Məhkəmə qərarları › İş №3(004)-754/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-754/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-754/2023 06.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 105 ünvanının yaxınlığında narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlanılmış, üzərinə baxış zamanı üstündən şəxsi istehlak miqdarından az miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram olan 2 ədəd üzərində “P300” göstəricisi olan kapsulada güclü təsir edən maddə - preqabalin aşkar edilərək götürülmüşdür. Həmçinin tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, həqiqətən də o, xx.xx.2023-cü il tarixdə “İzmir Residence”-in yanında narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bundan başqa o, arabir narkotik vasitə marixuanadan, heroindən, psixotrop maddə metamfetamindən, metadon həbindən istifadə edir. Həmçinin az miqdarda da narkotik vasitə üzərində olmuşdur ki, onu da istifadə etsin resept əsasında, lakin polis əməkdaşları onu saxlayarkən üzərindən çıxmışdır. Əməlindən peşmandır. Protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 105 ünvanının yaxınlığında narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlanılmış, üzərinə baxış zamanı üstündən şəxsi istehlak miqdarından az miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram olan 2 ədəd üzərində “P300” göstəricisi olan kapsulada güclü təsir edən maddə - preqabalin aşkar edilərək götürülmüşdür. Həmçinin tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 6/70 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün №6” möhür əksi, “Şəxs aşkar edilmiş...” və s. sözlər, imzalar olan zərfin içərisində üzərində “прегабалин” yazılan konvalyut kəsiklərində ümümilikdə 2 ədəd üzərində “P 300” göstəricisi olan ağ-qəhvəyi rəngli kapsul güclü təsir edən maddə-preqabalindir, təsiredici maddəsinin ümümi miqdarı 0,6 qramdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 633 saylı rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümünələrində narkotik vasitələr istifadə etdiyi aşkar edilmişdir. Şəxs opioidlərin, kannabinoidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Kənan Kərimlinin xx.xx.2023-cü il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli, 633 saylı tibbi rəy, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2023-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 18:00 radələrində tutulmuşdur. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 30 gün (otuz gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 18:00 dəqiqədən hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. İş üzrə maddi sübutun qalığı olan, 1 ədəd kapsulada qalıq çəkisi 0,30 qram psixotrop maddə - preqabalin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar