Məhkəmə qərarları › İş №3(004)-7630/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7630/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7630/2025 21.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Vəkil iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 17 oktyabr 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 57627.45 Avro məbləğində vəsait bank vasitəsilə 02 oktyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 57627.45 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 03 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Vəkil şirkətin vasitəçi şirkət olduğunu, bu faktın müqavilə əsasında təsdiq edildiyini, müqavilənin tərəflərinin hansı səbəblə birbaşa ödəniş etməməkləri ilə bağlı məlumatlarının olmadığını, 3 tərəfli müqavilənin olduğunu qeyd edərək, protokolun əsassız olduğunu, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 oktyabr 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 57627.45 Avro məbləğində xarici valyutada olan pul vəsaiti 02 oktyabr 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli, KB-244/2-2426/2025 nömrəli məktubdan görünür ki, Şəxs "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 57627.45 Avro məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta haqqında 17 oktyabr 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən 57627.45 Avro məbləğində vəsait bank vasitəsilə 02 oktyabr 2023cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 57627.45 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 03 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. ABB hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Cantrakt”18-102022 hesabına ödəniş 59068,16 Avro göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2021-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 sentyabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur. Odur ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır. Həmin qaydaların 4.3.2-1-ci yarımbəndinə əsasən malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Belə köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmçinin, 1961-ci il oktyabrın 5-də bağlanmış Azərbaycan Respublikasının da qoşulduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Konvensiyanın tələblərinə əsasən xarici dövlət və ya xarici dövlətin fiziki şəxsi tərəfindən verilmiş sənədin, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan sənədlərin rəsmi sənəd kimi tanınması üçün Konvensiyanın 3-cü maddəsinin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilməlidir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin “Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı müqaviləyə uyğun dildə göstərilməlidir. İş materiallarından görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xarici ölkədə yerləşən tərəfə köçürülmüş 57 627,45 avro məbləğində vəsaitin təyinatı üzrə icrasını, yəni vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməmiş və əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmamışdır. Əgər şirkət tərəfindən ödənişin təyinatını və şərtlərini sübut edən müqavilə və digər əsaslandırıcı sənədlər banka vaxtında təqdim edilsəydi, bu barədə bankın Mərkəzi Banka məlumat verməsinə və nəticə etibarilə inzibati protokolun tərtib edilməsinə hüquqi əsas yaranmazdı. Şirkətin nümayəndəsi tərəfindən vasitəçilik münasibətlərinə istinad edilməsi də bu mərhələdə təsdiqini tapmır. Əgər həqiqətən real vasitəçilik fəaliyyəti mövcud idisə, bu barədə müqavilələrin və vasitəçi münasibətləri təsdiq edən sənədlərin də elə ödənişin aparıldığı vaxtda banka təqdim edilməsi tələb olunurdu. Məhkəmə üçün əsas məqam ondan ibarətdir ki, belə sənədlər ödənişdən sonra deyil, ödəniş anında və ya ən geci onun ardınca banka verilməli idi. Tərəflər bu tələbi yerinə yetirmədiklərindən, bank tərəfindən aparılmış köçürmə adi avans ödənişi kimi qiymətləndirilmiş, bununla da şirkət həmin əməliyyat üzrə qanuni məsuliyyətdən yayınmaq imkanını itirmişdir. Şirkət vasitəçilik fəaliyyətinə istinad etsə də, təqdim etdiyi sənədlər arasında üçtərəfli münasibəti əks etdirən aydın və zəncirvari hüquqi mexanizm müşahidə olunmur. Əksinə, təqdim olunan iki ədəd ikitərəfli müqavilə vasitəçilik əməliyyatının vahid hüquqi konstruksiyasını yaratmır. Bu isə pulların niyə birbaşa mal göndərən şirkətin hesabına köçürülmədiyi, niyə ödəniş dövriyyəsinin vasitəçinin bank hesabı üzərindən aparıldığı, vasitəçilik öhdəliklərinin hansı şərtlərlə icra olunduğu kimi suallara cavab vermir. Məhkəmə üçün lazımi olan klassik vasitəçilik modeli görünmədiyindən, təqdim olunan sənədlər əsasında real vasitəçilik münasibətinin mövcud olduğu qənaətinə gəlmək mümkün olmur. Bundan əlavə, təqdim edilən müqavilələrin və digər sənədlərin yalnız kserosurət olması, üzərlərində nə notarial təsdiqin, nə də apostille qeydinin olmaması onların rəsmi sənəd qüvvəsinə malik olmamasına səbəb olur. Xüsusilə xarici şirkətlər arasında bağlandığı iddia edilən sənədlər rəsmi leqallaşdırma prosedurundan keçmədiyi üçün həmin sənədlər hüquqi baxımdan mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əgər şirkət iddia etdiyi müqavilə münasibətlərinin həqiqətən mövcud olduğunu təsdiq etmək niyyətində idisə, bu halda həmin sənədlər apostille ilə təqdim olunmalı və hüquqi qüvvəsi təsdiqlənməli idi. Bu öhdəlik yerinə yetirilmədiyindən, təqdim olunan sənədlər yalnız qeyri-rəsmi surət statusunda qalır və sübut dəyəri daşımır. Belə olan halda, həm banka vaxtında təqdim edilməli olan sənədlərin təqdim olunmaması, həm də məhkəməyə təqdim edilən sənədlərin rəsmi təsdiq və leqallaşdırmadan keçməməsi göstərir ki, şirkətin vasitəçilik fəaliyyətinə dair iddiaları real hüquqi əsaslarla sübuta yetirilmir. Məhkəmə üçün bu fakt kifayətdir ki, inzibati protokolun tərtib edilməsinə səbəb olan hüquqi tələblərin pozulması barəsində tərəfin heç bir inandırıcı və hüquqi cəhətdən mötəbər sübut təqdim etmədiyi qənaətinə gəlsin. Bu səbəblərdən iş üzrə toplanmış sübutlar, bankdan daxil olmuş rəsmi məlumatlar və təqdim edilmiş qeyri-rəsmi sənədlərin mötəbər sayılmaması fonunda məhkəmə belə nəticəyə gəlir ki, şirkətin vaxtında icra etməli olduğu öhdəliklər icra olunmamış və inzibati xəta tərkibi əmələ gəlmişdir. Əgər şirkət həqiqətən ödənişin vasitəçilik xarakteri daşıdığını sübut etmək imkanına malik idisə, bunu həm bank qarşısında tələb olunan müddətdə, həm də məhkəmə qarşısında rəsmi və təsdiqlənmiş sənədlərlə ortaya qoymalı idi. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Vəkil tərəfindən verilmiş izahatda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, vasitəçi şirkət olmaq Şəxs MMC-nin məsuliyyətini istisna etmir. Odur ki, göstərilən hal MMC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin (57627.45 Avro) 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-ci maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Avro olduğundan cərimənin məbləği avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 57627.45 Avro valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 11525.49 Avro (avronun Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar