Məhkəmə qərarları › İş №3(004)-7338/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7338/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7338/2025 24.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə X2 Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə, 99HH048 qeydiyyat nişanlı avtomaşınla, Yasamal rayonu, Landau küçəsində Hüseyn Cavid parkının yanı ilə asta sürətlə hərəkətdə olaraq və qəza işıqları yanılı vəziyyətdə parking ərazisində yer axtarırmış, qarşıdakı parking ərazisindən avtomaşın çıxacağını görüb hərəkətini dayandırmış və onun çıxmasını gözləmişdir ki, həmin ərazidə avtomaşını park etsin. Bu zaman arxa görüntü güzgüsündən, idarə etdiyi avtomaşının arxasına DYP avtomobilinin yaxınlaşdığını görmüşdür. 99YP451 qeydiyyat nişanlı DYP avtomobilindən gələn inspektor ona yaxınlaşaraq həmin ərazidə avtomaşını park etdiyini bildirmişdir. O isə öz növbəsində avtomaşının içində olduğunu, sükan arxasında olduğunu, avtomaşının sürüş (Drive) vəziyyətində olduğunu və daha öncədən park ərazisini dövr edərək parking etmək üçün yer axtardığını dediyi halda inspektor dediklərinə məhəl qoymamış və öz fikrində qəti şəkildə qalmışdır. Nəticədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib olunmuşdur. Həmin zaman o, avtomaşının daxilində və sükan arxasında imiş. Bu halda isə inzibati qaydada protokol yazılması anlaşılmaz bir haldır. Əlavə olaraq bildirmək istəyir ki, inzibati protokolun tətbiq edildiyi küçə Landau küçəsi idi. Lakin prtokolda qeyd olunan ünvan Ələsgər Ələkbərov 67 kimi, yəni səhv qeyd olunmuşdur. Bu halda İXM-nin 127- 3.3.1.-ci maddəsinin (protokolun tərtib edildiyi tarix və vaxtın düzgün göstərilməlidir) tələbləri pozulmuşdur. Daha sonra bildirmək istəyir ki, İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı 122.3.1.-ci maddəsində göstərilən hallar yəni inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar) əlavə edilməlidir. Cərimə protokolu ilə bağlı ona heç bir material təqdim olunmamışdır. Asanpay.az portalına baxdığı zaman inzibati protokolda heç bir foto və ya video materiallarının əks olunmadığı ona aydın olmuşdur. Buradan da İXM-nin müvafiq maddələrinin tələblərinin pozulduğu aydın görünür. Bundan əlavə Asanpay.az portalına baxdığı zaman inzibati protokolla bağlı qərarın qüvvəyə mindiyini vaxtın, inzibati protokolun yazıldığı tarixdən (xx.xx.2025) on gün sonra yəni xx.xx.2025-ci il tarixli olduğunu müəyyən etmişdir. İXM-nin 122.1-ci maddəsində isə təsdiq edilmiş qərarın real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməli olduğu qeyd edilmişdir. Bu haldan da aydın görünür ki, İXM-nin müvafiq maddələrinin tələbləri nəzərə alınmamışdır. inzibati protokolu Asanpay.az portalında gördükdən sonra onun yuxarıda göstərdiyi hallar üzrə ləğvi barəsində xx.xx.2025-ci il tarixdə E-polis tədbiqi vasitəsi ilə elektron qaydada baş X7 İdarəsinə şikayət ünvanlamışdır. Daha sonra şikayətinin icraata götürüldüyünü görmüş, lakin uzun müddət keçməsinə baxmayaraq yalnız xx.xx.2025-ci il tarixində yəni 43 gün sonra şikayətinə cavab verilmişdir. Verilmiş cavab məktubunda isə protokol tərtib olunarkən buraxılmış səhvlərə nəzər yetirilmədən cavab verilmişdir. Son olaraq, xx.xx.2025-ci il tarixli, İXP7354876 nömrəli inzibati protokolla bağlı qərarın, yuxarıda sadaladığı hallara əsasən qanuniliyinin araşdırılması və ləğv edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:01-də Bakı, Ələsgər Ələkbərov, 67 ünvanında “X8 350 4Matic minik” markalı, 99HH048 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 346.4-cü maddəsində göstərilən heç bir tələbi pozmamış, xx.xx.2025-ci il tarixdə, 99HH048 qeydiyyat nişanlı avtomaşınla, Yasamal rayonu, Landau küçəsində Hüseyn Cavid parkının yanı ilə asta sürətlə hərəkətdə olaraq və qəza işıqları yanılı vəziyyətdə parking ərazisində yer axtarmış, qarşıdakı parking ərazisindən avtomaşın çıxacağını görüb hərəkətini dayandırmış və onun çıxmasını gözləmiş dir ki, həmin ərazidə avtomaşını park etsin, bu zaman arxa görüntü güzgüsündən, idarə etdiyi avtomaşının arxasına DYP avtomobilinin yaxınlaşdığını görmüş, DYP avtomobilindən gələn inspektor ona yaxınlaşaraq həmin ərazidə avtomaşını park etdiyini bildirmiş, o isə öz növbəsində avtomaşının içində olduğunu, sükan arxasında olduğunu, avtomaşının sürüş vəziyyətində olduğunu və daha öncədən park ərazisini dövr edərək parking etmək üçün yer axtardığını demiş, əlavə olaraq isə inzibati protokolun tətbiq edildiyi küçənin Landau küçəsi olduğunu bildirmişdir. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-7338/2025 saylı məktubu ilə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X2 xx.xx.2025-ci il tarixdə, saat 17:01-də Bakı, Ələsgər Ələkbərov, 67 ünvanında “X8 350 4Matic minik” markalı, 99HH048 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hansı səbəbə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması iş materialları ilə sübut olunmur, bu halı səlahiyyətli orqan sübut etməlidir. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. O da vurğulanmalıdır ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan məhkəmə tərəfindən şikayət edilən qərar ləğv edilərək icraata xitam verilməsi və ya şikayətin təmin edilməyərək şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətli qərar olmamaqla, şəxsin törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb olunmasına və ya törətdiyi inzibati xətaya görə məsuliyyətdən kənarda qalmasına gətirib çıxarır ki, bu da İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinin pozulması ilə nəticələnə bilər. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar