Məhkəmə qərarları › İş №3(004)-760/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-760/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-760/2025 14.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X3 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Girdəni ərazi dairəsi, Girdəni kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundzadə küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına daxil olan 14 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 yanvar 2025-ci il tarixdə Banqladeş xalq Respublikasının vətəndaşı X6 və onun dostunu ünvan 1 ünvanında yerləşən “”Co Pilot” otelinə yerləşdirmək adı ilə 100 (yüz) manat məbləğində pul vəsaitini və həmin tarixdə X1 qarşı “Grand” hoteldə 79 (yetmiş doqquz) manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru polis mayoru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, törətdiyi əməllərdən səmimi peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əvəllər AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq olunmuşdur. Məhkəmənin verdiyi suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxsun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 01 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış HK-1/1 nömrəli material üzrə əməldə cinayət tərkibinin əlamətləri mövcud olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Xətanı törətmiş naməlum şəxs müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsində ötrü qərarın surəti Yasamal RPİnin 26-cı PB-nin aidiyyəti əməkdaşına təqdim olunmuşdur. 14 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış HK-1/233 nömrəli material üzrə əməldə cinayət tərkibinin əlamətləri mövcud olmadığından cinayət işinin başlanması rədd edilmişdir. X1 ümumilikdə 79 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsində ötrü qərarın surəti Yasamal RPİ-nin 26-cı PB-nin aidiyyəti əməkdaşına həvalə olunmuşdur. 14 fevral 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs barəsində AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək dəfələrlə inzibati tənbeh tətbiq olunmuşdur. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs xırda talama, dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 2 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 14 fevral 2025-ci il saat 00:30-dan hesablanmalıdır. Belə ki, İXM-nin: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 14 fevral 2025-ci il tarixdən saat 00:30dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar