Məhkəmə qərarları › İş №3(004)-7375/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7375/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7375/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.2001-ci ildə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 11 dekabr 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində Yasamal rayonu, Ş.Mehdiyev küçəsində “Mercedes Benz C200” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında keçdiyi üçün polis əməkdaşları onu saxlayaraq özlərini təqdim etmiş, qayda pozuntusunu izah etmiş və sənədlərinin təqdim edilməsini xahiş etmişlər. O, isə tabesizlik göstərərək sənədlərini təqdim etməmişdir, polislə mübahisə etmişdir. Buna görə də, polis əməkdaşları həmin əraziyə gəlmiş PPX naryadlarının köməkliyi ilə onu Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nə gətirmişlər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 11 dekabr 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində Yasamal rayonu, Ş.Mehdiyev küçəsində “Mercedes Benz C200” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə qırmızı işıqda keçdiyi üçün polis əməkdaşları onu saxlayaraq qayda pozuntusunu izah etmiş və sənədlərinin təqdim edilməsini xahiş etmişlər. O, isə sənədlərini verməyəkə ad familiyasını deyərək bort kompüter vasitəsilə xəriməsinin yazılmasını tələb etmişdir. Lakin polis əməkdaşları israrla ondan sənədləri tələb etmişlər, o da əsəbləşdiyi üçün demişdir ki, sənədləri vermir, bu səbəbdən də aralarında anlaşılmazlıq olmuşdur. Lakin sonradan sürücülük vəsiqəsini təqdim etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru Faiq Aslanov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 11 dekabr 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində Yasamal rayonu, Ş.Mehdiyev küçəsində “Mercedes Benz C200” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında keçdiyi üçün polis əməkdaşları onu saxlayaraq özlərini təqdim etmiş, qayda pozuntusunu izah etmiş və sənədlərinin təqdim edilməsini xahiş etmişlər. O, isə tabesizlik göstərərək sənədlərini təqdim etməmişdir, polislə mübahisə etmişdir. Buna görə də, polis əməkdaşları həmin əraziyə gəlmiş PPX naryadlarının köməkliyi ilə onu Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nə gətirmişlər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 22:50 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar