Məhkəmə qərarları › İş №3(004)-7240/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7240/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7240/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1, Tələbkar – X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 03 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2059/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ödəməni tam icra etməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, cavabdeh Şəxs xx.xx.2024cü il tarixli borc müqaviləsi üzrə 13.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 129 (manat pul tutularaq iddiaçı X3 ödənilməlidir. Borclu tərəfindən tələbkara müəyyən qədər ödənişlər edilmişdir. Tələbkar tərəfindən borcun tam şəkildə ödənilməsi tələb olunur. İcra sənədi indiyə qədər borclu tərəfindən tam şəkildə icra edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin icrasından yayınmır. Borcu tez bitsin deyə məvacibindən tulmalardan kənar ödənişlər edir, ödəniş etməkdən yayınmır. Ancaq tələbkarın tələb etdiyi kimi borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirdi ki, borclu ödənişləri mütəmadi olaraq ödəmir. O, hal-hazırda borclu Şəxs borcunun tam şəkildə ödənilməsini tələb edir. Həmçinin borclunun mülkiyyətində əmlak vardır, ondan tutularaq borcunun ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2059/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ödəməni tam icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2059/2025 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 13.000 (on üç min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 129 (bir yüz iyirmi doqquz) manat pul tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. 04 sentyabr 2025-ci il tarixdə Şəxs icra şöbəsinə gəlmədiyinə görə xəbərdarlıq edilmiş, xəbərdarlıq Şəxs tərəfindən imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-684/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın surətindən görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2059/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Şəxs iş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, maddi vəziyyəti pis olduğu üçün icra sənədi üzrə tələbi bugünədək tam şəkildə icra edə bilmədiyini, icra sənədi üzrə maddi vəziyyətinə görə ödəniş etmədiyini, icra sənədi borcunu 2025-ci ilin sonuna ödəyəcəyini, adına daşınar və ya daşınmaz əmlakın olmadığını, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağız və ya əmanəti olmadığını qeyd etmişdir. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2059/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.1982-ci il tarixində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi, qərar icra edilməsi üçün Yasamal rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakın olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında xx.xx.2025-ci il tarixli aktdan görünür ki, borclunun yaşadığı ünvan 5 ünvanda Şəxs yaşamadığı aşkar edilmişdir. Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2059/2025-008 nömrəli, xx.xx.2025 -ci il tarixli icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan LEXUS LX570 MİNİK markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qəbzlərin surətindən görünür ki, Şəxs tələbkar X2 hesabına müəyyən vaxtlarda (xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə) müvafiq olaraq 1.000 manat, 500 manat və 2.000 manat ödənişlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs borcunu tam şəkildə olmasa da, qismən ödədiyi, maddi vəziyyətinin zəif olması ilə əlaqədar borcunu tam ödəyə bilmədiyi müəyyən edilmiş, göstərilən hal məhkəmə iclasında iştirak edən icra məmuru tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Şəxs əməlində üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, o, maddi vəziyyətinin zəif olması səbəbindən borcu yaranmış, ancaq mütəmadi olaraq müəyyən qədər ödənişlər etmiş, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə isə borcundan 2.000 manat ödəniş etmişdir ki, göstərilən bu hallar Şəxs üzrsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, tələbkarın və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən xeyli müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borcundan müəyyən qədər ödənişlər etməsi, qərəzli olaraq borcundan boyun qaçırmaması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar