Məhkəmə qərarları › İş №3(004)-7601/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7601/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7601/2025 20.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin polis sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şuşa rayonu, Göytala ərazi dairəsi, Göytala kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə MN ******* saylı, 20 oktyabr 2025-ci tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 20 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən vətəndaş Şəxs PŞ-də olan zaman lüzumsuz səs-küy salaraq polisin iş rejimini pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin polis sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində “Bolt” taksi şirkətinin sürücüsü Şəxs azyaşlı X1na əxlaqsız təkliflər etmiş, həmçinin polis şöbəsində olan zaman məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə lüzumsuz səs-küy salaraq polisin iş rejimi pozmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, özünü təqsirli bilmir. X1 taksidə olarkən çin dilində danışmış, onun avtomobilinin elektronika sistemi də çin dilində olduğundan, ondan mobil nömrəsini istəmiş, o da etiraz etməyərək nömrəni ona vermişdir. O, həmin sərnişinə qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Polis Şöbəsində olan zaman panik atakının olduğundan səs-küy salmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 20 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Şəxs PŞ-də olan zaman lüzumsuz səs-küy salaraq polisin iş rejimini pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “İnzibati qaydada tutma haqqında” 18 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 18 oktyabr 2025-ci il tarixdə, saat 15:30-da tutulmuş, 20 oktyabr 2025-ci il tarixdə saat 17:00-da azad edilmişdir. Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Abbaszadə Tofiq tərəfindən Yasamal RPİ-nin 27-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, X5 şikayət ərizəsi əsasında toplanmış materialda hadisəni törətməkdə şübhəli bilinən xx.xx.1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Şuşa rayonu, Göytağa kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanın qarşısında saxlanılaraq PŞ-nə izahatı alınması üçün dəvət olunmuşdur. Polis şöbəsində olan zaman o, məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə lüzumsuz səs-küy salaraq polisin iş rejimi pozmuşdur. Ona dəfələrlə polisin qanuni tələbinə tabe olmaq təklif olunsa da, o, polisin qanuni tələbinə tabe olmamışdır. X5 polis şöbəsində verdiyi yazılı izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində azyaşlı qızı X8 üçün “Bolt” taksi şirkətindən taksi sifariş etmiş, BYD markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olundu. Qızı taksidə olan zaman yuxarıda qeyd olunan avtomobilin sürücüsü qızının azyaşlı olduğunu bilə-bilə ona əxlaqsız təkliflər etmişdir. Şəxs polis şöbəsində verdiyi yazılı izahatından görünür ki, təxminən 1 həftədir “Bolt taksi” şirkəti ilə tərəfdaşlıq edərək taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində etibarnamə ilə idarə etdiyi BYD markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan zaman onlayn taksi sifariş etmiş bir nəfər xanım avtomobilinə əyləşdi. O, proqramın göstərdiyi üzrə avtomobili idarə etmişdir. Həmin xanım söhbət əsnasında Çin dili bildiyini bildirdi. O isə ona avtomobilin proqramının Çin dilində olduğunu demişdir. Bundan başqa aralarında heç bir söhbət olmadı. Diskdə olan videogörüntüdən görünür ki, Şəxs X2 mobil nömrəsini istəyir və sərnişin mobil nömrəsinin olmadığını bildirdikdən sonra instagram sosial şəbəkəsində olan profilini istəyir. Məhkəmə inzibati xəta haqqında protokola qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması və əməlinin konkret nədən ibarət olması iş materiallarında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis şöbəsində polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyini bildirsə də, həmin şəxslər şahid qismində məhkəməyə təqdim edilə bilməmişdir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətaları törətməsi göstərilmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi təqsiri sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar – inzibati xəta haqqında protokol, inzibati qaydada tutma protokolu, Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşının raportu, zərərçəkmiş şəxsin atası X5 və barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatları, həmçinin təqdim olunmuş videogörüntü materialları əsasında məhkəmə müəyyən etmişdir ki, Şəxs 16 oktyabr 2025-ci il tarixdə “Bolt” taksi şirkəti ilə əməkdaşlıq əsasında fəaliyyət göstərdiyi zaman sərnişin kimi avtomobilinə əyləşmiş azyaşlı X6 qarşı etik davranış qaydalarına zidd hərəkətlər etmiş, onunla şəxsi əlaqə yaratmaq məqsədilə mobil nömrəsini və digər sosial şəbəkə ünvanlarını təkidlə istəmişdir. Şəxs bu hərəkəti cəmiyyətin mənəvi dəyərlərinə, adət-ənənələrinə və ictimai davranış qaydalarına zidd olmaqla, ictimai narazılığa və haqlı şikayətə səbəb olmuşdur. Bundan əlavə, hadisə ilə bağlı izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə dəvət olunduğu zaman o, məsuliyyətdən yayınmaq məqsədilə lüzumsuz səs-küy salaraq polis əməkdaşlarının iş rejimini pozmuşdur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhkəmə hesab edir ki, Şəxs bu hərəkətləri ilə ictimai qayda pozulmuş, dövlət orqanlarının fəaliyyətinə maneə yaradılmışdır və onun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinin tərkib əlamətləri mövcuddur. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanununun: 34.0-cü maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar daşıyıcının əsas vəzifələrindən biri sərnişin və baqaj daşımalarını “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq yerinə yetirməkdir “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: 11.3-cü maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirərkən daşıyıcının vəzifələrindən biri sərnişin daşınmasını bu Qaydaların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq yerinə yetirməkdir Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli Qərarı ilə təsdiq edilmiş Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə proqramda Taksi minik avtomobili sürücülərinin etik davranışı:- sürücünün davranışının təhlili və davranışına təsir edən faktorlar;- sərnişinlərlə etik davranış və mədəni rəftar;- empatiya və ünsiyyət;- münaqişəli vəziyyətlərin və stressin idarə edilməsi;- taksi minik avtomobilində tütün çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi; - peşəkarlıq və fərdi məsuliyyət;- əlilliyi olan şəxslərlə davranışı nəzərdə tutulmuşdur. Beləliklə, taksi sürücüsü ictimai nəqliyyat xidməti göstərən şəxs kimi sərnişinlə yalnız xidməti münasibətlər çərçivəsində ünsiyyət qurmaqla məhduddur. Sərnişinlə tanışlıq və ya şəxsi münasibət yaratmaq məqsədilə təmas qurmaq, xüsusilə azyaşlı sərnişinə qarşı bu cəhdlərin edilməsi “Avtomobil nəqliyyatı haqqında” Qanunun 34-ci maddəsində, eləcə də Nazirlər Kabinetinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Taksi fəaliyyəti Qaydalarının” göstərilən peşə etikası və davranış normalarının pozulması hesab edilir. Bu səbəbdən, Şəxs xidmət zamanı sərnişinlə şəxsi əlaqə yaratmaq cəhdi onun xidməti davranış qaydalarını pozmaqla, ictimai əxlaq və mənəvi dəyərlərə zidd hərəkət kimi qiymətləndirilməlidir, bu hərəkətlərin törədilməsi nəticəsində yaranan narazılıq və səsküy isə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan xırda xuliqanlıq tərkibinə uyğun gəlir. Bununla yanaşı, məhkəmə səlahiyyətli orqanın diqqətini şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanuni olmamasına cəlb edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs 18 oktyabr 2025-ci il tarixdə, saat 15:30-da tutulmuş, 20 oktyabr 2025-ci il tarixdə saat 17:00-da azad edildiyi göstərilsə də, ancaq o, polis nəzarəti altında 20 oktyabr 2025-ci il tarixdə, saat 17:42-dən sonrakı saatlarda məhkəmə qarşısına çıxarılmışdır ki, bu şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılaraq azadlıq hüququnun məhdudlaşdırılmasına dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə qeyd edir ki, Şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, onun barəsində minimum həddə inzibati həbs tənbehinin təyin edilməsi ədalətli və məqsədəuyğundur. Belə ki, o, ictimai qaydanı pozmuş, lakin törətdiyi hərəkət nəticəsində ağır nəticələr baş verməmişdir. Bu səbəbdən minimum həddə inzibati həbs həm törədilmiş xətanın ağırlığına adekvat, həm də tərbiyəvi və profilaktik məqsədlərə uyğun hesab olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli 18 oktyabr 2025ci il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Beləliklə, yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməli, onun AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması yuxarıda sadalan sübutlarla öz təsdiqini tapdığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 04 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 oktyabr 2025-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X10 Saxlanılma Mərkəzinə tapşırılsın. Səlahiyyətli orqanın diqqəti Şəxs qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanunsuz olmasına cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar