Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7270/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31052943 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31052943 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, ərazidə 1.26 nişanı olsa da, yoldan konstruktiv şəkildə ayrılmayıb. Sözügedən velosiped zolağı qanunvericilikdə nəzərdə tutulan velosiped zolağı və ya velosiped cığırı hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31052943 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025ci il tarixli, EQ 31052943 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 istifadəsində olan “Nissan Tiida” minik markalı, **-NE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 20:44-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 29a ünvanında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş elektron qərara əlavə edilmiş və ərazidə sonradan çəkilmiş foroşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın tətbiq edildiyi vaxt yerdə hər hansı konstruktiv ayrılma zolağı çəkilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsinə əsasən, velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə 100 manat məbləğində cərimə edilir. İş materiallarında olan sübutlardan göründüyü kimi qərardan şikayət vermiş şəxsin nəqliyyat vasitəsinin dayandırıldığı yerin velosiped yolu kimi qiymətləndirilməsi mümkün deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXM- nin 346.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Həmçinin təqdim edilmiş fotoşəkillərdən də görünür ki, avtomobilin saxlanıldığı yol velosiped yolu deyildir, baxmayaraq ki, yyolun kənarında 1.26 nişanı quraşdırılmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinin 15-ci bəndində velosiped yolunun anlayışı verilmişdir. Həmin maddənin 15-3cü bəndində qeyd olunur ki, velosiped yolu – velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya zolağıdır. Həmin maddənin 15-1-ci bəndinə əsasən velosiped zolağı – yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir. Eyni zamanda 15-2-ci bəndindən görünür ki, velosiped cığırı – velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır. Məhkəmə araşdırması zamanı inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş xüsusi texniki vasitə tərəfindən qeydə alınmış və şikayətçi tərəfindən həm qərarın tərtib olunduğu gün, həm də cari tarixdə çəkilmiş fotoşəkillərin müqayisəli tədqiqi zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın tərtib edildiyi vaxt sözügedən ərazidə 1.26 nişanlaması mövcud olsa da yerdə uzununa nişanlama xətti ilə ayrılmış hissə mövcud olmamışdır. Qanunun dispozitiv şərtlərindən də görünür ki, yol 1.26 nişanlaması ilə birlikdə həm də digər yoldan uzununa nişanlama xətti ilə konstruktiv şəkildə ayrıldıqda velosiped yolu hesab edilir və yalnız bu zaman həmin zolaqda avtomobilin dayanması və ya durması inzibati xəta hadisəsi hesab edilə bilər. Beləliklə məhkəmə mövcud iş materiallarına əsasən M.Hüseynzadənin inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən vaxtda və yerdə idarə etdiyi avtomobili ilə velosiped yollarında dayanması və ya durması faktını aşkar etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə hesab edir ki, hazırki halda şikayətçi öz təqsirsizliyini sübut etməyə borclu deyildir, əksinə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan şəxsin təqsirli olmasını əks etdirən mötəbər sübutları məhkəməyə təqdim etməyə borclu olduğu halda, bunu etməmişdir. Beləliklə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla müşayiət olunmadığından sözügedən qərar ləğv edilməli, şikayət isə əsaslı hesab edilərək təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31052943 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31052943 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31052943 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-7270/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7270/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver