Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7775/2025 12.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının etibarnamə üzrə səlahiyyətli nümayəndələri X3, X6, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs PHŞ-nin nümayəndələri X1 və X9 iştirakları ilə, Şəxs PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı tərəfindən Şəxs PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materialdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 34 ünvanında yerləşən Şəxs PHŞ-yə ünvanlanmış sorğu cavablandırılmamış və xx.xx.2025-ci il tarixdə vətəndaşın informasiya əldə etmə hüququ pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının nümayəndələri X3, X6, X4 izahatlarında bildirmişdirlər ki, vətəndaşın Şəxs PHŞ-yə ünvanlandığı xx.xx.2025-ci il tarixli sorğusu hüquqi şəxsə daxil olsa da cavablandırılmamış, eyni məzmunlu 2-ci dəfə verilmiş sorğu isə natamam və yanlış cavablandırılmışdır. Qeyd edilən faktları iş materiallarına əlavə edilmiş sübutlar təsdiq edir. Belə ki, PHŞ-nin əməkdaşları vətəndaşın sorğusuna etinasız yanaşma sərgiləmişdirlər. Ona görə də hüquqi şəxsin barəsində qanunvericiliyə müvafiq inzibati tənbeh növünün seçilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Şəxs PHŞ-nin nümayəndələri X1 və X13 protokola etiraz edərək bildirmişdir ki, vətəndaşın xx.xx.2025-ci il tarixli sorğusu texniki nasazlıq səbəbindən cavablandırılmamışdır. Lakin onlar protokolda qeyd edilən ikinci hissə ilə razı deyillər. Belə ki, ikinci dəfə eyni məzmunlu sorğu gec də olsa cavablandırılmış, lakin protokolda qeyd edilən kimi natamam və yanlış deyil, lazımi səviyyədə cavablanıdırılmışdır. Buna görə də protokolun tərtib edilməsi zamanı məzmun xətasına yol verildiyindən, tərtib edilmə qaydası pozulduğundan hüquqi şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs PHŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsinin tələblərinin pozulması iş materialları ilə sübuta yetirilmişdir. Ona görə də barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan vətəndaş Rüfət Süleymanov tərəfindən verilmiş sorğu Şəxs PHŞ-nin rəsmi elektron poçt ünvanına xx.xx.2025-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan vətəndaş X5 aparatının elektron poçt ünvanına göndərdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2025-ci il tarixli sorğusu həmin vaxtadək Şəxs PHŞ tərəfindən cavablandırılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə bildirişdən” görünür ki, inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək məqsədilə Şəxs PHŞ-nin səlahiyyətli nümayəndəsi xx.xx.2025-ci il tarixdə, saat 11:00-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatına dəvət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs PHŞ-nin xx.xx.2025-ci il tarixli etibarnaməsindən görünür ki, X11 Şəxs PHŞ-ni Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatında təmsil etmək üçün səlahiyyət verilmişdir. İş materiallarında olan Şəxs PHŞ-nin səlahiyyətli nümayəndəsi X9 inzibati icraat çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatına verdiyi izahatından görünür ki, tibbi nəzarət şöbəsinin müdiri Rasim Mehdiyev iş yükünün çox olması səbəbindən vətəndaşın müraciətinə vaxtında baxmamışdır. Lakin ikinci dəfə eyni məzmunlu sorğuya xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən informasiya sahibi: 10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 10.4.2. sənədlərin reyestrini aparmalıdır; 10.4.3. ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir; 10.4.4. açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır; 10.4.5. sorğuçuya kömək göstərməlidir; 10.4.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir; 10.4.7. əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır; 10.4.8. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsinə əsasən İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs PHŞ tərəfindən vətəndaş Rüfət Süleymanovun xx.xx.2025-ci il tarixli sorğusuna 07 (yeddi) iş günü ərzində cavab verilməmişdir. Nəticədə xx.xx.2025-ci il tarixdə vətəndaşın informasiya əldə etmək hüququ pozulmaqla inzibati xəta törədilmişdir. Buna görə də Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Məhkəmə, iş materiallarını, tərəflərin izahatını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs PHŞ-nın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs PHŞ-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs PHŞ-nin barəsində, qeyd edilən maddənin sanksiyasında aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-7775/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7775/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver