Məhkəmə qərarları › İş №3(004)-746/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-746/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-746/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə "xxxx" MMC (hüquqi ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 107; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin “Baktelecom” platforma operatoru xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 16:30-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 107 ünvanında retranslyasiya zamanı “Media haqqında” Qanunun 32.4-cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) tələbini pozmuşdur. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Belə ki, üçüncü şəxslə müqavilə bağlandığı üçün həmin işləri şirkət görməli idi. Onların heç bir təqsiri yoxdur. Qeyd olunanlara əsasən hüquqi şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Retranslyasiya fəaliyyətinin Monitorinqinə dair” 10 fevral 2025-ci il tarixli arayışdan görünür ki, “BAKTELECOM” universal platforma operatoru xidmətinin retranslyasiya paketində olan xarici televiziya kanallarının monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 190 (bir yüz doxsan) televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan və “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması ilə həyata keçirilməsi təsbit olunmuşdur. Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbəsi tərəfindən təqdim olunmuş RM/25-008 nömrəli arayışa dair 10 fevral 2025-ci tarixli, HR- 008/2025 nömrəli hüquqi rəydən görünür ki, təqdim olunmuş arayışda qeyd olunmuş fakt, yəni, “Baktelecom” universal platforma operatoru xidməti tərəfindən müxtəlif dillərdə yayımlanan 190 (bir yüz doxsan) televiziya kanalının retranslyasiyasına hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan retranslyasiyası “Media haqqında" Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması halıdır. 11 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin “Baktelecom” platforma operatoru xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 16:30-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 107 ünvanında retranslyasiya zamanı “Media haqqında” Qanunun 32.4-cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) tələbini pozmuşdur. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 29 iyul 2022-ci il tarixli, XM-178-22 nömrəli İP TV Xidməti üzrə müqavilədən görünür ki, müqavilə bir tərəfdən "xxxx" MMC, digər tərəfdən “X4” QSC arasında bağlanmış, müqavilənin predmeti: “bu müqavilə “X4” tərəfindən standartlara uyğun RƏQƏMSAL TV platformasının (bundan sonra “Platforma” adlandırılacaq) “BTR”-ə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir” məzmunda olmuş, müqavilə üzrə “BTR”-in öhdəlikləri: 2.1.1.Müqavilənin qüvvədə olduğu müddət ərzində RƏQƏMSAL TV üzrə həyata keçirdiyi xidmətlər üzrə satışlardan əldə etdiyi gəlirin bu Müqavilə və onun ayrılmaz hissəsi hesab olunan Əlavələr ilə müəyyənləşdirilmiş hissəsini qarşılıqlı təsdiqlənmiş akta əsasən “X4”ə ödəmək; 2.1.2. “X4”in və tərəfdaşlarının fəaliyyəti ilə bağlı “X4” üçün kommersiya dəyərinə malik olan və onun tərəfindən məxfi, şəxsi və ya kommersiya sirri kimi qəbul edilən hər hansı məlumatı məxfi saxlamaq və üçüncü şəxslərə açıqlamamaq; 2.1.3. Müqavilə qüvvədə olduğu müddətdə RƏQƏMSAL TV xidməti üzrə ərazilərdə satışların həyata keçirilməsi; 2.1.4. Müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməyə maneçilik törədən səbəblər barədə “X4”i vaxtında məlumatlandırmaq; 2.1.5. Bu Müqavilə və onun ayrılmaz hissəsi hesab olunan Əlavələr ilə müəyyənləşdirilmiş ödənişləri vaxtında həyata keçirmək; 2.1.6. “X4”in nüfuzuna xələl gətirəcək hərəkətləri etməkdən çəkinmək; 2.1.7. X3 tərəfindən təmin edilmiş hüquqlardan bu Müqavilə və qanunvericiliklə müəyyən olunmuş şərtlərə və təyinatına uyğun olaraq istifadə etmək; 2.1.8. Satış performansının tələbinə uyğun olaraq “Set-Top Box”ların (STB-lərin) satın alınmasını təmin etmək; 2.1.9. Müqavilənin şərtlərini pozduğu zaman məsuliyyət daşımaq. “X4”in öhdəlikləri: 2.3.1. Xidmətin düzgün və vaxtında göstərilməsi üçün lazım olan texniki və məlumat resursları (Stream, EPG servis və s.), o cümlədən yayım və RƏQƏMSAL TV xidmətini təmin etmək üçün zəruri olan lisenziyaları “BTR”-ə təqdim etmək; 2.3.2. Təqdim ediləcək Platformanın OTT (over-the-top) texnologiyasına uyğunluğunu təmin etmək və nəzarət etmək; 2.3.3. RƏQƏMSAL TV xidmətlərinin satışına görə qarşılıqlı təsdiqlənmiş akta əsasən Baktelecom-a ƏDV daxil olmaqla, 10 (on) AZN ödəniş etmək; 2.3.4. Mövcud RƏQƏMSAL TV xidmətindən istifadə edən abunəçilərin yeni xidmət platformasına 30 (otuz) iş günü ərzində keçirilməsini təmin etmək; 2.3.5. Təmin etməyi öhdəliyinə götürdüyü xidmətlə əlaqədar yarana biləcək istənilən çətinliyə və bunun nəticəsində qəsdən və ya ehtiyatsızlıqdan (hərəkəti və ya hərəkətsizliyi) “BTR”-ə dəymiş zərərə görə məsuliyyət daşımaq; 2.3.6. Xidmətlərin göstərilməsi üçün tələb olunan texniki avadanlıqların daim işlək və saz vəziyyətdə olmasını, o cümlədən RƏQƏMSAL TV xidmətlərinin texniki servisini təmin etmək; 2.3.7. Texniki və profilaktik işlər görüləcəyi halda ən azı 48 (qırx səkkiz) saat əvvəl “BTR”-i məlumatlandırmaq; 2.3.8. Təxirəsalınmaz işlərin görülməsi zərurəti yarandıqda və ya qəza, nasazlıq, habelə xidmətlərin göstərilməsinin dayanmasına səbəb olan hər hansı bir hal baş verdikdə “BTR”-i dərhal məlumatlandırmaq, 2.3.9. “BTR”in GPON abonentlərin bazasını 3-cü şəxslərə ötürməmək; 2.3.10. “BTR”-in abonentlərinə internet və digər xidmətlərin təklif olunmaması və abonent bazasının digər şirkətlərə ötürməmək, 2.3.11. RƏQƏMSAL TV abunəçiləri STB-də baş verə biləcək bütün nasazlıqların aradan qaldırılması üçün servis xidmətinə müraciət etdikdə problem abonentin ucbatından baş verdiyi halda servis haqqı olaraq 5 (beş) AZN ödənişin abonentdən tələb olunması.Texniki problem olduqda servisin pulsuz təmin olunması təmin etmək; 2.3.12. Android, Tizen, WebOS və diğər platformalarda çalışan tətbiqin yaradılmasının təmin etmək; 2.3.13. "Baktelecom" tərəfindən təqdim olunan "X5”-lara təmənnasız olaraq hər 1000 (min) ədəd STB üçün 10 (on) gün müddətində proqram təminatının yazılması və yenilənməsini təmin etməkdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, "xxxx" MMC-nin “Baktelecom” platforma operatoru xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 16:30-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 107 ünvanında retranslyasiya zamanı “Media haqqında” Qanunun 32.4-cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) tələbini pozmuşdur. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş izahatda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin hallar "xxxx" MMC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, MMC tərəfindən hər hansı bir şirkətlə xidməti müqavilənin bağlanması onun məsuliyyətini istisna etmir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun: 32.4-cü maddəsinə əsasən Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə görə lisenziya şərtləri - lisenziyanın alınması üçün ərizəçinin və lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya sahibinin yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 381.11-ci maddəsinə əsasən audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs "xxxx" MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar