Məhkəmə qərarları › İş №3(004)-781/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-781/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-781/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs – X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Füzuli rayonunda qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 17 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-274/2024 saylı, 23 yanvar 2024-cü il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2017-ci il təvəllüdlü X13 ilə X5 iştirakı olmadan görüşü müəyyən edilmiş, bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, iddiaçı Şəxs valideynlik və ünsiyyət hüquqlarını həyata keçirməsi ilə əlaqədar cavabdeh X11 ilə birgə nikahından doğulmuş övladı xx.xx.2017-ci il təvəllüdlü X13 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar günü saat 11:00-dan 19:00-dək, həmçinin iki gün və iki gündən artıq qeyri iş günü olan bayram günlərində (Qurban, Ramazan, Novruz və Yeni il) bayramın ikinci günü saat 11:00-dan saat 19:00-dək, bundan başqa, iddiaçının və uşağın (X6) ad günlərində saat 13:00-dan saat 18:00-dək cavabdeh X5 iştirakı olmadan görüş vaxtı müəyyən edilmiş, lakin uşaq özü hər görüşdə atasından ayrılmayaraq anası ilə görüşmək istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs uşağın atasının təsiri altında olduğunu iddia edir. Zərərçəkmiş şəxs uşağın atasının təsiri altında olduğundan onunla yaşamaqdan imtina etdiyini bildirdiyindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq isə X4nun hal-hazırda məhkəmənin inzibati binasında olduğunu bildirmiş və atasından alınaraq anasına hansı səbəblə verilmədiyi soruşulanda cavab verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra vərəqəsinin icrasından bir gün belə yayınmamışdır. Hər zaman uşağı görüşdən sonra anasına təhvil vermiş, axırıncı görüşdə uşağın vəziyyətinin pis olduğunu görmüş, uşağı xəstəxanaya aparmış, daha sonra isə anasıgilə gətirmişdir. Lakin uşaq israrla anasının yanında qalmaq istəmədiyini, onunla getmək istədiyini bildirmişdir. Bu proses dəfələrlə təkrarlanmışdır. Hal-hazırda uşaq anası tərəfindən aparılmasına etiraz etməmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X11 öz izahatında bildirmişdir ki, Şəxs dedikləri təmamilə yalandır, axırıncı görüşdə uşağı aparıb ona vermiş, uşaq iki gün atasının yanında qalmış, həmin iki gün ərzində uşağa təsir göstərmiş, nəticədə övladı onun yanına gəlməkdən imtina etmişdir. Həmçinin qeyd etmişdir ki, böyük övladına da eyni prosesi tətbiq etmiş, ona da təsir göstərmiş, onu da ondan soyutmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-274/2024 saylı, 23 yanvar 2024cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Şəxs valideynlik və ünsiyyət hüquqlarını həyata keçirməsi ilə əlaqədar cavabdeh X11 ilə birgə nikahından doğulmuş övladı xx.xx.2017-ci il təvəllüdlü X13 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar günü saat 11:00-dan 19:00-dək, həmçinin iki gün və iki gündən artıq qeyri iş günü olan bayram günlərində (Qurban, Ramazan, Novruz və Yeni il) bayramın ikinci günü saat 11:00-dan saat 19:00-dək, bundan başqa, iddiaçının və uşağın (X6) ad günlərində saat 13:00-dan saat 18:00-dək cavabdeh X5 iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. “İcraata başlama haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-274/2024 saylı, 23 yanvar 2024-cü il icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 05 mart 2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş xx.xx.2024-cü il tarixdə X11 tərəfindən imzalanmaqla qəbul edilmişdir. 17 fevral 2025-ci il tarixli aktın surətindən görünür ki, Yasamal rayon İcra şöbəsinin icra məmurları X3, X8, Aslanbəyli Aslan, hal şahidi X12, iş üzrə borclu X11, tələbkar Şəxs bu aktı tərtib etmişlər ondan ötrü ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-274/2024 saylı, 23 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü övladı X13 ilə X5 iştirakı olmadan görüşü müəyyən edilməlidir. Tərəflərin icra şöbəsində olarkən Şəxs bildirmişdir ki, təxminən 1 ay bundan əvvəl övladı Yusif ilə icra sənədində göstərilən vaxt ünsiyyətdə olduqdan sonra uşağı anasının evinə yola saldıqdan sonra uşaq geriyə qayıdaraq anasının yanına getmək istəmədiyini bildirmiş, bu səbəbdən uşağı anasına geri qaytarmaq istəsə də, Yusif adlı uşaq geri qayıtmaq istəmədiyini bildirmişdir. X2 isə bildirmişdir ki, Roma ilə razılaşmışdır ki, uşaq bir neçə gün onda qalsın, lakin sonradan Şəxs uşağı gətirməmişdir. Hüseynova Günəş uşağın icra şöbəsində olarkən ona getməməsini onunla əsaslandırdı ki, ata uşağı öyrədib. X4 icra şöbəsində olarkən anasına getmək istəmədiyini israrla bildirərək ağlamış, icra prosesi videoçəkiliş vasitəsilə qeydə alınmış, akt tərtib edilmişdir. Əlavə olaraq hər iki tərəf bildirdi ki, bu problem olana qədər görüşlər baş tutmuşdur. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. Fəxri Fərmanın surətindən görünür ki, Şəxs 2-ci Qarabağ “Vətən Müharibəsi” zamanı Şəhid və yaralıların təxliyyəsində yaxından köməklik göstərdiyinə görə “Füzuli rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsi”nin direktoru N.Şükürov tərəfindən təltif edilmişdir. 0089246 nömrəli hərbi biletin xüsusi qeydlər olan hissəsindən görünür ki, Şəxs X10 Füzuli Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər yaralı hərbiçilərə könüllü olaraq xidmət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-274/2024 saylı, 23 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı Şəxs valideynlik və ünsiyyət hüquqlarını həyata keçirməsi ilə əlaqədar cavabdeh X11 ilə birgə nikahından doğulmuş övladı xx.xx.2017-ci il təvəllüdlü X13 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar günü saat 11:00-dan 19:00-dək, həmçinin iki gün və iki gündən artıq qeyri iş günü olan bayram günlərində (Qurban, Ramazan, Novruz və Yeni il) bayramın ikinci günü saat 11:00-dan saat 19:00-dək, bundan başqa, iddiaçının və uşağın (X6) ad günlərində saat 13:00-dan saat 18:00-dək cavabdeh X5 iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. Məhkəmə iclasında həm icra məmurunun, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də zərərçəkmiş şəxsin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsi ilə müəyyən edilmiş günlərdə oğlu X13 ilə görüşmüş, ancaq sonuncu görüşdən sonra övladı X13 anasına gerı qaytarılmamış, hazırda X4 anasına təhvil verilməsi üçün icra şöbəsinə gətirilmiş, lakin uşaq özü anası ilə qalmaqdan imtina etmişdir. Bununla yanaşı, iş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş aktdan da göründüyü kimi görüş günlərində Şəxs övladı X9 anasından təhvil almış, sonra isə anasına geri qaytarmaq istəmiş, lakin sonuncu görüşdən sonra uşağın anası ilə qalmaqdan imtina etməsi təsdiq olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs özü də uşağın atası tərəfindən icra şöbəsinə gətirildiyini, uşağın onunla görüşmək istəmədiyini, lakin uşağın psixoloji təzyiq altında olduğunu və atası tərəfindən öyrədildiyini bildirmişdir. Zərərçəkmiş şəxsin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin icra vərəqəsinə və icra məmurunun qanuni tələbinə əsasən Şəxs məhkəmə aktı ilə müəyyən edilmiş görüş günlərində oğlunu anasından təhvil aldığı və daha sonra uşağı anasına təhvil verdiyini, məhkəmə qərardadının icrasını təmin etmək üçün öz tərəfindən tələb olunan addımı atdığından uşağın özünün anası ilə görüşmək istəməməsi və zərərçəkmiş şəxsin uşağın atası tərəfindən psixoloji təsirə məruz qalmasını ehtimal etməsi Şəxs əməlində inzibati xəta tərkibin olması kimi qiymətləndirilməməklə şəxsin məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Həmçinin hazırki vəziyyətdə uşağın anasına qaytarılması məsələsini protokol tərtib etməzdən əvvəl icra məmuru özü müəyyən etdiyi üsullarla həll etməli, bunun üçün ilk növbədə icra məmuru tərəfindən mütəxəssisin (psixoloq) iştirakı ilə uşaq dindirilməli və akt tərtib edilməli idi, yenə də uşaq anası ilə qalmaqdan imtina edərdisə, digər zəruri tədbirlər görməli idi. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə aktını nəinki üzrsüz səbəbdən, ümumiyyətlə icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi Şəxs icra məmurunun çağırışına övladı X13 ilə Yasamal rayon Məhkəməsinin inzibati binasına gəlmiş, lakin icra məmuru tərəfindən lazımı və zəruri icra tədbirləri görülmədən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilməklə kifayətlənilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs məhkəmə aktı əsasında verilmiş icra sənədini vaxtında və üzrlü səbəblərdən icra etməməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar