Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-730/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonunun Qalaqayın kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 3, 31 saylı mənzildə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(005)-439/2023 saylı icra sənədinə əsasən Şəxs 12.623 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Hazırki vaxtadək icra sənədi icra edilməmiş və bununlada Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru İ.M.Allahverdiyev tərtib etdiyi izibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru İ.M.Allahverdiyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs gəlirləri və əmlak vəziyyəti ilə bağlı müxtəlif orqanlara sorğular göndərilmiş və müəyyən edilmişdir ki, onun mülkiyyətində heç bir əmlak və ya banklarda hesabı yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından yayınmır. Lakin, bir müddət öncə o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(005)-439/2023 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkəmə tərəfindən onun üzərinə müyyən vəzifələr qoyulmuşdur. O, sözügedən hökmə əsasən elektron nəzarət vasitəsini gəzdirir və bu səbəbdən hər hansı işə qəbul olunmaqda çətinlik çəkir. Hazırda işləmədiyi və mülkiyyətində hər hansı əmlak olmadığı üçün icra sənədi üzrə borcu bir dəfəyə ödəyə bilmir. Qısa müddətdir ki, fərdi əməklə məşğul olur və borcu ödəyəcəyinə söz verir. O, icra şöbəsində də verdiyi izahatında da bunları göstərmiş və bildirmişdir. Bütün bu sadalanan hallar bir daha təsdiq edir ki, o, icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır və onun əməlində inzibati xəta tərkibi yoxdur. Ancaq nədənsə icra məmuru qeyd edilən hallara əhəmiyyət vermədən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənlərə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi V.R.Əmrahov bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Ona görə də Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(005)-439/2023 saylı icra sənədinə əsasən Şəxs 12.623 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan ayrı-ayrı qurumlara verilmiş sorğuların cavablarına əsasən müəyyən edilir ki, Şəxs mülkiyyətində heç bir əmlakı və ya banklarda hesabı yoxdur. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixdə Yasamal rayon İcra şöbəsində verdiyi izahatın surətindən görünür ki, o, hal-hazırda heç bir yerdə işləmədiyi, icra sənədində göstərilən borcu ödəməyə imkanının olmadığını və mülkiyyətində heç bir əmlakın olmadığını bildirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(005)-439/2023 saylı icra sənədinə əsasən Şəxs 12.623 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmin icra sənədi əsasında xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclunun gəlirləri və əmlak vəziyyəti ilə bağlı müxtəlif orqanlara sorğular göndərilmiş və müəyyən edilmişdir ki, sonuncunun mülkiyyətində heç bir əmlakı və ya banklarda hesabı yoxdur. Bundan sonra icra məmuru Şəxs dəvət edərək icra sənədinin icra edilməməsi ilə bağlı izahatını almış, sonuncu isə izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir və icra sənədində göstərilən borcu ödəməyə imkanı yoxdur. İcra məmuru tərəfindən aparılmış icra tədbirləri zamanı ayrı-ayrı qurumlara verilmiş sorğulara əsasən borclunun izahatlarında qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətində hər hansı bir əmlakının olmaması borclunun əmlak vəziyyətinin göstəricisi olduğu halda, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. İcra məmuru məhkəmə iclasında isə Şəxs qərəzli olmasını yalnız borcun bir dəfəyə tam ödənilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi hər hansı şəxsə münasibətə onun məhkəmə qərarı qərəzli olaraq icra etməməsi qənaətinə gəlinməsi üçün yuxarıda qeyd edilən bütün şərtlərin olması zəruridir. Göründüyü kimi Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun çağırışlarına həmişə vaxtlı-vaxtında gələrək izahatlar vermiş, izahatlarında icra sənədini icra edə bilməməsinin üzrlü səbəblərini göstərmişdir. Yəni, Şəxs faktiki imkanları olmadığı üçün məhkəmə qərarını icra edə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olamamış, yalnız maddi imkanının olmaması olmuşdur. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-730/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-730/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver