Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-743/2025 12.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞnin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1989-cu il Ağcabədi rayonunda anadan olan, evli, avtobus sürücüsü işləyən, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonu, Kürdlər Ərazi Dairəsi, Kürdlər kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, X6 xx.xx.2025-ci il tarixdə 20 yanvar yaxınlığında 102 saylı avtobus sürücüsü ilə mübahisə zamanı qarşılıqlı söyüş söymələri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru M.M.Mahmudlu tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o,xx.xx.2025-ci il tarixdə H.Zərdabi küçəsində 102 saylı ictimai nəqliyyat vasitəsi olan İSUZU markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən dayanacağa az məsafdə qalmış sağ zolaqda hərəkət edən avtomobil ona mane olduğundan özündən asılı olmadan avtobusu saxlamış və həmin avtomobilin sürücüsü siqnal verdiyi üşün onun üzərinə gedərək bir birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Arada narkotik vasitə və psixatrop maddələrdən istifadə edir. Sonda özünü təqsirli bilərək əməlindən peşman olmasını, bir daha narkotik vasitə qəbul etməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, 11 fevral 2025-ci il tarixdə saat 12.30-da saxlanılmış, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Zərərçəkmiş şəxs X6 məhkəmədə bildirdi ki, o,xx.xx.2025-ci il tarixdə H.Zərdabi küçəsində hərəkətdə olarkən öz yolu ilə getdiyi halda 102 saylı ictimai nəqliyyat vasitəsi olan İSUZU markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən şəxslə yol vermək üstündə aralarında mübahisə baş vermişdir. İSUZU markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən şəxs düşüb onun üstünə hücum çəkməklə nalayiq ifadələr işlətmişdir. Qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 12 fevral 2025-ci il il tarixli, 761 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator Məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs yoxlanılarkən onun sidiyində MET (+), THC (+) aşkar edilmişdir. Şəxs psixostimulyatorlardan və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru, polis leytenantı Məhəmməd Mahmudlu raport verməklə bildirdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X2 RPİ-nin 27-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü qəza şəraiti yaradaraq hücum etəklə onu təhqir etmişdir. Odur ki, Şəxs barəsində müvafiq tədbiq görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş edir İş materiallarında olan inzibati qaydada tutma haqqında 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını, xx.xx.2022-ci il təvəllüdlü Məryəm Babayeva və xx.xx.2020-ci il təvəllüdlü Şəlalə Babayeva adlı 2 azyaşlı övladının olmasının onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin azadlığı faktiki məhdudlaşdırılan vaxtdan, yəni 11 fevral 2025-ci il tarixdən saat 12.30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən izibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130, 206 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən saat 12.30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-743/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-743/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver