Məhkəmə qərarları › İş №3(004)-759/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-759/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-759/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə Karımov Vakhıd-in DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25906124 saylı protokol əsasında qəbul edilmiş 04 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Karımov Vakhıd şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25906124 saylı protokol əsasında qəbul edilmiş 04 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində etibarnamə əsasında KAMAZ 53229 1941 02 YÜK markalı 99TJ989 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində yüklə (Şeben) dolu nəqliyyat vasitəsi (sürücü X5) hərəkətdə olarkən SMSRadar vasitəsi ilə telefonuna Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixində 600 manat məbləğində olmaqla cərimə yazılması ilə bağlı sms göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi guya avtomobildə olan yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini guya aşdığı göstərilmişdir və həmin nəqliyyat vasitəsində olan yükün (Şeben) çəkisi də xx.xx.2025-ci il tarixində guya 34580 kq olduğu qeyd edilərək DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ25906124 saylı elektron qərar qəbul edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 4 oxludur, hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsində ümumilikdə 32000 kq çəki olmalıdır.(8000x4=32000+5%). KAMAZ 53229 1941 02 YÜK markalı 99TJ989 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində brutto 31730 kq, tara 16050 kq, netto 15680 kq olmuşdur. KAMAZ 53229 1941 02 YÜK markalı 99TJ989 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixli EQ25906124 saylı elektron qərara görə guya 34580 kq yükləndiyi bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25906124 saylı elektron qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq da bildirmişdir ki, KAMAZ 53229 1941 02 YÜK markalı 99TJ989 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün iki nəfərin etibarnaməsi var. X3 adına verilən xx.xx.2024-cü il tarixli ƏN-Vİİ № 177731 saylı etibarnamə; X2 adına verilən xx.xx.2023-cü il tarixli ƏN Vİ№905830 saylı Etibarnamə; SMSRadar çəkilən vaxt yük maşınını etibarnamə ilə idarə edən Abşeron rayon Masazır kənd sakini X5 olmuşdur. (O, məhkəmə prosesində iştirak edəcək və qeyd edilənləri özü də təsdiq edəcək). Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 353.3-cü maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) yüklənməsinə görə - vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM- nin 353.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ25498669 saylı elektron qərar qəbul edilərək 600 manat məbləğində cərimə növü tətbiq edilmişdir. Bu cəriməni qanunsuz və əsassız hesab edir. Belə ki, nəqliyyat vasitəsinə icazə verilən yük üzrə parametrləri aşılmayıb. Buna görə də DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25498669 saylı və elektron qərarı ləğv edilməli və barəsində olan inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXMnin 8.1. maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.3. maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1. maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 53.1.2. maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Həmin Məcəllənin 129.1.3. maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 126.1. maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Beləliklə elektron qərarı yuxarıda qeyd etdiyim səbəblərdən qanunsuz və ədalətsiz sayır və hesab edir ki, qərar məhkəmə qaydasında ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərə, AR İXM-nin və digər qanunvericiliyin tələblərinə əsasən məhkəmədən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə bağlı tərtib etdiyi xx.xx.2025-ci il tarixli EQ 25906124 saylı elektron qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, Karımov Vakhıd barəsində AR İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25906124 saylı protokol əsasında qəbul edilmiş 04 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 04 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Karımov Vakhıd xx.xx.2025-ci il tarixdə, saat 21:27-də M-1 129 km, şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqaməti ərazisində “Kamaz 53229 1941 02 yük” markalı, 99-TJ989 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə AR İXM-nin 353.2-ci maddəsinin tələblərini pozmuş və 600 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Fotoşəkildən görünür ki, “Kamaz 53229 1941 02 yük” markalı, 99-TJ989 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində hərəkətdə olarkən 32.000 kq limit qoyulmasına rəğmən avtomobili 34580 kq yüklə idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Təqdim edilmiş fotoşəkildən göründüyü kimi “Kamaz 53229 1941 02 yük” markalı, 99-TJ989 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində hərəkətdə olarkən 32.000 kq limit qoyulmasına rəğmən avtomobili 34580 kq yüklə idarə etmişdir. Məhkəmə bu əlamətləri nəzərə alaraq Karımov Vakhıd-in əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Karımov Vakhıdin AR İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25906124 saylı protokol əsasında qəbul edilmiş 04 fevral 2025-ci il tarixli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Karımov Vakhıd-in AR İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25906124 saylı protokol əsasında qəbul edilmiş 04 fevral 2025-ci il tarixli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar