraq, həmin gün sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını almaqlarını, növbəti gün saat 10:00-da Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 7 nömrəli otağına yaxınlaşmalı olduqlarını bildirmiş və hadisə yerini tərk etmişdir. xx.xx.2025-ci il tarixində Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 7 nömrəli otağına yaxınlaşmışdır. Həmin otaqdakı iki nəfər əməkdaş əvvəlcə digər nəqliyyat vasitəsinin sürücüsünü qəbul etdikdən sonra onu qəbul etmişlər. Qəbul zamanı xx.xx.2025-ci il tarixində baş vermiş qəza ilə bağlı izahat yazaraq hadisə barədə məlumat vermişdir. Mobil telefon vasitəsilə baş vermiş hadisənin videogörüntüsünü ona göstərərək, onun baş vermiş hadisənin təqsirkarı olduğunu bildirmişlər. Bu halda, inzibati xəta haqqında protokolu tələb etməyinə baxmayaraq, elektron sistem üzərindən ona göndəriləcəyini bildirmişlər. O, həmin otağı tərk etdikdən bir neçə dəqiqə sonra mobil telefonuna və elektron poçt ünvanına inzibati xəta haqqında protokol ilə bağlı məlumatlar İXM 327.1. əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə göndərilmişdir. Lakin baş venmiş hadisə ilə bağlı inzibati xəta haqqında protokol kağız daşıyıcıda ona təqdim edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinə əsasən, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yer dəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin maddənin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Digər nəqliyyat vasitəsi sürücüsü isə zolağını dəyişmək istəsə də, sola dönmə siqnalı verməmişdir. Doğrudur, həmin maddənin 10-cu hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Burada iki məqamı qeyd etmək lazımdır: onların hərəkət trayektoriyaları kəsişmir, çünki əgər digər sürücü Abdulvahab Salamzadə küçəsinə daxil olan zolaqlarda dayanmışdırsa, o zaman onun olduğu zolağa keçmək üçün dönmə siqnalı verərək, ona yol verdiyinə əmin olaraq dönməli idi. Yox, əgər o birbaşa Abdulvahab Salamzadə küçəsinə deyil, həmin küçənin sağ tərəfi ilə davam edən iki zolaqlı yola (xəritədə göstərilir) birləşən zolaqlarda dayanmışdısa, yenə də Abdulvahab Salamzadə küçəsi ilə davam edən zolaqlara keçməsi üçün dönmə siqnalı verməli, yol verildiyinə əmin olduqda yerdəyişmə manevri etməli idi. Bundan başqa əgər onlar hərəkət trayektoriyalarının kəsişdiyini güman etsələr belə, onların hərəkət trayektoriyaları “yol ver” nişanın tələbinə əməl edərək soldan gələn nəqliyyat vasitələrinə yol verdikləri nöqtədə, yəni qəzanın baş verdiyi nöqtədə deyil, həmin nöqtədən təxminən ən azı 40-50 metr sonra kəsişməli idi. Hadisə baş verən zaman o “Yol ver” nişanının tələbinə uyğun olaraq qarşıdan (sol tərəfdən) gələn nəqliyyat vasitələrinə yol verərək, olduğu hərəkət zolağı üzrə heç bir yerdəyişmə etmədən, avtomobilindən solda olan digər iki nəqliyyat vasitələrinə paralel olaraq onlarla birgə hərəkət etmişlər. Ondan sağdakı hərəkət zolağında olan “Changan Uni Z” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə olduğu hərəkət zolağından çıxaraq dönmə siqnalı vermədən qarşısına keçməyə, həmçinin onu və ondan solda olan digər avtomobilləri qabaqlayaraq daha tez Abdulvahab Salamzadə küçəsinə keçməyə cəhd etdiyindən qəza baş vermişdir. Baş vermiş qəza ilə bağlı videogörüntünün də əldə edilərək baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun ifadə verərək, şikayətin təmin edilməsini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X2 şikayətə etiraz edərək bildirmişdir ki, qərar qanuni və əsaslı olduğundan şikayət təmin edilməməlidir. Belə ki, hadisənin videogörüntülərini hazırda məhkəməyə təqdim etmək mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət ərizəsinə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, AR DİN Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün AR DİN Bakı şəhər X7 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AR DİN Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 oğlu xx.xx.2025-ci il tarixində, saat 14:50-də Qələbə dairəsi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Hadisənin baş vermə görüntülərini özündə əks etdirən videogörüntüyə (inzibati orqanın nümayəndəsinin mobil telefonunda təqdim olunmuş) məhkəmə iclasında baxış keçirilən zaman videonun çəkilmə rakursu hadisəni hərtərəfli müşahidə etməyə imkan vermədiyindən yalnız mülahizələrə əsaslanmaq mümkün olmuşdur. Belə ki, həmin rakursdan görünür ki, “Chevrolet Malibu” minik markalı avtomobil yol kəsişməsinə daxil olarkən onun sağ tərəfində hərəkət edən “Changan Uni-Z” minik markalı avtomobil hərəkət trayektoriyasını dəyişərək “Chevrolet Malibu” minik markalı avtomobilin qarşısına çıxır və nəticədə yol nəqliyyat hadisənin baş verməsi ilə nəticələnir. Qeyd edilən videogörüntünün qeydə alınma rakursu məhdud olduğundan həmin görmə bucağından hadisəni tam obyektiv dəyərləndirmək mümkün olmamışdır. Buna görə də həmin ərazini müşahidə edən digər görüntü kameralarındakı görüntülərə baxış keçirilməklə tərəfin iştirakı ilə inzibati xəta hadisəsi yenidən obyektiv araşdırılmalıdır və yalnız bundan sonra əsaslı qərar qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, AR DİN Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün AR DİN Bakı şəhər X7 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. AR DİN Bakı şəhər X7 İdarəsi xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün AR DİN Bakı şəhər X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar