Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7588/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidov Mirsəttar oğlu Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 13 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş X2 Şəxs MMC-də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş, nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olduğu üçün səlahiyyətli orqana geri qaytarılmalıdır.
1. Belə ki, protokol tərtib etmiş səlahiyyətli orqan məhkəməyə yalnız protokolu və müəssisə tərəfindən təqdim edilmiş sənədləri göndərməklə kifayətlənmiş, protokolda işin halları (nömrələnmiş və səhifələri göstərilməklə və əsaslandırma geniş yer tutduqda protokol əlavəsi ayrı təsdiq olunmuş formada əlavə olunmaqla) əsaslandırılmamış, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır.
2. Bundan əlavə protokolda inzibati xətanın mahiyyəti tam olaraq öz əksini tapmamış və inzibati xətanın konkret harada törədilməsi protokolda qeyd edilməmişdir.
3. Həmçinin iş üzrə kifayət qədər sübut toplanılmamışdır, çünki sübut kimi X1 izahatı alınaraq iş materiallarına əlavə edilməmiş, həmçinin hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, ümumiyyətlə isə hüquqi şəxsin nümayəndəsinin dəvət edilməsi barədə məktub və onun çatdırılmasını təsdiq edən qəbz iş materiallarına əlavə edilməmişdir.
4. Protokolda bu faktın hansı müəyyən edilmiş sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Beləliklə bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılması, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə protokol tərtib edib, sürətini məhkəməyə göndərməklə kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 106.0-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim və ya səlahiyyətli orqan tərəfindən qərardad qəbul edilir. Onu da qeyd etmək lazımdır ki, şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir və pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Göstərilən pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən,
QƏRARA ALDİM: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın.
Hakim: Mirsadiq Seyidov