Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7295/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 23 avqust 1988-ci il tarixdə İsmayıllı rayonu, Qıçatan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İsmayıllı rayonu, Sulut ərazi dairəsi, Qıçatan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə 09 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 09 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən vətəndaş vətəndaş Eyvazov X5 rayonu, 20 Yanvar metrosu ərazisində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamış və həmçinin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında 20 Yanvar metrosu yaxınlığında ictimai yerdə yüksək səslə danışaraq və polis əməkdaşlarına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, törətdiyi inzibati xətaları etiraf edir. İçkili olduğu üçün uca səslə danışmış və həmçinin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Belə bir halın yaşanmasına özü də istəmədən səbəb olmuşdur. Əməlindən peşmandır. Əməlinin yalnış olduğunu dərk edir və bir daha belə hallara yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 09 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən vətəndaş Eyvazov X5 rayonu, 20 Yanvar metrosu ərazisində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamış və həmçinin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. “İnzibati qaydada tutma haqqında” 09 oktyabr 2025-ci il tarixli, AZA 024934 saylı protokoldan görünür ki, Şəxs 09 oktyabr 2025-ci il tarixdə, saat 01:45-də tutulmuşdur. 09 oktyabr 2025-ci il tarixli, 2/57845 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs həmin tarixdə tibbi müayinədən keçirilən zaman onda sərxoşluğun dərəcəsi orta olmuşdur. Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Fuad Məmmədov və Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Hacı Məmmədov tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Fəxrin Bektaşiyə ünvanlanmış 09 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:30 radələrində 20 yanvar metrostansiyası yaxınlığında inzibati ərazidə xidmətdə olarkən bir nəfər şəxsin içkili vəziyyətdə yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək özünü qeyri-adekvat apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib sakit olmasını və sənədini təqdim etməsini bildirmişlər. Lakin o, həmin zaman ictimai yerdə uca səslə qışqıraraq onların ünvanlarına nalayiq ifadələr işlətməyə başladı. Onlar onu dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs onlara məhəl qoymayaraq onların və ümumi polisin ünvanına nalayiq ifadələr işlədərək daha da uca səslə təhqir etməyə davam etdi. Bu səbəbdən həmin şəxsi PŞ-ə təmin etmişlər. PŞ-də məlum oldu ki, həmin şəxs İsmayıllı rayonu, Qıçatan kəndində doğulmuş və həmin ünvana qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Şəxsdur. Odur ki, həmin şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün aidiyyatı əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş diskdə olan görüntülərdən görünür ki, Şəxs polis avtomaşınında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədir. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1617/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə AR İXM-nin 535.1-ci maddəsi ilə, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-741/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə AR İXM-nin 535.1-ci maddəsi ilə, sonuncu dəfə isə Abşeron Rayon Məhkəməsinin 3(012)-1276/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə AR İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxin özünün izahatı, inzibati materialda olan raport, videogörüntü və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, polis əməkdaşları ictimai qaydanın təmin edilməsi və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə qanuni tələblər irəli sürmək hüququna malikdirlər. Protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxin özünün izahatı və digər sübutlardan göründüyü kimi, Şəxs içkili vəziyyətdə yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək özünü qeyriadekvat aparmış, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını bildirsələr də, lakin o, həmin zaman ictimai yerdə uca səslə qışqıraraq polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətmişdir və bu zaman polis əməkdaşları vəziyyəti aradan qaldırmaq üçün tədbirlər görmüşdür. Bu halda polisin hərəkəti qanuni səlahiyyətlər çərçivəsində olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, “polisin qanuni tələblərinə qəsdən tabe olmama” inzibati məsuliyyət yaradır. Hadisə zamanı vətəndaş Şəxs polisin qanuni tələblərinə əməl etmədiyi, əksinə, onlara qarşı etinatsızlıq göstərdiyi ifadədən aydın görünür. Belə ki, Şəxs özü də həqiqətən də polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə tabe olmadığını göstərmişdir ki, bu hallar onun hərəkətlərinin qəsdən olduğunu sübut edir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Şəxs əvvəllər İXM-nin müxtəlif maddələri ilə inzibati tənbeh edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə Şəxs tərəfindən inzibati xətanın inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı (Abşeron Rayon Məhkəməsinin 3(012)-1276/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı) inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini (AR İXM-33.1.2), həmçinin Şəxs tərəfindən inzibati xətanın sərxoş halda törədilməsini (İXM 33.1.7) onun məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 09 oktyabr 2025-ci il tarixdən, saat 01:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 09 oktyabr 2025-ci il tarixdən, saat 01:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-7295/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7295/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver