Məhkəmə qərarları › İş №3(004)-7578/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7578/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7578/2025 12.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs – X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Bakı şəhər DYPİ-nin YNH inspektoru, polis kapitanı X3 iştirakları ilə, X2 Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, ona əsassız yazılmış 100 manat inzibati cərimənin silinməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ YNH inspektoru, polis kapitanı X7 tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokolu qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında heç bir araşdırma aparılmadan qanunsuz olaraq cərimə yazılmışdır. Aşağıda göstərdiyi əsaslara görə hesab edir ki, şikayəti təmin edilməlidir. Belə ki, o, ona məxsus Kia Rio markalı ** BP *** DQN-lı avtomobillə xx.xx.2025-ci il tarixdə Moskva prospektində düzünə hərəkətdə olarkən ** JU *** DQN-lı avtobus qarşısında manevr edərək onun avtomobilini qabaq sol hissəsindən vuraraq zədələməklə yol nəqliyyat hadisəsi törətmişdir. O, Daxili İşlər Nazirliyinin 102 çağrı xidmətinə, o cümlədən sığorta şirkətinə zəng edərək yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir. DYP əməkdaşları ona zəng edərək tıxac olduğundan hadisə yerinə gəlib çata bilməyəcəklərini, hadisə yerinin şəkillərini çəkməklərini və sabah səhər saat 09:00-da Yasamal DYP hissəsinə yaxınlaşmaqları bildirildi. O, xx.xx.2025-ci il tarixdə Yasamal DYP hissəsinə yaxınlaşaraq bir gün əvvəl baş vermiş yol nəqliyyat hadisəsi barədə yenidən məlumat verərək sənədlərini təqdim etmişdir. O, sənədlərini təqdim etdikdən bir qədər sonra heç bir araşdırma aparmadan, yol nəqliyyat hadisəsi kimin günahı ucbatından baş verməsi araşdırılmadan onun barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 327.2-ci maddəsinin tələbləri pozulduğu qeyd edilərək İnzibati xəta haqqında protokol tərtib edildiyi bildirildi. O, protokolun surətini tələb etdikdə onu ona 2 gün sonra təqdim edə biləcəklərini bildirdilər. O, xx.xx.2025-ci il tarixdə protokolun surətini almışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM- nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Göstərdiklərinə əsasən hesab edir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X7 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərar ləğv edilməli və X5 əsassız yazılmış 100 manat inzibati cərimə silinməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Bakı şəhər DYPİ YNH inspektoru Polis kapitanı X7 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* qərarın ləğv edilməsi və ona əsassız yazılmış 100 manat inzibati cərimənin silinməsi, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər DYPİ-nin YNH inspektoru, polis kapitanı X7 izahatında bildirmişdir ki, 20 Yanvar ərazisində qəza baş verməsi ilə bağlı ona məlumat verilmişdir. X6 öz avtomobili ilə hərəkət edən zaman baş yolda olan Baku busa yol verməyərək qəza törətmişdir. Bununla da X6 inzibati xəta törətmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin əsassız olduğunu, təmin edilməməsini, Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 13 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 19:30-da Moskva prospekti ünvanında “Kia Rio minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə X6 tərəfindən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, ona görə də X2 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, “Kia Rio minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil kənar yol istiqamətindən baş yola daxil olur, hərəkətdə olan avtobusların qarşısına tərəf irəliləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun: 1-CI maddəsinə əsasən: 11) yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 12) nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; 13) nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. 42-ci maddəsinə əsasən: Vİ. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. 75-ci maddəsinə əsasən: İ. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. İİ. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. İİİ. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. İV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Təqdim edilmiş videodiskdə olan görüntüdən göründüyü kimi, sürücü X2 idarə etdiyi “Kia Rio minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil kənar yol istiqamətindən baş yola daxil olmuş, hərəkətdə olan avtobusların qarşısına tərəf irəliləyərək, yəni yolayrıcını keçmə qaydalarını pozaraq qəza törətmişdir. Məhkəmə sübutları müqayisəli şəkildə təhlil edərək X2 əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında videodiskdəki görüntülərə baxaraq X1 orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar