Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7254/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhəri İdarəsinin nümayəndəsi Nümayəndə1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 54, mənzil 28 ünvanında olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialla əsasən, vətəndaş Şahid xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-də müsahibəçi vəzifəsi üzrə qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə1 bildirdi ki, vətəndaş Şahid onlara müraciət etmişdir. Adıçəkilən müəssisədə 3-5 gün işləyib. Amma əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2025-ci il tarixdə işdən çıxarılıb. xx.xx.2025-ci il tarixdən işlərin görülməsinə cəlb edilib. xx.xx.2025ci il tarixli məktub mövcuddur. Qeyd olunur ki, intizamı pozub. İntizamı necə poza bilər? Deməli işləyib, işə götürülüb. Sınaq dövrünə uyğun gəlməyib vurğulanır. Amma əmək məcəlləsində sınaq müddəti ilə əmək müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Müəssisə sınaq müddəti müəyyən edərək əmək müqaviləsi bağlaya bilərdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC -nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, o şəxsi tanımır. Şirkətin işi marketinq üzrə məsləhətdir. Yəni işin xarakteri başqadır. Həmin şəxslə xidmət müqaviləsi bağlanıb. Əmək müqaviləsi ilə işləyən işçiləri də var. Onların sayı 30-a yaxındır. Şəxslərlə xidmət müqaviləsi bağlanır və onlar anketlərlə məşğul olurlar. İşlərin sayı, xarakteri çox fərqli olur. Bəzən 1 iş görür, 20-30 manat alır, bəzən isə çox iş görür, daha çox xidmət haqqı alır. Belə insanlarla indi hamısı ilə əmək müqaviləsi bağlamaq düz gəlmir. Şirkətə anket məlumatları öyrənmək üçün həm dövlət qurumları, həm kommersiya hüquqi şəxsləri, həm də digər idərə-təşkilatlar müraciət edir. Əməkdaşlar ünvanlara gedir, hər hansı xidmətdən, məhsuldan nə dərəcədə vətəndaşların razı olub-olmadıqlarını, bəzən xidmətlə tanış olubolmadıqlarını vətəndaşlardan soruşurlar. Yəni bu bəzən 1 saatlıq iş olur. Xarici ölkələrdə bu, daha çox yayılıb. “Freelancer” işi adlanır. Hər müəssisə üçün müəyyən qrup ayrılır, həmin qrup da dəqiq müəyyən edilmiş saat təyin edilmiş nöqtədə olmalıdır. Amma adıçəkilən əməkdaş bütün tapşırıqlara tam laqeyd və məsuliyyətsiz yanaşmışdır. Mirəli də qapıları döyməli idi, anket yazmalı idi. Mövsümə görə bəzən 10 min, bəzən 50 min belə anket dolduran işçisi olur. Şahid bu layihədə müvəqqəti əsaslarla, yalnız layihə çərçivəsində "Müsahibəçi" kimi cəlb olunmuşdur. Onunla əmək müqaviləsi bağlanmamış, daimi işçi statusu verilməmişdir. Layihəyə başlamazdan əvvəl işçi şirkət tərəfindən təşkil olunan təlimdə iştirak etmiş, anketlərin düzgün doldurulması qaydaları barədə təlimatlandırılmışdır. Layihə üzrə ilkin mərhələ kimi 7 (yeddi) günlük sınaq xarakterli iş dövrü müəyyən edilmişdir. Bu müddət ərzində Şahidnın keçirdiyi sorğu anketlərinin hamısı şirkətin Keyfiyyət Departamenti tərəfindən yoxlanılmış və hamısı etibarsız hesab edilmişdir. İşin ilk günlərindən etibarən buraxılan nöqsanlar bərədə ona gündəlik olaraq telefon vasitəsilə xəbərdarlıq edilmiş, lakın nöqsanlar aradan qaldırılmamışdır. Bundan əlavə, Şahid sınaq müddətində 2 (iki) gün heç bir əsas gətirmədən sahəyə çıxmamış, dəfələrlə (ümumilikdə 5 -dəfə) işə gecikmiş və şirkətin zənglərinə cavab verməmişdir. Bu hallar iş intizamının kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Nəticə olaraq, Şahid layihə üzrə sınaq dövründə keyfiyyət göstəricilərini təmin edə bilmədiyi üçün onunla əməkdaşlıq davam etdirilməmiş, daimi işçi kimi işə qəbul prosesi həyata keçirilməmişdir. Etibarsız hesab olunan anketlər ləğv edilmiş və araşdırma hesabatına daxil edilməmişdir. Bu səbəbdən ödəniş də həyata keçirilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən vətəndaş Şahid xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-də müsahibəçi vəzifəsi üzrə qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktına əsasən "X3” adlı mobil operatorlarına bağlı sorğu layihəsində "Müsahibəçi" kimi cəlb olunan Şahid doldurduğu anketlərdə ciddi nöqsanlar aşkarlanıb. Belə ki, Şahid sorğu layihəsinin təlimat qaydalarını pozaraq anketlərdə sualların düzgün səsləndirilməsinə və qeyri-dəqiq qeydə alınmasına yol vermişdir. Qeyd olunan nöqsanları əsas gətirərək Şahid tərəfindən doldurulan 24 anket etibarsız sayılaraq ləğv edilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhəri İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şahid bu layihədə müvəqqəti əsaslarla, yalnız layihə çərçivəsində "Müsahibəçi" kimi cəlb olunmuşdur. Onunla əmək müqaviləsi bağlanmamış, daimi işçi statusu verilməmişdir. Layihəyə başlamazdan əvvəl işçi şirkət tərəfindən təşkil olunan təlimdə iştirak etmiş, anketlərin düzgün doldurulması qaydaları barədə təlimatlandırılmışdır. Layihə üzrə ilkin mərhələ kimi 7 (yeddi) günlük sınaq xarakterli iş dövrü müəyyən edilmişdir. Bu müddət ərzində Şahidnın keçirdiyi sorğu anketlərinin hamısı şirkətin Keyfiyyət Departamenti tərəfindən yoxlanılmış və hamısı etibarsız hesab edilmişdir. İşin ilk günlərindən etibarən buraxılan nöqsanlar bərədə ona gündəlik olaraq telefon vasitəsilə xəbərdarlıq edilmiş, lakın nöqsanlar aradan qaldırılmamışdır. Bundan əlavə, Şahid sınaq müddətində 2 (iki) gün heç bir əsas gətirmədən sahəyə çıxmamış, dəfələrlə (ümumilikdə 5 -dəfə) işə gecikmiş və şirkətin zənglərinə cavab verməmişdir. Bu hallar iş intizamının kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Nəticə olaraq, Şahid layihə üzrə sınaq dövründə keyfiyyət göstəricilərini təmin edə bilmədiyi üçün onunla əməkdaşlıq davam etdirilməmiş, daimi işçi kimi işə qəbul prosesi həyata keçirilməmişdir. Etibarsız hesab olunan anketlər ləğv edilmiş və araşdırma hesabatına daxil edilməmişdir. Bu səbəbdən ödəniş də həyata keçirilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xidmət müqaviləsinə əsasən Şəxs MMC ilə Şahid arasında xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən şəxsin əmək funksiyaları şirkətin təşkil etdiyi təlimlərdə iştirak etməkdən, anketin doldurulması qaydalarını öyrənməkdən ibarət olmuşdur. Həmçinin xidmət müqaviləsində əmək şəraiti və iş qarafiki də müəyyən edilmişdir. İş materiallarında olan sənədlərə əsasən Şahid ilə eyni layihədə xidmət göstərən başqa şəxslərlə də eyni qaydada xidmət müqaviləsi bağlanmışdır. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, Şəxs MMC-nin əsas fəaliyyət növü marketinq, əlavə fəaliyyət növləri isə kommersiya və idarəetmə məsələləri üzrə sair fəaliyyət, kommersiya müəssisələri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyələr praktiki yardımın göstərilməsidir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2- 3-cü və 2-4-cü hissələr əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İXM-nin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu əmək münasibətlərinə və mülki-hüquqi münasibətlərə geniş və ətraflı izah vermiş, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlərinin bir qayda olaraq əmək münasibətləri olaraq çıxış etməsini göstərmişdir. Məhkəmə, hazırda tərəflər arasında münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək münasibətlərin əmək deyil, mülki münasibətlərinə aid olduğunu müəyyən edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şahid ilə Şəxs MMC arasında xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən şəxsin vəzifəsi anket sorğusunun keçirilməsi və anket yazıb doldurmaq olmuşdur. Şəxsin əmək funksiyaları işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olmamışdır. Həmin xidmət müqaviləsi ilə görülən işlər əmək müqaviləsi üzrə şirkətdə görülən işlərlə eynilik təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-7254/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7254/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver