Məhkəmə qərarları › İş №3(004)-7584/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7584/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7584/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs X4, Protokol tərtib etmiş şəxs - Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X1 iştirakları ilə X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Chevrolet Cruze markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xx.xx.2025-ci il tarixdə saat 15:50 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılan zaman əməkdaş avtomobilinin asqı sistemində “sport yay” quraşdırdığını əsas gətirərək nəqliyyat vasitəsini cərimə meydançasına aparmışdır. Qeyd etmişdir ki, avtomobilə edilən bu dəyişiklik rəsmi sertifikatla təsdiqlənmişdir. Bundan əlavə, avtomobilin texniki baxış zamanı da “asqı sistemi-sport tipli” qeydi rəsmi şəkildə göstərilmişdir və texniki baxışdan keçirilmişdir. Bu, avtomobilin dəyişiklikdən sonra qanuni və texniki cəhətdən yararlı olduğunu təsdiqləyir. Sertifikat saxlanılan zaman əməkdaşa təqdim edilmiş, əməkdaş (X2) bunu nəzərə almamışdır. Bu hal qanunsuz olaraq onun mülkiyyət hüququnun pozulması və qanuni texniki dəyişikliklərə baxmayaraq avtomobilin saxlanılması kimi qiymətləndirilməlidir. Yuxarıdakıları nəzərə alaraq, YPX əməkdaşının hərəkətlərinə xidmət xidmət araşdırılması aparılması, avtomobilin cərimə meydançasından azad edilməsi və haqsız cərimənin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X7 izahatında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X3 bildirmişdir ki, vətəndaş X7 avtomobilində konstruksiya dəyişikliyi etdiyi üçün tərəflərindən saxlanılmış, şikayətçinin göstərdiyi sertifikat ilə həmin halın qanuni olması təsdiqlənməmişdir. Həmin sənəd rəsmi servisdən alınmalıdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu, odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X4 AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixində, saat 15:50-də Bakı, Mətbuat pr, 36 BDU yataqxanası ərazisində “Chevrolet Cruze minik” markalı, 77YL578 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş sertifikatdan görünür ki, Chevrolet Cruze idman yaylı - Üstünlük qabiliyyətini artırır və daha cazibəli görünüşə sahib olur. -Zənginləşdirilmiş polad quruluşu ilə avtomobilinizin yola hakim olma qabiliyyətini artırır. -Döngəli yollarda avtomobilin sürüşməsinin qarşısını alır. -Küçələr arası yollarda hərəkəti nəzərə alınaraq dizayn edilib. -Ömürlük zəmanətli 3.5 və 5 SM -lik seçimlərlə, -Məhsulu aldıqdan sonra neçə sm-lik istədiyinizi bildirin. A+ keyfiyyət. Tarix-2022-ci il. xx.xx.2025-ci il tarixli Təlimata 5 saylı əlavə Avtonəqliyyat saxlanılma qəbulu barədə aktdan görünür ki, Chevrolet markalı, 77YL578 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsinin 5-ci bəndində qeyd olunur ki, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. İnzibati protokolda və DYP tərəfindən qəbul edilmiş qərarda göstərildiyi kimi, saxlanmanın səbəbi nəqliyyat vasitəsinin konstruksiyasında normativ tələblərə uyğun olmayan dəyişikliklərin edilməsi, yəni avtomobilin asqı sisteminin (“sport yay”ın) standart göstəricilərdən kənar formada dəyişdirilməsi olmuşdur. Şikayətçi qeyd etmişdir ki, bu dəyişiklik rəsmi sertifikatla təsdiqlənmiş və texniki baxışdan keçmişdir. Lakin təqdim edilmiş sənədin məzmununun təhlilindən görünür ki, həmin “sertifikat” məhsul istehsalçısı və ya satıcısı tərəfindən verilmiş kommersiya xarakterli sənəddir. Digər tərəfdən, avtomobilin texniki baxışdan keçməsi faktı onun sonradan avdanlığının dəyişdirilə bilməməsi anlamına gəlmir. Məhkəmə həmçinin hesab edir ki, inzibati tənbeh tətbiq edən yol-patrul xidməti inspektoru X1 izahatı iş materiallarındakı digər sübutlarla uzlaşır. Həmin izahata əsasən, təqdim edilən sənəd rəsmi təsdiq sənədi hesab edilə bilməz və rəsmi servis və ya səlahiyyətli orqan tərəfindən verilmədiyi üçün onun hüquqi qüvvəsi yoxdur. Bu baxımdan, şikayətçinin “rəsmi sertifikat təqdim etmişəm, əməkdaş nəzərə almayıb” iddiası əsassızdır. Yol polisi əməkdaşı mövcud normativ tələblərə uyğun olaraq nəqliyyat vasitəsində edilən dəyişikliklərin qanuniliyini yerindəcə qiymətləndirmiş və faktiki pozuntu aşkar etdiyindən inzibati protokol tərtib etmişdir. Məhkəmə təqdim olunmuş sənədləri, tərəflərin izahatlarını və iş materiallarını hərtərəfli tədqiq etdikdən sonra belə qənaətə gəlir ki, Bakı şəhər DYPİ tərəfindən 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh qərarı qanuni və əsaslı şəkildə qəbul edilmişdir. Məhkəmə bu əlamətləri nəzərə alaraq X4 əməlində AR İXM-nin 342.2.2-ci maddəsinin tərkib əlamətlərinin mövcud olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X4 AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar