Məhkəmə qərarları › İş №3(004)-7380/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7380/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7380/2025 29.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Zərərçəkmiş şəxs Nurəddin oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə Nərimanov prospektində vətəndaş avtomobilinin Ramin adlı şəxsə avtomobilinin arxa kamerasını düzəltmək üçün təhvil vermişdir. Bundan əlavə həmin hissəsi zədələyərək avtomobilinə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Nurəddin oğlu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə və Yasamal RPİ-nin 26-cı PB-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus Mercedes S350 markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən “Avtoradio" adlı obyekti işlədən Ramin adlı şəxsə avtomobilin arxa kamerasını düzəltmək üçün təhvil vermişdir. xx.xx.2025-ci il tarixdə avtomobilini götürmək istədikdə isə aşkar etmişdir ki, həmin şəxs kameranı düzəltməmiş və bundan əlavə həmin hissəni zədələyərək avtomobilinə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən “Avtoradio” adlı obytekdə təmir üçün baxdığı vət. Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus Mercedes S350 markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin panel hissəsini zədələyərək avtomobilə 300 manat dəyərində maddi ziyan vurmuşdur. Yekun olaraq o Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Şəxs özünü təqsirli bilməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, təxminən 3-4 ildir ki, Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən “Avtoradio” adlı obyektdə usta işləyir. xx.xx.2025-ci il tarixdə bir nəfər şəxs 2005-ci il buraxılışı olan “Mercedes” markalı avtomobili onun yanına gətirmiş və bildirmişdir ki, səs oxuducusu və arxa kamerası işləmir. O, həmin şəxsə bildirmişdir ki, təmir edə bilər və bu işin xərci 150 manat olacaq. Bundan sonra həmin şəxs onunla razılaşmış və o, təmir üçün səs oxuducunu söküb yerindən çıxarmışdır. Aparatın plastmasları yararsız halda olduğu üçün bu barədə avtomobil sahibinə bildirmişdir ki, bu plastmaslar çürükdü, əl vuran kimi tökülür. Zərərçəkmiş şəxs da onun dediyini təsdiqləmişdir. Lakin təxminən 1 saat sonra Zərərçəkmiş şəxs ona zəng etmiş və bildirmişdir ki, səs oxuducunu 100 manata tapmış, özü üzərinə qoyacaq və dəyişməyə ehtiyac yoxdur. Zərərçəkmiş şəxs avtomobilini götürdükdən sonra, axşam saatlarında ona zəng edərək bildirmişdir ki, o, səs oxuducunu söküb təzədən yerinə taxdıqdan sonra arxa kamera və səs oxuducu xarab olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ona telefon əlaqə zamanı bildirmişdir ki, səs oxuducunu 100 manata düzəltməsə, onu şərləyəcək. Sonradan öyrənmişdir ki, həmin şəxs onun barəsində polisə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inziabti xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Nurəddin oğlu bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus “Mercedes S350” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən “Avtoradio” adlı obyekti işlədən Ramin adlı şəxsə avtomobilin arxa kamerasını düzəltmək üçün təhvil vermişdir. xx.xx.2025-ci il tarixdə avtomobilini götürmək istədikdə isə aşkar etmişdir ki, həmin şəxs kameranı düzəltməmiş və bundan əlavə həmin hissəni zədələyərək avtomobilinə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə həmin şəxs avtomobilindəki səs oxuducunu da yararsız hala salmışdır. Bildirmişdir ki, hadisə nəticəsində avtomobilinə 300 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əvəllər Şəxs tanımamışdır. O hesab edir ki, Şəxs tərəfindən onun əmlakına zərər yetirilsədə, sonuncu bunun qəsdən etməmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs məxsus əmlakı qəsdən məhv etmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi qətrara alınmışdır. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə qeyd edir ki, təhqiqatçının və protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 232-1-ci maddəsinin tərkibini yaratmır. İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurmaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs törətdiyi əməldə maddənin məcburi şərti olan qəsd olmadığından inzibati xəta tərkibi yoxdur. Bununla da protokolda göstərilən əməldə İXM-nin 232-1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 12-ci maddəsində sadalanmış bütün əlamətlərin mövcudluğu inzibati xəta hesab edilsə də, hazırkı vəziyyətdə şəxs tərəfindən İXM-lə qorunun ictimai münasibətlərə qəsd edilməsi əlaməti yoxdur. Protokolda göstərilən əməldə təqsirlilik yoxdur. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 232-1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar