Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-772/2022 18.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin 13.10.2021-ci il tarixli, BNA ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 13.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 3(004)- 2998/2021 saylı qərarı ilə şikayət təmin edilmiş, şikayətçi X3 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Bakı Nəqliyyat Agentliyinin 13.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı Nəqliyyat Agentliyi şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 3(004)-2998/2021 saylı qərarının ləğv edilməsi və X1 şikayəti təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin 13 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Nəqliyyat Agentliyinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 3(004)-2998/2021 saylı qərarı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 13.10.2021-ci il tarixində Bakı şəhəri, Ş.Mehdıyev küçəsində Təlim və Tədris Mərkəzinin qarşısında ona məxsus “Toyota Prado” markalı, Az-**-DL-*** dövlət nömrə nişanlı avtomobili saxlamışdır. Qeyd edilməlidir ki, həmin yerdə dayanma və durmanı qadağan edən nişan mövcuddur, ancaq həmin nişanın qüvvədə olma ərazisi 40 metr kimi müəyyən olunub (sübut qismində həmin ərazinin və nişanın fotoşəkilini ərizəyə əlavə edir). Bu şəbədən o, həmin nişandan 40 metr məsafədən sonra avtomobilini saxlamışdır. Lakin buna baxmayaraq əsassız olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati məsuliyyətə cəlb olunaraq barəsində BNA ******* №li qərar qəbul olunmuşdur. Qərarın surəti ona 03.11.2021-ci il tarixində BNA tərəfindən rəsmi sorğusuna və şikayətinə əsasən təqdim edilmişdir. Qərar əsassız olduğundan ləğv edilməlidir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, AR İnzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Mövcud vəziyyətdə işə baxılmasının yeri və tarixi barədə ona heç bir məlumat verilməyib və qərar onun iştirakı olmadan qəbul edilib ki, bu da onun müdafiə olunma hüququnun pozulması ilə nəticələnmişdir. 2. AR İXM-nin 122.1-ci maddəsi qeyd edir: Bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. AR İXM-nin 122.5-ci maddəsi: Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. AR İXM-nin 122.6-ci maddəsi: Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. İXM 122.1-ci maddəsində qeyd edilmiş maddələrin sırasında ona qarşı tərtib edilmiş İXM 346.1-ci maddəsi mövcud deyil, belə olan halda İXM 61.3-cü maddəsinə əsasən müəyyən edilmiş hüquqları pozulmuşdur. BNA onun iştirakını təmin etmədən özbaşına onun iştirakı olmadan qərarı qəbul etmişdir və bu onun Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin təminatı altına alınmış İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi hüququnun pozulmasıdır. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Müdafiə olunma hüququnun pozulmasıdır. Konstitusiyasının 68-ci maddəsinin təminatı altına alınmış Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ pozumuşdur. İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Konstitusiyasının 60-cı maddəsinin təminatı altına alınmış Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İXM Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərini qeyd edir: Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi 5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Beləliklə müəyyən olundu ki, BNA tərəfindən ******* №-li 13.10.2021-ci il tarixli qərar qəbul edilərkən, İXM 63-cü, 100-cü, 122-ci və Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60 və 68-ci maddələrinin təminatı pozulmuşdur. 3. İXM 100-cü maddəsinin tələbinə əsasən İnzibati xəta haqqında protokolun tərtib oluduğunu qeyd edir: 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, bu tələb imperativdir və bu işdə istisna yoxdur, hazırki işdə hər hansı protokol tərtib edilməmiş, sürəti təqdim edilməmişdir. 4. Həmin Məcəllənin Maddə 106. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını qeyd edir: 106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Normanın tələbini rəhbər tutaraq xahiş edir: İXM 106.0.3 maddəsinə əsasən həmin maddənin 100.1 və 100.1.8-ci maddələrini tələblərinə riayət olub-olunmamasını müəyyən etmək. 5. İXM Maddə 81. Xüsusi texniki vasitələrin göstəriciləri. 81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Normanın tələbindən göründüyü kimi bu tələb imperativdir, lakin hazırki mübahisədə qeyd edilmiş tələblərə riayət olunmamışdır, İnzibati Xəta haqqında protokol tərtib olunmamış, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməmişdir. Bütün yuxarıda qeyd edilənləri rəhbər tutaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ******* №-li 13.10.2021-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin 13.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına (qərar qəbul edən BNA-nın dayanma, durma və parklama qaydalarının nizamlanması şöbəsinin müdiri X2) əsasən X3 13.10.2021-ci il tarixdə saat 17:55 radələrində “Toyota Land-Cruiser Prado minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsində yanında durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi X1 barəsində icraat aparılan zamanı BNA-nın əməkdaşı, yaranmış ziddiyyətin aradan qaldırılması üçün, fotoşəkillərin çəkildiyi tarixdən (13.10.2021-ci il tarixdən) ən azı 01 ay sonra həmin xəta törədildiyi yer kimi göstərilən yerdən video çəkib məhkəməyə təqdim etmişdir ki, həmin videoda BNA əməkdaşı ilk dəfə öz addımları ilə, sonradan isə məsafə ölçən qurğu vasitəsilə iki elektrik dirəyi arasındakı məsafəni ölçür. Videodan görünür ki, iki elektrik dirəyi arasındakı məsafənin 27 metr və ya 27 addım olduğu görünür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin yuxarıda sadalanan bu halları Bakı Nəqliyyat Agentliyi tərəfindən tam və hərtərəfli araşdırılmamış, onlara obyektiv hüquqi qiymət verilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Nəqliyyat Agentliyinin 13.10.2021-ci il tarixli, BNA ******* saylı qərarı qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin 13.10.2021-ci il tarixli, BNA ******* saylı qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı Nəqliyyat Agentliyinin 13.10.2021-ci il tarixli, BNA ******* saylı qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-772/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-772/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver