Məhkəmə qərarları › İş №3(004)-7762/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7762/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7762/2025 23.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru X5, Müdafiəçi – Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 23 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən 1988-ci il təvəllüdlü X6 narkoloji müayinə zamanı onun narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Bununla da X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X6 mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir, barəsində şikayət daxil olmuşdur, əvvəllər də barəsində inzibati tənbeh tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq X6 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X6 məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, törətdiyi əməldən peşmandır, gələcəkdə bir daha narkotik vasitədən istifadə etməyəcək, barələrində heç bir şikayət olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 23 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 1988-ci il təvəllüdlü X6 narkoloji müayinə zamanı onun narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. “İnzibati qaydada tutma haqqında” 22 oktyabr 2025-ci il tarixli, AZA ******* nömrəli protokoldan görünür ki, X6 22 oktyabr 2025-ci il tarixdə, saat 14:45-də tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X3 haqqında 23 oktyabr 2025-ci il tarixli, 6599 nömrəli rəyindən görünür ki, müayinə zamanı X2 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən X6 xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdır. X1 polis şöbəsində verdiyi izahatından görünür ki, həmin izahatında o, ara-sıra narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, binanın blokunda siqaret çəkdiyini, sakinlərin yalnış anladığını, ona görə polisə məlumat verdiklərini, buna görə də o, bacısı Nərgiz və qardaşı Adillə birlikdə polis şöbəsinə gətirildiklərini, həkim müayinəsindən keçərkən narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduqlarının müəyyən olunduğunu bildirmişdir. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X6 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2533/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə AR İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın X6 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X3 haqqında 23 oktyabr 2025-ci il tarixli, 6599 nömrəli rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə qeyd edir ki, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 2533/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə AR İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə X1 əməlini etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən X1 məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunvericiliyə görə, inzibati xətanın qısa müddətdə təkrar törədilməsi, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan hallarda, ictimai təhlükəliliyi artırır və profilaktik təsir göstərən daha sərt inzibati tənbeh tədbirinin tətbiqini zəruri edir. Yüngül tədbirlərinin əvvəlki halda yetərli olmaması, şəxsin eyni əməli yenidən törətməsi faktı ilə sübuta yetirilmişdir. Bu səbəbdən, həm törədilmiş inzibati xətanın xarakteri, həm də onun təkrar törədilməsi nəzərə alınmaqla, X6 barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruri hesab edilir. Bu tədbir həm ictimai təhlükəsizliyin qorunması, həm də şəxsin gələcəkdə bu cür xətalara yol verməməsi üçün zəruri tərbiyəvi təsir vasitəsidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin əməlini etiraf edərək səmimi peşman olmasını və məsuliyyəti ağırlaşdıran halın olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 22 oktyabr 2025-ci il tarixdən, saat 14:45-dən hesablanmalı, X4 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 ay 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 oktyabr 2025-ci il tarixdən, saat 14:45-dən hesablansın. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə X4 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 04 iş saatına görə 44 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar